Minsk qrupunun “humanitar atəşkəs” təşəbbüsü kimə və nəyə xidmət edir?- ŞƏRH

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti müddəti ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münaqişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbəbdən cəmiyyətdə nüfuzunu itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maraqlı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının təkmilləşdidilməsində maraqlıdır. Əks halda Azərbaycanın Minsk qrupundan gözləntiləri nədən ibarət  ola bilər? Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində  Rusiya,  Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir.

Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün  Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Gümrüdə öz hərbi bazasını yerləşdirib. Fransa "bu ölkədə erməni soyqırımı olmayıb" deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı  qanun qəbul edib. Bu dəfə isə Fransa prezidenti Emmanuel Makron verdiyi açıqlamasında ölkəsinin təmsil olunduğu Minsk qrupunun vasitəçilik missiyasının əleyhinə getdi. Fransa vasitəçi ölkə olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirərərk neytral mövqedən çıxış etmək əvəzinə, birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə etdi. Makronun "Azərbaycana Dağlıq Qarabağı işğal etməyə imkan verməyəcəyik" deməsi bu ölkənin vasitəçilik missiyasının üzərindən birmənalı şəkildə xətt çəkmiş oldu. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi məsələsinə Amerika Birləşmiş Ştatlarının münasibətinə gəldikdə qeyd etmək lazımdır ki, bu ölkə uzun ilərdir ki, separatçı rejimə maliyyə dəstəyi verir. Ölkənin qanunverici orqanı daim ermənilərin maraqlarına hesablanmış qərarların qəbulunda maraqlı olub. Elə bu dəfə də  ABŞ-da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə təqdim etməyi planlaşdırır. Qətnamənin həmmüəlliflərindən olan Jackie Speier məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 Palata üzvünün dəstək imzasını alıb. Həmsədr ölkələrinin maraqlarının kiçik təhlili deməyə əsas verir ki, Minsk qrupunun üzvləri heç bir halda Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış etməyəcəklər.

Elə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı zamanı da sözügedən maraqlar özünü büruzə vermiş oldu. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupu Qarabağda gedən döyüşləri müvəqqəti saxlamağı təklif edib. Daha dəqiq, qurum həlak olmuş şəxslərin cəsədlərini təmas xəttindən toplayıb dəfn etmək üçün humanitar atəşkəs elan olunması təşəbbüsü ilə çıxış edib. Onlar bunu dayanıqlı atəşkəs rejimi üçün əsas hesab edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi prosesdə vasitəçi olmaq missiyasını üzərinə götürdüyünü bəyan edib. Bu dəfə də onların ortaya atdıqları "humanitar atəşkəs" məsələsi də Ermənistanın maraqlarına xidmət edir. Elə Prezident İlham Əliyev də CNN-Türk televiziyasına müsahibəsində bildirib ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır: "Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür". Dövlətimizin başçısı daha sonra deyib: "Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik". Sözünə davam edən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun. Dövlət başçısının mesajlarından da bəlli olur ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu məsələdə istənilən beynəlxalq təşkilatın ədalətli mövqeyi bizim üçün əhəmiyyətlidir. Lakin Azərbaycan ölkəmizin maraqlarına xələl gətirən heç bir təşəbbüsü, vasitəçilik missiyasını qəbul etməyəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31