Prezidentdən ermənipərəsət dairələrə vacib xatırlatmalar
Artıq 10 gündür ki, erməni təxribatı nəticəsində cəbhədə gərgin döyüşlər gedir. Uzun müddət həyata keçirdikləri hazırlıq və işğal etdikləri Azərbaycan ərazilərinə əlavə hərbi texnika toplamaq cəhdindən sonra ərazilərimizə yeni hücumlar edən ermənilər bu dəfə gözləmədikləri əks hücumla qarşılaşdılar. Qısa müddət ərzində Azərbaycan Ordusunun əks hücumu ilə xeyli sayda yaşayış məskəni düşməndən azad edildi, qədim Azərbaycan torpaqlarında bayrağımız dalğalandı.
6 Oktyabr 2020 15:16 SiyasətArtıq 10 gündür ki, erməni təxribatı nəticəsində cəbhədə gərgin döyüşlər gedir. Uzun müddət həyata keçirdikləri hazırlıq və işğal etdikləri Azərbaycan ərazilərinə əlavə hərbi texnika toplamaq cəhdindən sonra ərazilərimizə yeni hücumlar edən ermənilər bu dəfə gözləmədikləri əks hücumla qarşılaşdılar. Qısa müddət ərzində Azərbaycan Ordusunun əks hücumu ilə xeyli sayda yaşayış məskəni düşməndən azad edildi, qədim Azərbaycan torpaqlarında bayrağımız dalğalandı.
Hazırda da cəbhədə gərgin döyüşlər gedir və Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etmək istiqamətində əməliyyatını davam etdirir. Bu ərəfədə dünyanın, eləcə də xarici KİV-lərin də diqqəti Azərbaycanda, regionda və Qarabağ cəbhəsindədir. Müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müsahibə üçün ediləmn müraciətlər belə deməyə əsas verir. Son bir neçə gün ərzində dövlət başçısı dünyanın bir sıra aparıcı televiziya kanallarına müsahibə verərək baş verənlərə aydınlıq gətirib, həmin imkanlardan istifadə edərək bir daha erməni təxribatı, təcavüzü, eləcə də bu təcavüzə qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan bəhs edib. Ötən gün Türkiyənin "TRT Haber" televiziya kanalının suallarını cavablandırarkən də dövlət başçısı bir daha yaranmış vəziyyəti, cərəyan edən prosesləri ən xırda incəlikləri ilə təhlil etdi, bütün bunların fonunda Azərbaycan mövqeyini dünyaya bəyan etmiş oldu. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, düşmən işğal altında saxladığı Azərbaycan torpaqlarını qısa bir müddətdə tərk etməlidir. Çünki bu gün ermənilərin at oynatdığı, qeyri-qanuni məskunlaşma həyata keçirdiyi, tarixi-mədəni abidələri dağıtdığı ərazilər Azərbaycana məxsusdur. Dövlət başçısının da təbirincə desək bunu bütün dünya bilir və bu bir danılmaz faktdır. Lakin təəssüflər olsun ki, nə dünya birliyi, nə beynəlxalq təşkilatlar, nə də münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu bu ədalətsizliyin aradan qaldırılması ilə məşğuldur. Mövcud olan cəzasızlıq mühiti isə Ermənistanı daha da aqressivliyə, yeni-yeni ərazilər zəbt etməyə ruhlandırır. Elə sentyabrın 27-də cəbhədə baş verən növbəti təxribat da bunun əyani sübutudur.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi hərbi əməliyyatların davam etdiyi ötən günlər ərzində Azərbaycan Ordusu çox böyük uğurlar, nailiyyyətlərə imza atıb, uzun illər işğal altında olan ərazilərimizin bir qismini azad edib. Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam edir və bu əməliyyatlar işğal altında olan bütün ərazilər azad edilənə qədər davam edəcək.
Ancaq cəbhədə gərgin müharibənin getdiyi bir ərəfədə müşahidə etdiyimiz mənfi tendensiya da var. O da bundan ibarətdir ki, bir sıra ölkələr, hətta münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələri açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirirlər. Prezident İlham Əliyev sözügedən müsahibə zamanı bunu açıq şəkildə ifadə edərək rəsmi Parisin bu mövqeyini haqlı olaraq qınadı və Fransanın həmsədr ölkə kimi ədalətli mövqe nümayiş etdirmədiyini vurğuladı.
Reallıq da ondan ibarətdir ki, Fransa xaric olmaqla ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri Azərbaycanla Ermənistan arasında davam edən hərbi əməliyyatların dayandırılması, atəşkəsin əldə edilməsi çağırışı etsələ də, lakin Paris kimi sırf ermənipərəst mövqe sərgiləmirlər. Həm Rusiya, həm də Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğal faktını qəbul etmirlər. Lakin Fransa tamamilə fərqli mövqe ortaya qoyaraq açıq şəkildə işğalçıya dəstək nümayiş etdirir, Azərbaycanın başladığı haqq işi uğrunda mübarizəyə mane olmağa çalışır. Belə bir mövqe isə təbii ki, Parisi Bakıdan uzaqlaşdırır. Prezident İlham Əliyevin dediyi kimi, baxmayaraq ki, Azərbaycan bütün ölkələrlə, eləcə də Fransa ilə əlaqələrin inkişafına çalışır, bu ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür, ancaq qarşı tərəfdən eyni münasibəti görmürük. Bu da təbii ki, Parisin ədalətsiz mövqeyindən irəli gəlir.
Azərbaycan Prezidentinin dünyanın müxtəlif televiziya kanallarına verdiyi müsahibələr və dilə gətirdiyi faktlar, eləcə də bütüh bunların fonunda Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar cəmiyyətin hər bir üzvü tərəfindən təqdir edilir, alqışlanır. Milli Məclisin deputatı Emin Hacıyev deyir ki, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verən şanlı Ordumuz torpaqlarımızın azad olunması üçün zəfər yürüşünü uğurla davam etdirir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımıza müraciətində Suqovuşandan sonra Cəbrayıl şəhəri və rayonun bir sıra kəndlərinin də işğaldan azad olunduğunun müjdəsini Verdi: "Bu ərazilərin mühüm strateji əhəmiyyət daşıması tezliklə digər ərazilərimizin də düşmən tapdağından azad olunması üçün olduqca vacibdir. Qüdrətli Ordumuzun uğurlu əks-hücum əməliyyatı bizi yeni qələbələrə ruhlandırır. Bu hissləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza minnətdarıq".
Deputatın sözlərinə görə, cəbhədə yaşananlar göstərir ki, ardıcıl olaraq məğlubiyyətlərə uğrayan işğalçı Ermənistan ordusu Gəncə və Mingəçevir şəhərlərini, Xızı rayonunu raket atəşinə tutmaqla hərbi əməliyyatların miqyasını genişləndirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək kimi məkrli niyyət güdür: "Amma bütün bunlar və mülki əhalinin hədəfə alınması Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. Ona görə də işğalçı Ermənistan gec olmadan Azərbaycan Prezidentinin mesajlarından ciddi nəticə çıxarmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxmalı, Azərbaycan xalqından üzr istəməli və ərazi bütövlüyümüzü tanımalıdır. Yalınız bu halda atəşkəs rejimi bərpa edilə bilər. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidirsə, digərləri bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan, bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir".
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı xarici televiziya kanallarına verdiyi müsahibədə bir məqamı xüsusi və haqlı olaraq bildirib ki, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb: "Ermənistanın rəhbərliyi bizi öz təxribatları ilə buna vadar edib. Cənab Prezident Ermənistan rəhbərliyinə 27 sentyabr hadisələrindən əvvəl "Gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir!" mesajını vermişdi. İndi ortada tək, havadarsız qalan Ermənistanın hansı gücdə olduğu açıq-aşkar görünür. Şanlı Azərbaycan Ordusunun gücünü görən Paşinyan hər gün dünya liderlərinə zəng edərək, yalvarıb kömək istəyir. Azərbaycan əsgəri torpaqlarımızı erməni silahlılarından təmizləyərək, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Azərbaycan Ordusunun zəfər yürüşü bizi Qarabağımıza qovuşduracaq! Ali Baş Komandanımız cənab İlham Əliyevin bəyan etdiyi kimi, "Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Süleyman
Olaylar.az