400 ildən sonra qürub edən sivilizasiya

Rusiyanın SSRİ-dən sonra qüdrətli dövlət imicini və əsrlər boyu yaşatdığı "əzəmət" mifini Türkiyə onun hərbi təyyarəsini öz hava məkanının sərhədlərində vurmağı ilə dağıtdı, ona anlatdı ki, əvvəllər olduğu kimi bir daha xuliqanlıq (yəni, lotuluq) edə bilməyəcək. Yəqin ki, yaxın keçmişdə baş vermiş həmin hadisəni əksəriyyətiniz xatırlayır: 25 noyabr 2015-ci ildə Suriya ilə Türkiyə sərhəddində Türkiyənin F-16 qırıcısı Rusiyanın Su-24 bombardmançısını sərhəddi pozduğuna görə vurmuşdu. Yadımdadır ki, həmin ərəfədə yerli media orqanlarının hörmət və inam qazanmış bəziləri baş vermiş hadisə haqqında verdikləri beş xəbərdən dördü Rusiyanın mövqeyini, yalnız biri Türkiyənin mövqeyini ifadə edirdi. Hətta yerli televiziya efirlərindən Türkiyəni qınayanlar da tapılmışdı. Sonra üzrxahlıq proseduru zamanı elə həmin siyasətşünaslar üzlərindəki Rusiya ilə həmrəylik bildirən qaliblik ifadəsini gizlətmirdilər də. Rusiyanın əzəmətinin elə bircə bu aktla artıq sönməyə başlamasının hələ heç kim fərqində deyildi. Əzəmətin ilğımı hələ vardı. Fəqət, sonun başlanğıcı kimi.

Tarixin yaddaşında qalan hadisə həmişə ilk baş verən olur. Yaddaşda qalan o ilk də Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması idi. Sonra nələr oldu, kim kimdən üzrxahlıq etdi, əhəmiyyətsiz detallardır. Ona görə əhəmiyyətsiz təfərrüatdır ki, Rusiya vaxtilə qüdrətli SSRİ-nin həqiqətən də qüdrətli varisi olsaydı, xeyli zaman şikayətlənib ağlamazdı, çünki edə bildiyi tək şey bu olmuşdu. Və bir də türk mallarına boykot! Məncə, siyasətdə boykot siyasətçinin iflasını göstərir. Hər halda o vaxt Rusiyadakı proseslər, indi də Fransada əhalinin türk mallarına boykota çağrılması məndə o vaxt Putinin, indi də Makronun ölkə rəhbəri kimi iflası və kiçik yaşlı uşaqlar tək acizliyi təəssüratını oyatmışdı...

Qayıdaq Rusiyaya. Putin o qədər ah-vay eləmişdi ki, axırda Türkiyə onun könlünü almalı olmuşdu. Bu ona bənzəyirdi ki, ailənin bir uşağı o birini ağladır, ağlayan küsür, adekvat cavaba gücü çatmadığı üçün deyir ki, day səninlə oynamayacam, ağladan da: "Yaxşı da, ağlama, day eləmərəm". Ağlayan uşaq da yaranmış vəziyyətlə barışmalı olur. Hə, siyasi vəziyyət indi də belədir.

SSRİ məkanında müstəqillik prosesi başlayanda Rusiyanın da dəyişilmək şansı vardı, lakin tarixən qan üzərində qurulmuş imperiyaçılıq vərdişi onu dəyişilməyə qoymadı. Əlbəttə ki, hər bir dövlət üçün maraqlarını səylə müdafiə etməsi normaldır. Lakin bunun başqa milyon yolları olduğu halda, Rusiya ənənəvi üsullarından əl çəkmədi. Maraqlarına görə Rusiyadan fərqlənməyən ABŞ və qeyrilərindən fərqli olaraq.

Putin hakimiyyətə gələndən sonra Rusiyanı dağılmaqdan qurtardı və ölkəsinin simasında SSRİ-nin vaxtilə olmuş imicini, gücünü bərpa etməyə çalışdı. Buna nə qədər nail olduğu göz qarşısındadır: Mendeleyev cədvəlinin bütün elementlərinin mövcud olduğu Rusiya inkişafa, demokratikləşməyə, iqtisadi cəhətdən güclənməyə bütün imkanları varkən cazibədar ola bilmədi, cəlbedici görünmədi. Əksinə, Rusiyanın adı gələndə hamı qorxmağa başlayırdı. Rusiyanın bədbəxtliyi də bunda idi. Rusiya qiymətləndirə bilmədi ki, ətrafında yaratdığı qorxu və etibarsızlıq hissi sonda həm də qorxu içində olanların həmin qorxunu yaradana qarşı revanş götürməsində bir tramplinə çevrilir. Bu, tibbdə "Bağdadda kor xəlifəlik edən" bir virusun elə öz genlərinin vaksinasiyası ilə məhv edilməsinə bənzəyir.

Hər bir sivilizasiyanın parlayıb söndüyü dövr olur. I Pyotr dövründən çiçəklənmiş Rusiya adlı sivilizasiya 400 ildən sonra qürub etməkdədir. Vaxtilə intibah dövrünü yaşamış Avropanın qürub etdiyi kimi. Osmanlı dövləti 600 il Avropanı lərzədə saxladı. Atatürk Türkiyəsi I dünya savaşından və istiqlal mücadiləsindən sonra Osmanlı dönəmində sahibi olduğu bir çox şərtlərdən əl çəkməyə məcbur oldu, özünün mövcudluğu və yenidən qüvvətlənməsi naminə. Atatürk deyirdi ki, bunun üçün Türkiyəyə 100 il lazımdır. Türkiyə o 100 ilin kandarındadır. Bir əsr lazım gəldi ki, o yenidən dirçəlsin və gücünü dünyaya göstərə bilsin.

Rusiya da bu yolu keçmək zorundadır və keçəcək. Bu yolu Avropa ilə birgə addımlayacağına şübhə edirəm. Avropa heç zaman və tarixin heç bir vacib dönəmində səmimi olmayıb. Heç güclü də olmayıb. Putinin dili ilə desək, Avropaya bel bağlamaq olmaz.

Tarixən bir-birinə dost olmayan və həmişə döyüş meydanlarında görüşən Rusiya və Osmanlı, sonra da Türkiyə hələ indi-indi permanent münasibətlərə can atırlar. Rusiya yolunu necə, hansı müddətə keçəcək? Və sonra nələr olacaq? Bunu bir Allah bilir. Odur ki, elə rusların diliylə desək, "дай бог, чтобы это время затянулось тысячелетиями." ("Elə Allahın özü bu zamanı minillərlə uzatsın.")

Siyasətdə əbədi dostlar olmadığı kimi, əbədi maraqlar da yoxdur. Bunu rəsmən dilə gətirən Çörçil olmuşdu. "İngilis bayrağı" bənzətməsi bəlkə elə II Cahan savaşı başlayanda İngiltərənin düşmən saydığı SSRİ-nin yanında yer almasının səbəbindən doğmuşdu?! Hər halda, 1943-cü il Tehran konfransında Ruzveltin də, Çörçilin də Stalindən müharibənin nəticələrinə qalib kimi şərik olmağı "dilənmələri" uzaq tarix deyil. Sadəcə, tarixi şəraitin və tarixi zərurətlərin düzgün və vaxtında qiymətləndirilməsi yorulmuş atların döngələrdə güllələnməmək şansını gerçək edir.

  Arzu Qazıyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31