Hərb və informasiya savaşında Azərbaycana uduzan Ermənistan
Hər iki cəbhədə əldə edilən uğurlar Ali Bş Komandan İlham Əliyevin gərgin fəaliyyəti ilə bağlıdır
12 Oktyabr 2020 14:50 SiyasətHər iki cəbhədə əldə edilən uğurlar Ali Baş Komandan İlham Əliyevin gərgin fəaliyyəti ilə bağlıdır
Bu birmənalıdır ki, istənilən müharibədə qələbəni şərtləndirən başlıca amillərdən biri də informasiya mübarizəsi, bu işin necə təşkilidir. Tarixin müxtəlif dövrlərində baş verən bu və ya digər müharibə, qarşıdurmaların tərəflərdən birinin qələbəsi ilə baş çatmasında məhz informasiya mübarizəsinin, savaşının xüsusi önəm kəsb etdiyini görə bilərik. Ən adi, primitiv misal kimi onu qeyd edə bilərik ki, məhz həyata keçirilən uğurlu informasiya mübarizəsi ilə müharibədə özünə müttəfiq tapa, dövlət və ölkələri öz sıranda görə bilərsən.
Hazırda davam edən Ermənistan-Azərbaycan münaqişəsi fonunda biz aydın şəkildə bu mübarizəni görə bilirik. Ortada olan aydın mənzərə isə ondan ibarətdir ki, düşmən hərb cəbhəsində olduğu kimi, informasiya cəbhəsində də Azərbaycan qarşısında uduzur, aciz duruma düşür. Necə ki, Ermənistan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qarşısında geri çəkilir, məğlub olur, uzun illər işğal altında saxladığı ərazilərimizi bir-bir tərk etmək məcburiyyətində qalır, eləcə də Cənab İlham Əliyevin paralel olaraq həyata keçirdiyi informasiya savaşında da ölkəmiz qarşısında məğlub duruma düşür. Bunu şərtləndirən başlıca amillər isə kifayət qədərdir. Ən vacibi odur ki, hələ neçə illər əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev artıq informasiya savaşında müdafiə deyil, hücum taktikasına keçməyin zəruriliyini vurğulamış və bu mübarizənin konkret konturlarını müəyyənləşdirmişdi. Məhz ötən illər ərzində informasiya mübarizəsi sahəsində ayrı-ayrı dövlət qurumları, müvafiq dairələrin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün dünyanın aparıcı KİV-ləri, xarici televiziya kanalları Ermənistan-Azərbaycan müharibəsində daha çox ikinci tərəfin, yəni Azərbaycanın rəyini, mövqeyini öyrənməyə üstünlük verir. Bu bir tərəfdən Azərbaycanın dünyaya, xarici kütləvi-informasiya vasitələrinə açıq olmasının göstəricisidirsə, digər tərəfdən rəsmi Bakının bu davada haqlı olmasından irəli gəlir. Qarabağ cəbhəsində genişmiqyaslı hərbi əməliyyatların başladığı 10 gündən artıq müddət ərzində dünyanın aparıcı televiziya kanallarının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə müsahibə üçün müraciət etməsi fonunda bunu aydın görürürk. Məlumat üçün qeyd edək ki, hərbi əməliyyatların başladığı 27 sentyabr tarixindən bu günə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN International", "CNN-Türk", "Sky News", "Euronews", "Əl-Cəzirə", "Əl-Ərəbiyə" kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu "TRT Haber", "Haber Global", Rusiyanın aparıcı "Rossiya-1", "Pervıy Kanal", RBK televiziya kanallarına müsahibələr verib. Dövlət başçısı həmin müsahibələrdə birmənalı olaraq Azərbaycanın mövqeyini, apardığı mübarizədə haqlı olduğunu ortaya qoyub, həmin televiziya kanalları vasitəsilə rəsmi Bakının mövqeyini bir daha beynəlxalq aləm, dünya birliyinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti ilə təşkil edilən müsahibələr və orada dövlət başçısının səsləndirdiyi bir çox məqamlar ölkəmizə qarşı düşmən tətəfdən irəli sürülən yalan məlumatların, informasiyaların təkzib edilməsi baxımından da əlverişli olub. Prezident İlham Əliyev erməni təxribat maşını tərəfindən irəli sürülən F-16 iddiaları, Suriyadan muzdlu döyüşçülərin guya Azərbaycan tərəfində vuruşması kimi absurd informasiyaları məhz həmin müsahibələrlə təkzib edərək əsl reallığın nədən ibarət olduğunu ortaya qoyub. Bununla da dövlət başçısı Azərbaycana qarşı "feyk-nyuslar"ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.
Göründüyü kimi, işğalçı Ermənistan həm hərb, həm də informasiya savaşında Azərbaycana uduzur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur.
Süleyman
Olaylar.az