Adil Əliyev: “Ermənistan təcavüzkar siyasəti davam etdikcə məğlubiyyəti qaçılmaz olacaq”

Ermənistan tərəfinin 2016-cı ilin aprel döyüşlərində öz cəzasını almasına baxmayaraq, sentyabrın sonlarında yenidən təxribata əl atması Azərbaycan Ordusunun işğalçı ölkəyə gücünü göstərməsinin yenidən vaxtı gəldiyini bildirdi.

Ermənistan tərəfinin 2016-cı ilin aprel döyüşlərində öz cəzasını almasına baxmayaraq, sentyabrın sonlarında yenidən təxribata əl atması Azərbaycan Ordusunun işğalçı ölkəyə gücünü göstərməsinin yenidən vaxtı gəldiyini bildirdi. Baxmayaraq ki, ordumuz aprel döyüşlərindən sonra Günnüt əməliyyatında da erməniləri ağır itkilər verməklə geri çəkilməyə məcbur etmişdi. Millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev bildirib ki, sentyabrın 27-dən etibarən  əl atdıqları təxribata Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu  tərəfindən  verilən cavab isə  təcavüzkara daha böyük itkilər hesabına başa gəldi. Bu  dəfəki döyüşlər miqyasına, işğaldan azad edilən əraziyə, məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnikaya görə daha  sarsıdıcı oldu. Ermənistan ordusunun və cəmiyyətinin özünə inamı əsaslı dərəcədə kiçildi. Ordumuz bir  neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu gücünü darmadağın etdi. Silahlı qüvvələrimiz  tərəfindən 190-dan artıq düşmən tankı, artilleriya qurğusu və raket sistemləri, xeyli  sayda canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnika və silah-sursat ələ keçirildi: "Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə işğal  altında  qalan torpaqlarımızın bir  qismini azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlılarının sarsılmaz birliyi dövlətimizin əzmini daha da artırdı. Son  döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. Hazırda həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi.  Suqovuşanın azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atılmış oldu. Artıq düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanı, nə  də resursu var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirdiyi kimi, "status-kvo yoxdur, onu mən dəyişdirmişəm, təmas xətti də yoxdur, təmas xətti yarılıb". Biz Ermənistan tərəfinə vaxt verdik ki, humanitar atəşkəs elan olunsun. Bunun əhəmiyyəti nədən ibarət idi: birincisi, humanitar atəşkəs beynəlxalq hüququn tələbidir, humanitar atəşkəs o səbəbdən elan olunur ki, müharibədə iştirak etmiş tərəflər yaralılarını çıxarsın. Həlak olanları döyüş meydanından götürsün, ailələrinə təhvil versin, dəfnləri təşkil edilsin.  İkincisi, fasiləsiz davam edən qızğın döyüşlər zamanı düşmənə qarşı amansız mübarizə aparan əsgər  və zabitlər humanitar atəşkəs dövründə bir  neçə gün istirahət edə bilsin, onların yenidən  döyüşə hazırlığı  təmin edilsin.

Üçünçüsü, humanitar atəşkəs dövründə qarşıdakı plan üzrə yeni hərəkət əraziləri, mühüm strateji nöqtələr seçilsin və zəruri taktiki əməliyyatlar müəyyən edilsin. Dördüncüsü və ən əsası isə bu humanitar  atəşkəsə  əməl etməklə  torpaqlarımızın işğalda olmasına baxmayaraq, Azərbaycan Respublikası öz Konstitusiyasının 9-cu maddəsinin II bəndinin tələblərinə uyğun olaraq münaqişələrin həlli üsulu kimi müharibənin əsas olmadığını,  sülhə  tərəfdar olduğunu  bir daha aşkar şəkildə dünyanın diqqətinə çatdırsın. Azərbaycan bu münaqişənin  müharibə ilə deyil, sülh yolu ilə ədalətli həllini tələb edir. Əgər bu sülhün içərisində ədalət yoxdursa, biz onu istəmirik. Azərbaycan hakimiyyəti  hər  zaman bildirib ki, vasitəçi olmaq istəyən tərəflər Ermənistandan qrafik almalıdır, həmin qrafikdə Ermənistan Azərbaycan ərazilərini hansı müddətdə, necə boşaldacağını bildirməlidir. Qrafik qısa  müddətdə vasitəçilər tərəfindən təsdiqlənməlidir". 

Onun sözlərinə görə,  bu  münaqişənin həlli üzrə mandat  almış ATƏT-in Minsk  qrupunun  həmsədrləri heç vaxt üzərlərinə götürdükləri vəzifələri layiqincə icra etmədilər: "Necə ki, son 28 ildir ki, BMT Ermənistanın üzərinə 4 qətnaməni icra etməklə bağlı vəzifə qoyub və Ermənistan tərəfi buna məhəl qoymur. Heç Ermənistan humanitar atəşkəsin prinsiplərinə də riayət etmədi, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdi. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərləri yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qaldı. Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak oldu, 40-a  yaxın insan  ağır  xəsarət aldı.  Baxmayaraq ki, Gəncə şəhərinin təmas xətti ilə heç bir əlaqəsi yoxdur. Aydın  görünür ki, Ermənistanın cəbhədən kənarda yerləşən əraziləri atəşə tutmaqda əsas məqsədi, üçüncü ölkələri öz xeyrinə münaqişəyə cəlb etməkdir. Lakin, artıq bütün dünya şahid oldu ki, Azərbaycan müharibədə çox böyük üstünlüyə malik olmasına baxmayaraq, münaqişənin öz ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə nail olmaq istəyir və bununla  bağlı  üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan müharibəyə tam hazır olsa belə sülh danışıqlarından imtina etmədi. Ermənistan isə sülh danışıqlarının şərtlərini bir neçə saatda  pozdu. Bu isə Ermənistan hakimiyyətinin əsil mahiyyətini göstərir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31