Qarabağın tamamilə işğaldan azad edilməsi Azərbaycanın daha da güclənməsinə gətirib çıxaracaq- MÜSAHİBƏ-ÖZƏL
5 Noyabr 2020 13:22 SiyasətZeynel Abidin Kıymaz: "Türkiyə də öz növbəsində işğaldan azad edilən ərazilərə sərmayə yatıraraq həmin bölgələrin yenidən qurulmasına, inkişafına dəstək olar"
Qardaş Türkiyə ilə bütün istiqamətlərdə əlaqələr, münasibətlər yüksələn xətlə davam edir, hər il bu və ya digər sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni-yeni imkanlar, pesrpektivlər meydana çıxır. Hər bir sahə kimi qardaş Türkiyə ilə kütləvi informasiya vasitələri, media sahəsində də əlaqələr günümüzdə demək olar ki, arzuedilən səviyyədədir. Azərbaycandan müntəzəm olaraq kütləvi informasiya vasitələri, mətbuat təmsilçilərinin təcrübə mübadiləsi üçün qardaş ölkəyə səfər etməsi qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etməsinə təkan verir.
Azərbaycanla Türkiyə arasında kütləvi informasiya vasitələri, media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində hər iki ölkədə fəaliyyət göstərən jurnalist təşkilatları, media qurum və quruluşlarının xüsusi əməyi var. Ötən illər ərzində həyata keçirilən qarşılıqlı səfərlər fonunda bunu aydın şəkildə görmək mümkündür. Azərbaycanla media, kütləvi-informasiya vasitələri sahəsində əməkdaşlığın, əlaqələrin inkişaf etdirilməsində Türkiyədə fəaliyyət göstərən GAP (Güneydoğu Anadolu Projesi) Qəzetçilər Birliyinin də əməyi xüsusi qeyd edilməlidir. Ötən illər ərzində GAP Qəzetçilər Birliyinin rəhbər heyəti, eləcə də həmin heyətin tərkibində olan kütləvi-informasiya vasitələri, media qurum və quruluşlarının Azərbaycana səfərləri qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə öz müsbət töhfəsini verib. Elə GAP Qəzetçilər Birliyinin sədri Zeynel Abidin Kıymaz da bu qənaətdədir. "OLAYLAR"- a verdiyi müsahibədə Zeynel Abidin Kıymaz rəhbərlik etdiyi qurumun yaranma tarixi, qarşısına qoyduğu məqsəd və hədəflər, eləcə də GAP Qəzetçilər Birliyinin Azərbaycanla mümkün əlaqələri barədə danışıb.
-Zeynel bəy, GAP Qəzetçilər Birliyi nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-GAP Qəzetçilər Birliyi 2003-cü ildə mərkəzi ofisi Adyamanda olmaqla təsis edilib. GAP Güneydoğu Anadolu Projesinin qısaldılmış formasıdır. GAP-ın tərkibinə 9 vilayət daxildir. Bunlar Diyarbəkir, Adyaman, Siirt, Mardin, Şanlıurfa, Qazientep, Kilis, Şirnak və s. Həmin 9 vilayətdə fəaliyyət göstərən qəzetçilər, həmkarlarımız GAP-da təmsil olunur. GAP həmin həmkarlarımızın birlik və bərabərliyi üçün yaradılmış bir platformadır.
-GAP yalnız Türkiyənin sərhədləri daxilində fəaliyyət göstərir, yoxsa Türkiyə xaricində də müvafiq təşkilatlarla əməkdaşlıq edib, işbirliyi qurur?
-GAP olaraq tədricən inkişaf edib fəaliyyətlərimiz genişləndikcə yalnız fəaliyyət göstərdiyimiz bölgə deyil, ümumilikdə Türkiyənin digər vilayətlərindən də təşkilatımıza üzv qəbul etdik. Fəaliyyətlərimiz davamlı olaraq yüksələn xətt üzrə gedir.
-Bəs Azerbaycanla hansısa formada əlaqələr varmı?
-Azərbaycana gənclik illərindən böyük marağım olub. Sovetlərin zamanında Azərbaycanın imperiyanın əsarəti altında olduğunu, azərbaycanlı qardaşlarımızın bu səbəbdən sıxıntılar yaşadığını bilirdim. Azərbaycanın dəyərli sənətçisi Zeynəb Xanlarova hər dəfə Türkiyəyə konsert proqramına gələndə bizlər onu böyük həyəcanla, coşqu ilə izləyərdik. Gənclik illərindən ən böyük arzum və xəyalım Azərbaycanı müstəqil görmək olub. Arzu edirdim ki, Azərbaycan müstəqilliyini qazansın və Bakıya səfər edərək Xəzər dənizinin sahilində namaz qılım. Beləliklə, 90-cı illərdə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra mənim xəyallarımdan biri gerçəklışdi və 2004-cü ildə Bakıya səfər edərək Xəzər dənizi sahilində 2 rükət namaz qılaraq Allaha şükür etdim ki, azərbaycanlı qardaşlarımız müstəqilliklərinə qovuşdular.
Ondan sonrakı illərdə də bir neçə dəfə GAP Qəzetçilər Birliyi olaraq Azərbaycana səfər etdik. Azərbaycanın millət vəkili Qənirə Paşayevanın dəvəti ilə 2 dəfə Azərbaycana gəldik və orada bir sıra rəsmi şəxslərlə görüşlər keçirdik. Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyində olduq, Qubadakı kütləvi məzarlığı ziyarət etdik. Həmçinin Azərbaycanın müvafiq qurumlarında görüşlərimiz oldu, Yazıçılar Birliyində görüşlərimiz keçirildi. Onu da qeyd edim ki, Azərbaycanda səfərdə olarkən Lider televiziyasına da müsahibə verib öz fikirlərimi, görüşlərimi azərbaycanlı qardaşlarıma çatdırdım.Səfər zamanı Azərbaycanın paytaxtı Bakı şəhərini gəzib tarixi məkanlara baş çəkdik. Bakı bizim üçün türk millətinin tarixində dəyərli bir şəhərdir. Ona görə də Bakını çox sevirik.
-Ümumən GAP-ın Türkiyə xaricində təmsilçilikləri mövcuddurmu ?
-Məlumat üçün qeyd edim ki, Azərbaycandan tanınmış qəzetçilər, media nümayəndələri, aydınlar var ki, bizdə köşə yaxılsrı dərc edilir. Onların davamlı olaraq məqalələrin dərc edilməsinə imkan yaradırıq. Eyni zamanda GAP Qəzetəçilər Birliyi olaraq Suriya ilə də əlaqələrimiz var. Suriyada savaş başlamadan əvvəl də 2 dəfə bu ölkəyə səfər etdik. 20 nəfərlik nümayəndə heyəti ilə o zaman Suriyaya səfər edərək oradakı həmkarlarımızla əlaqələrimizi inkişaf etdirdik. Suriyada savaş başlayandan sonra Türkiyəyə köç edən suriyalı gənclər arasında mətbuata, jurnalist fəaliyyətinə marağı olanları seçərək onların maarifləndirilməsi, jurnalist kimi fəaliyyət göstərmələrinə yardımçı olduq. Xüsusilə, Suriyadan gəlmiş bir neçə türkmən gəncin jurnalist kimi fəaliyyət göstərməsinə yardım etdik. Hazırda həmin gənclər Suriyada jurnalist kimi fəaliyyət göstərirlər.
Azerbaycanda təmsilçilik yaratmağı düşünürsünüzmü?
-Əvvəla onu qeyd edim ki, Azərbaycanla əlaqələrimiz çox yaxşıdır və hər ötən il bir qədər də inkişaf edir. GAP Qəzetəçiıər Birliyi olaraq Azərbaycanda, eləcə də Azərbaycanın müxtəlif iri şəhərlərində təmsilçilik açmaq, orada nümayəndələrimiz, müxbirlərimizin olması bizim başlıca hədəfimizdir. Düzdür, rəsmi şəkildə kiməsə təmsilçilik hüququ vermədik, ancaq yuxarıda da qeyd etdiyim kimi bizimlə əməkdaşlıq edən, yazıları dərc edilən azərbaycanlı qardaşlarımız, həmkarlarımız var. Keçmiş TMT televiziyasının rəhəri olan Nazilə Abbaslı bir müddət cəmiyyətimizin İdarə Heyətində yer aldı, bizlərə Azərbaycanla əlaqələri inkiişaf etdirmək baxımından çox böyük dəstək oldu. Ümumən, türk dünyası arasında münasibətlər, əlaqələr inkişaf etdirilməlidir. Buna ciddi ehtiyac var. Bu gün dünyada 300 milyona yaxın türk yaşayır. Hətta pakistanlılar da özlərini türk hesab edirlər. Hətta Macarıstanı da biu coğrafiyaya daxil etmək lazımdır. Beləliklə, bu da nəticə etibarilə 400-500 milyonluq bir türk toplumu deməkdir. Bu mənada mənim bu yola başlarkən qarşıma qoyduğum əsas hədəflərdən biri də dünyadakı bütün türklərin oxuya biləcəyi, başa düşəcəyi xəbər saytı və ya qəzet nəşr etdirməkdir. 30-40 ildir ki, mən bunun xəyalı ilə yaşayıram və bu ideyanı gerçəkləşdirmək istəyirəm.
-Ümumən iki qardaş ölkə arasında mətbuat, media arasındaki əlaqələri necə dəyərləndirirsiniz?
-Hazırda mövcud olan COVİD-19 pandemiyası səbəbindən ölkələr arasındakı əlaqələri, münasibətləri istənilən səviyyədə inkişaf etdirmək mümkün olmur. Təbii ki, bizim arzumuz, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanla əlaqələri daha da inkişaf etdirək. Azərbaycandakı həmkarlarımızla birlik, bərabərlik şəklində fəaliyyət göstərək. Ümumiyyətlə, sadəcə mətbuat deyil, bütün sahələrdə Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirmək lazımdır. Məsələn, turizm sahəsində bu fəallığa ciddi ehtiyac var. Türkiyədəki tur operatorlar, turizm şirkətləri vətəndaşlara təqdim etdikləri səfər siyahısına Avropanın turizm mərkəzləri, şəhərləri ilə yanaşı Azərbaycanı, Bakını, eləcə də Azərbaycanın digər turistik bölgələrini də daxil edə bilərlər. Bu yolla iki ölkə arasında turizm sahəsində əlaqələr daha da inkişaf etmiş olar. Bununla həm də Azərbaycanın iqtisadi inkişafına faydamız olar.
-Bu arada Azərbaycan işğal altında olan ərazilərini düşməndən təmizləmə əməliyyatına başlayıb və artıq bir aydan çoxdur bu proses uğurla gedir. Kənardan baxanda cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?
-Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında dəmir yolu əlaqəsi mövcuddur. Çindən başlayıb 16 gün ərzində İstanbulda sona çatan bu dəmir yolu bağlantısı, eləcə də nəqliyyat imkanları Asiya ilə Avropa arasında bir növ körpü rolu oynayan Türkiyənin strateji imkanlarını da xeyli gücləndirir, qüvvətləndirir. Bu yol üzərində yerləşən dövlətlər, millətlər də mütləq şəkildə bir-biri ilə əlaqələri inkişaf etdirir, münasibətləri yüksək səviyyəyə çatdırırlar. İnşallah Qarabağın tamamilə işğaldan azad edilməsi Azərbaycanın daha da güclənməsi, möhkəmlənməsinə gətirib çıxaracaq. Türkiyə də öz növbəsində işğaldan azad edilən ərazilərə sərmayə yatıraraq həmin bölgələrin yenidən qurulması, inkişafına dəstək olar.
-Bütün dünyanı bürüyən koronavirus pandemiyası GAP olaraq sizlərin fəaliyyətinə, ölkə xaricindəki müvafiq təşkilatlarla əlaqələrinizə hansı mənfi təsir göstərdi?
-Ümumən 2020-ci il dəyişik bir moda, ortama girdi. Ölkələr arasında münasibətlər hərbi qarşıdurmalar, biloji savaş səviyyəsinə keçdi. Eyni zamanda Çindəki bir laboratoriyada hazırlanıb bütün bəşəriyyətə yayılan COVİD-19 adlı virusla hazırda bütün dünya mübarizə aparır. Pandemiya ölkələr arasında da əlaqələrin zəifləməsinə, gediş-gəliş səfərlərinin dondurulmasına gətirib çıxardı. Heç şübhəsiz ki, bu da ölkələr arasında iqtisadi əlaqələrin zəifləməsinə səbəb oldu. Hazırda Avropa da daxil olmaqla bütün ölkələr COVİD-19 xəstəliyi ilə mübarizə aparır. Əgər xəstəliyin vaksini, dərmanı tapılarsa, inşallah dünya da bu sıxıntılı vəziyyətdən xilas olar. Bu sıxıntılı müddət, COVİD-19 davam etdiyi müddətdə dünyada problemlər daha da çox olacaq.
Süleyman İsmayılbəyli
Olaylar.az