Ağ Evin yeni rəhbərinin dünya düzəninə hansı təsirləri olacaq?

Birləşmiş Ştatlarda Ağ Evə rəhbərlik uğrunda keçirilən seçkilər başa çatsa da, lakin seçki ətrafında müzakirə və mübahisələr hələ də davam edir. Seçkinin ilkin nəticələrinə görə, Demokratların namizədi Baydenlə Respublikaçıların namizədi, sonuncu Ağ Ev rəhbəri Donald Tramp arasında 2 faizlik səs fərqi var. Düzdür, hələlik bütün ştatlar üzrə seçkinin nəticələri tam açıqlanmayıb. Ancaq buna baxmayaraq hər iki namizəd seçkilərdə qalib gəldiyi qənaətindədir. Elə bu səbəbdəndir ki, həm Bayden, həm də Trampın tərəfdarları noyabrın 5-dən etibarən aksiyalara başlayıblar. Onların hər ikisi öz namizədlərinin qalib gəldiyi qənaətindədir və seçkilərdə saxtakarlıq olduğunu iddia edirlər. Bu arada beynəlxalq təşkilatlar da öz növbəsində Amerikada keçirilən seçkilərdən o qədər razı qalmadıqlarını ifadə ediblər. Bir sıra beynəlxalq təşkilatlar hesab edirlər ki, demokratiyanın beşiyi sayılan Amerikda prezident seçkiləri o qədər də demokratik şəraitdə baş tutmayıb.

İndi amerikalıları Ağ Evə kimin rəhbərlik edəcəyi sualı düşündürdüyü halda, Vaşinqtonun dostları və düşmənlərini isə növbəti ABŞ prezidentinin kim olacağından daha çox, hər iki namizədin qalib gələcəyi halda Amerikanın xarici siyasətində hansı dəyişikliklərə, yeniliklərə imza atacağı düşündürür. Siyasi-ictimai tədqiqatçı Yadigar Nağıyevin sözlərinə görə, Amerika seçkiləri dünyanın gedişatı üçün kifayət qədər önəmli və həssasdır: "2020-ci il həm bu seçkinin baş verəcəyi il olması ilə yanaşı, həm də, ilk mərhələdə yanğınların, koronavirus pandemiyasının, müəyyən ölkələrdə qarşıdurmaların yaşandığı və ölkəmizdə II Qarabağ müharibəsinin baş verdiyi bir il olaraq ağıllarda qaldı. Bir çox tədqiqatçılar və fərziyyəçilər, bütün bu yaşananları elə ABŞ seçkiləri ilə əlaqələndirmək kimi çox asan yolu seçdi. Amma yaşanan hadisələrin hamısının səbəbi bu olsa da, fərqli səbəbləri də var idi. Xülasə, dünyamız və biz nəhayət ki, ABŞ seçkilərinə gəlib çatdıq. Bir tərəfdə bizi, Respublikaçıların namizədi Tramp, digər tərəfdə isə Demokratların namizədi Bayden qarşılayır. Tramp, daha çox minimalist bir mövqe ilə realist siyasəti müdafiə edərkən, Bayden isə maksimalist və liberal siyasəti müdafiyyə etməkdədir. Tramp, ölkə daxilində neo-liberal iqtisadi modeli müdafiyə edərək, şirkətlərin daha da güclənməsini və işsizliyi azaltmağı hədəfləyərkən, Bayden, daha çox xalqın rifahının yüksəlməsi ilə şirkətlərə qarşı bir mövqey almaqdadır. Tramp, beynəlxalq təşkilatların əhəmiyyətsiz olduğunu vurğulayaraq, dövlətlərin realist çıxarlar çərçivəsində razılaşıb ittifaq qura bilməsini müdafiyə edərkən, Bayden isə, dövlətlər əvəzinə təşkilatları müdafiə edərək, ABŞ`ı təşkilatlarla əlaqədə olan bir dövlət olaraq təsəvvür edir". Ekspert deyib ki, Tramp eyni zamanda bölgələrdəki istiqrarı və sabitliyi, regional dövlətlərlə qurmağı məqbul sayır. Həmçinin daha çox Avropada Birləşmiş Krallığı, Yaxın Şərqdə, İsraili, Asiyada Yaponiya və Cənubi Koreyanı müdafiə edir: "Qeyd edilən bölgələrdəki liderləri dolaylı yoldan tanıyaraq, yaranmış çox qütblü sistemi, tək qütblü sistemə qaytarmağa çalışır. Bu gedişatı tənqid edən Bayden, qeyd edilən regionlara birbaşa beynəlxalq təşkilatların müdaxilə etməsini və demokratik olmayan liderlərin getməsini istəyir".

Yadigar Nağıyev bildirib ki, seçkidə yenidən Tramp qalib gələrsə, o halda xarici siyasətdə müəyyən dəyişikliklər baş verə bilər: "Avropada Fransa kimi NATO-dan ayrılmağa cəhd edən dövlətlərdə ciddi dəyişikliklər olacaq. Həmçinin qoca qitədə Birləşmiş Krallıq ciddi güc qazanacaq. Beynəlxalq təşkilatlar, ABŞ dəstəyini itirdiyi üçün funksiyasızlaşacaq. Bəlli olan bir çox mübahisələr və mübahisəli torpaqlar, hərbi yolla həll ediləcək. Həmçinin Yaxın Şərqdə - bütün güc İsrail ətrafında formalaşacaq, Türkiyənin İsrail ilə barışmasından sonra bu proses ciddi bir sürət qazanacaq". Ekspert onu da əlavə edib ki, ABŞ öz əsgərlərini addım-addım bölgələrdən çıxaracaq: "Əgər bu seçkidə ABŞ prezidenti Bayden olarsa Avropa İttifaqı - şərqə doğru sürətli bir genişlənmə başlayacaq, Baltik dövlətlərində etirazlar güclənəcək. Beynəlxalq təşkilatlar ciddi dərəcədə effektiv çalışmağa başlayacaq, xüsusilə, demokratiya, insan haqqları adı altında bir çox dövlətdə etirazlar intensivləşəcək. Mübahisələr və mübahisəli torpaqların həlli dövlətlərdən alınaraq təşkilatlara ötürüləcək. Xüsusilə anti-Rusiya siyasəti sürətlənəcək".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31