Paşinyan “Qarabağ Ermənistandır, nöqtə”  deməklə bütün fəaliyyətinə nöqtə qoydu-Yunus Oğuz

​​​​​​​ "Çoxları təsəvvür etmirdi ki, Paşinyanın səsləndirdiyi həmin bir cümlə ilə müharibəyə də başlamaq olarmış"

Artıq 10 gündən çoxdur ki, Azərbaycan Ordusu növbəti erməni təxribatına qarşı işğal altında olan ərazilərimizdə uğurlu hərbi əməliyyatlar  həyata keçirir. Ötən müddət ərzində Qarabağ cəbhəsində gedən gərgin döyüşlər nəticəsində Azərbaycan Ordusu bir neçə uğurlu əməliyyat keçirərək uzun illər erməni işğalı altında olan ərazilərimizin bir qismini düşməndən azad edib. Ancaq maraqlı məqam ondan ibarətdir ki, dünyada mövcud olan ikili standartlar, ermənipərəst mövqe bu ərəfədə də özünü büruzə verir. Belə ki, bəzi beynəlxalq təşkilat və qurumlar, eləcə də müəyyən ölkələr Azərbaycandan öz haqlı mübarizəsini dayandırmağı, atəşkəsə əməl etməyi istəyirlər. Bəs görəsən Azərbaycana qarşı formalaşan bu ədalətsiz mövqe, haqq işimiz uğrunda gedən mübarizəyə mane olmaq istəyi nədən irəli gəlir? Azərbaycan həmin beynəlxalq təzyiqlər, basqılar qarşısında geri çəkiləcəkmi? Bu və y digər suallarla Milli Vəhdət Partiyasının sədri Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, artıq 10 gündən çoxdur ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda əzmli mübarizə aparır və bu müddət ərzində müşahidə etdiyimiz mənfi tendensiya ondan ibarətdir ki, Azərbaycanı haqq işi uğrunda mübarizədən yayındırmağa çalışırlar. Ölkəmizə qarşı olan bu ədalətsiz mövqe nədən irəli gəlir?

-Əslində bu dünyada mövcud olan ikili standartın təcəssümüdür. Təəssüflər olsun ki, 30 ildir beynəlxalq aləm bu ikili standartdan azad ola bilmir. Baxmayaraq ki, əksər dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, müxtəlif beynəlxalq təşkilatlar, Avropanın ayrı-ayrı təsisatları Azərbaycan ərazilərinin işğal olunduğunu qəbul edirlər, ancaq yenə də ikili standartlar sərgiləyirlər. İkili standartların əsas oyunçuları isə müəyyən Avropa ölkələri, Birləşmiş Ştatlardır. Onu da deyim ki, Rusiya prezident Vladimir Putin  son açıqlaması ilə ikili standartdan qaçdı.  Eyni zamanda fakt ondadır ki, daha müharibəni dayandırmaq barədə bəyanatlar da vermirlər. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə verdikləri bəyanatla özlərinin əsiri olublar. Bu da bizim xeyrimizə işləyir Azərbaycan elan edib ki, öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Birbaşa ayrı-ayrı dövlətlər tərəfindən təzyiq olmasa da, dünyanın ayrı-ayrı ölkələrindəki erməni lobbisi və ictimaiyyətinin əli ilə həmin ölkələrə təzyiq etmək istəyirlər ki, Azərbaycana hərbi əməliyyatları dayandırmaq üçün təsir göstərilsin. Nə olmasından asılı olmayaraq müharibə davam edir və müharibədə uğurlarımız da var. Düşünürəm ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ciddi düşünəcək.

-Bu arada Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçirilir. Eyni zamanda Rusiyada anoloji görüş nəzərdə tutulur. Bu görüşlərdən gözləntilər nədir?

-Məlum olduğu kimi bu gün Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə görüş keçirilir. Oktyabrın 12-də isə Rusiyada belə bir görüşün keçirilməsi nəzərdə tutulur. Keçən müsahibədə qeyd etdiyim kimi bununla da dünyanın yeni geosiyasi konturları müəyyənləşir. Məsələn ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev münaqişənin həllində Rusiya və Türkiyənin önəmini, iştirakını vurğuladı. Fransa və Amerikanın isə adını çəkmədi. Faktiki olaraq bu o deməkdir ki, bu ərazilərdə birbaşa yeni geosiyasi oyunçular peyda olur. Çünki Fransanın regiona əli çatmır. Parisin hay-həşir salması mənasızdır. Çünki bu ölkənin özünün kifayət qədər problemi var. Birləşmiş Ştatların başı seçkilərə qarışıb. Amerika dünyaya hegemonluq etmək istəyir.

-Bəs, Türkiyənin regionda aparıcı mövqeyə malik olması Qərbdə, Avropada ciddi təpki yaratmayacaq?

-Təbii ki, Qərb bunu istəmir. Həmçinin Rusiya da Türkiyənin regionda aparıcı mövqeyə malik olmasını arzulamır. Ancaq onu da nəzərə almaq lazımdır ki, NATO-nun ən güclü ordularından biri olan Türkiyəni Rusiya özünə yaxın çəkmək istəyir. Eyni zamanda Türkiyənin regionda lider rolunu oynamasını istəmir. Ancaq bu gün fakt ondan ibarətdir ki, Türkiyə regionda lider rolunu oynayır. Odur ki, istəsələr də, istəməsələr də Azərbaycan artıq buna qərar verib və bu da olacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun lazım gələrsə bir millət, bir dövlət olacağımız mesajı açıq-aşkar konturların müəyyən edildiyinin göstəricisidir. Cənab İlham Əliyevin də dediyi kimi iki böyük qonşumuz var ki, onlardan biri Rusiya, digəri Türkiyədir. Bu o deməkdir ki, artıq regionda Rusiya ilə Türkiyə birgə çalışacaq.

-Bu arada davam edən uğursuzluqlar fonunda Nikol Paşinyanın devriləcəyi barədə deyilənlər nə dərəcədə real görünür?

-Ola bilsin ki, danışıqlar ərəfəsində Ermənistanın daxilində Paşinyana qarşı ciddi müqavimət formalaşsın. Hətta bu istefaya qədər gedib çıxa bilər. Əslində ona hazırlıq da gedir. Məlum olduğu kimi Nikol Paşinyan siyasətə küçədən gəlib və bir cümlə ilə "Qarabağ Ermənistandır, nöqtə"  deməklə bütün fəsliyyətinə nöqtə qoydu. Yəni, Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deməklə əslində öz fəaliyyətinə nöqtə qoydu. Çünki hər şey bundan başladı. Azərbaycan tərəfi də haqlı olaraq bildirdi ki, Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deyirsə, o halda biz hansı danışıqlara gedəcəyik. Hesab edirəm ki, Cenevrə və Rusiyada baş tutan danışıqlarda da məhz nöqtə məsələsi əsas müzakirə predmeti olmalıdır. Əgər yenə Ermənistanın mövqeyi Paşinyanın dediyi kimi nöqtədən ibarətdirsə, o halda nə üçün danışıqlar aparılır? Çoxları təsəvvür etmirdi ki, Paşinyanın səsləndirdiyi həmin bir cümlə ilə müharibəyə də başlamaq olarmış. Müharibə də başladı. Nikol Paşinyan həmin cümləsi ilə əslində Ermənistan barədə yaranan mifə də nöqtə qoydu. Eyni zamanda Qarabağ barədə yaratdığı mifə də nöqtə qoydu. Çünki Paşinyan indiyə qədər ümid edirdi ki, Rusiya onun arxasındadır. Rusiya da öz növbəsində haqlı olaraq bəyan etdi ki, Ermənistana aid olmayan ərazilərdə aparılan hərbi əməliyyatlara qoşulmayacaq. Bu gün beynəlxalq aləm müəyyən mıənada proseslərə susqunluq göstərirsə, elə buna da səbəb Paşinyanın səsləndirdiyi həmin cümlədir. Ən əsası Türkiyənin birbaşa Azərbaycana dəstək verməsinə "Qarabağ Ermənistandır, nöqtə" deməklə imkan yaratdı. Bütün bunlarla yanaşı Qarabağda güclü Ermənistan ordusu mövcudluğu barədə mif aradan qalxdı. Düzdür, 30 ilə yaxın müddətdə Ermənistan işğal altında olan ərazilərimizdə güclü istehkam yaratmışdı. Lakin güclü Azərbaycan Ordusu nə qədər çətin olsa da, işğal altında olan ərazilərimizdə, xüsusilə də keçilməz dağ massivlərində yaradılan həmin istehkamları məhv edə bildi. Bu gün qüdrətli Azərbaycan Ordusu istər dağ, istərsə də düzən şəraitində uğurla döyüşə bilir. Bir sözlə cəmi bir cümlə bütövlükdə regionun siyasətini dəyişdi. Əsas da budur. Bütün bu proseslər də yaxın vaxtlarda Paşinyanın devrilməsi ilə nəticələnəcək. Ola bilsin sabiq prezident Robert Köçəryan, yaxud parlamentin sədrini hakimiyyətə gətirsinlər. Paşinyan isə təbii ki, bununla razılaşa bilməz. Ötən müddət ərzində Paşinyanın 5 dəfə Vladimir Putinə zəng etməsi də məhz bütün bunlarla bağlıdır. Paşinyan Putini o qədər bezdirdi ki, artıq Kreml rəhbəri də məlum açıqlamasını verərək döyüşlərin Azərbaycan ərazisində getdiyini və KTMT-nin bu prosesə qarışmayacağını bildirdi. Hərbi əməliyyatların getdiyi 10 gündən artıq müddət ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cəmi 1 dəfə Putinə zəng edərək onu ad günü münasibətilə təbrik edib. Paşinyan isə 11 gün ərzində təkcə Putinə 5 dəfə zəng edib. Eləcə də dünyanın bir sıra ölkələrinin rəhbərlərinə zəng edərək kömək istəyib. Ancaq Fransa prezidenti Emmanuel Makrondan başqa heç bir ölkə rəsmi mövqe açıqlamır. Əslində Makronun da başı özünə qarışıb. Sarıjiletlilər bir tərəfdən, yaxın vaxtlarda keçiriləcək prezident seçkiləri digər tərəfdən Makronun başını qatıb. Bu gün Fransada 500 min erməni varsa, Azərbaycan və türk diasporunun sayı   600-700 min arasındadır. Zamanı gələndə Azərbaycan və türk diasporundan lazımı şilləni də alacaqlar. Ona görə də Makronun fikirləri elə də ciddi deyil. Düzdür, bu gün hamı fikirləşir ki, bu proseslərin sonu necə olacaq. Hesab edirəm ki, proseslər Azərbaycanın Qarabağda söz sahibi olmasına və üçrəngli bayrağımızın işğal altında olan bütün ərazilərimizdə dalğalanmasına qədər davam edəcək.

-Bu arada Rusiya prezidentinin son açıqlamasını, döyüşlərin Azərbaycan ərazisində getməsi barədə söylədiyi fikirləri necə dəyərləndirirsiniz?

-Rusiya prezidentinin döyüşlərin Azərbaycan ərazilərində getdiyi və KTMT-nin buna qarışa bilməməsi barədə açıqlaması bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bizim qarşımızda müəyyən qədər vaxt var ki, uğurlu döyüş əməliyyatlarını davam etdirək.

-Cənab Prezidentin istər Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə söylədiyi fikirlər, istərsə də xarici televiziya kanallarına verdiyi müsahibələr zamanı verdiyi açıqlamalar da onu deməyə əsas verirmi ki, hərbi əməliyyatlar davam edəcək?

-Hazırda da hərbi əməliyyatlar davam edir.  Cənab Prezident fəaliyyətində əzmlidir.  Ona görə əzmlidir ki, həm ordusuna inanır, həm də xalqına güvənir. Bu çox vacib bir məqamdır. Hazırda Azərbaycanın daxilində güclü formada milli birlik mövcuddur. Hətta mən deyərdim ki, indiyə qədər olmayan milli birlik var. Hətta 1992-94-cü illərdə davam edən müharibə zamanı da belə bir milli birlik yox idi. Mən həmin hadisələrin şahidiyəm. Ona görə də düşünürəm ki, Cənab Prezident məhz bu amilə, eləcə də beynəlxalq aləmdə apardığı düzgün xarici siyasət, daxildə mövcud olan milli biirliyə və  orduya güvəndiyinə görə, kifayətqədər əzmli və qətiyyətlidir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31