Humanitar atəşkəs heç bir halda sülhün əldə olunması demək deyil- ŞƏRH
Prezident: “Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır”
13 Oktyabr 2020 11:49 SiyasətPrezident: "Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır"
Humanitar atəşkəsin elan edilməsinə, əldə edilən ikitərəfli razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini dəfələrlə pozaraq mülki əraziləri, habelə təmas xəttindən kənarda yerləşən şəhərlərdəki yaşayış obyektlərini raket atəşinə tutmaqda davam edir. Nəticədə 10 oktyabr atəşkəsindən öncəki iki həftəlik üstünlüyümüzün ön planda olduğu ərazilərdə belə müxtəlif Azərbaycan icmaları və şəhər əraziləri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalır, dinc əhaliyə ağır ziyan dəyir. Konkret olaraq 11 oktyabr, gecə saatlarında Gəncə şəhəri bir daha erməni raketlərinin hücuma məruz qaldı. Bu isə o deməkdir ki, atəşkəs real həyatda baş tutmadı. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edirlər. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, Ermənistanın ikiüzlü sifətini dünya təkrar-təkrar görsə də laqeyidlik nümayiş etdirir. Azərbaycanın şəhərlərində günahsız insanların amansızcasına öldürülməsi qarşısında Beynəlxalq Birliklər susmamalıdır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin apardığı bu ardıcıl əməliyyatlar heç bir işğalçı siyasət daşımır və açıq şəkildə erməni terror təhlükəsini cilovlamaq, həmçinin Avropada və Qafqazda sülh və sabitliyi təmin etmək üçün gurulmuş uğurlu strategiyalara öz tarixi imzasını atır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin öz çıxışlarında savadlı ritorikası ilə seçilərək, Azərbaycanın cəsur və inamlı əsgərlərini öz doğma torpaqlarımızı düşmən əsarətindən azad etmək üçün atıllan addımlarda iştiraklarını yüksək dəyərləndirmiş və onları dövlətin xilaskarları adlandırmışdır. Bu zaman belə bir sual yaranır ki, əgər Azərbaycanla yanaşı beynəlxalq aləm də Ermənistanın ikiüzlü siyasətinin fərqindədirsə, nədən atəşkəsə razılıq verildi?
Əvvala qeyd edək ki, humanitar atəşkəs heç bir halda sülhün əldə olunması demək deyil. Daha dəqiq, müvəqqəti xarakter daşıyan humanitar atəşkəs heç bir halda sülh sazişi ola bilməz. Bu humanitar xarakterli atəşkəsdir və ölmüş hərçilərin, əsir və girovların dəyişdirilməsi məqsədi daşıyır. Məsələ orasındadır ki, Azərbaycan döyüş meydanında üstünlük təşkil etdiyindən danışıqlar prosesində də diktə edən tərəf kimi çıxış edir. Məhz bu baxımdan Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində qeyd edib ki, bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir: "Moskvada əldə edilmiş razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki, ilk növbədə, orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər. Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir. Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək".
Beləliklə, danışıqların formatı dəyişilməz qalır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Buna görə də Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Artıq Ermənistan tərəfi bunu öz yaddaşında silinməz şəkildə həkk etməlidir ki, onların silahli qüvvələrinin törətdikləri təxribatlar torpqaqlarımızın işğaldan azad edilməsi üçün qətiyyən maneə ola bilməz.
Alim
Olaylar.az