Ermənistanın sonuncu ümidi də puça çıxdı

Havadarlarından əlini üzən ermənilər küncə sıxılmış vəziyyətdə qalıblar

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yeni məsələ deyil. Sözgedən toplum Cənubi Qafqaza köçürüldükdən bəri himayədarlarının təkidi ilə bölgə dövlətlərinə qarşı torpaq iddiası irəli sürüblər. Əslində, müharibə etmək, qan tökmək yolu ilə torpaq əldə etmək bir toplum kimi ermənilərin genetikasına yaddır. Ancaq, himayədarlar bunun üçün zəmin yaradırlarsa, niyə də bu imkandan istifadə edilməsin. Lakin o da nəzərə alınmalıdır ki, müasir beynəlxalq münasibətlər sistemi tamamilə yenilənib. İndi iqtisadi maraqlar siyasi maraqları üstələdiyindən dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar məkrli niyyətlərindən əl çəkmək zorunda qalıblar. Elə bu səbəbdən də dünyada mövcud olan münaqişə ocaqlarının söndürülməsi arxa plana keçib. Görünür dünyanın gedişatını dərk edə bilməyən ermənilər hələ də köhnə xülyalarla yaşayır, ölkəmizə qarşı irəli sürdükləri ərazi iddialarında himayədar axtarmaq yolunu tutublar. Elə Ermənistanın hazırki hərbi təxribatı zamanı Rusiyanı Qarabağdakı münaqişəyə cəlb etmək istəyi də dediklərimizin bariz nümunəsidir. Lakin Ermənistanın bütün cəhdlərinə baxmayaraq Qarabağ məsələsi ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Ermənilərin istəklərinin əksinə olaraq Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Əksinə, Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir, bir çox sahələrdə münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır.  Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində Rusiyanın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh edib.Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir".

Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin açıqlamaları nəinki region dövlətlərdə, eləcə də beynəlxalq aləmdə ciddi şəkildə izlənilir və müzakirə edilir. Heç şübhəsiz ki, aparılan təhlillər nəticəsində Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı öz mövqeyini ortaya qoyub. Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının müxbirinin sualına cavab olaraq Qarabağda gedən hərbi əməliyyatlar barədə ilk dəfə şərh verib. Putin döyüş əməliyyatlarının Ermənistan ərazisində getmədiyini vurğulayıb və bu baxımdan KTMT çərçivəsində Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi baxımından heç bir sual olmadığını bildirib: "Məlumdur ki, Ermənistan KTMT üzvüdür, bizim Ermənistan qarşısında həmin müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Lakin döyüş əməliyyatları,- hansı ki, bizim dərin təəssüflərimizlə hələ də davam edir,- Ermənistan ərazisində getmir. O ki qaldı Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə, biz onları həmişə yerinə yetirmişik və öz öhdəliklərimizi bundan sonra da yerinə yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daimi canlı təmasdayam, Ermənistan rəhbərliyinin Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsinin keyfiyyəti barədə heç bir sualı yoxdur". Bununla da Ermənistanın sonuncu ümidi puça çıxmış oldi. Qətiyyətlə demək olar ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara başlayanda qətiyyən özünün ordusunun gücünə, yaxud erməni xalqının "şücaətinə" arxalanmırdı. Ermənistanın hərbi siyasi liderləri Azərbaycanla müqayisədə öz ordularının gücünü çox gözəl qiymətləndirmək iqtidarındadırlar. Azərbaycan ordusundan qat-qat zəif bir ordunun döyüşə atılmağa cəhd etməsi heç şübhəsiz ki, himayədarların dəstəyinə hesablanmışdı.Artıq bu dəstəkdən də əlini üzən Ermənistan küncə sıxılmış vəziyyətdə qalıb.  

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31