Prezidentdən dost və düşmənlərə vacib mesajlar
İşğalçı Ermənistanın ölkəmizə qarşı daha bir təxribatı, təcavüzünün ağır günlərini yaşayırıq. Hər nə qədər Azərbaycan Silahlı Qüvvələri düşmənə əks zərbələr endirib, onu məğlubiyyətə düçar etsə də, lakin ermənilərin faşistlərə məxsus addımları ilə mülkü əhalini atəşə tutması, kəndlərimiz, yaşayış məntəqələrimizə artilleriya zərbərləri endirməsi dinc sakinlərimizin həlak olmasına, müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olur.
1 Oktyabr 2020 15:48 Siyasətİşğalçı Ermənistanın ölkəmizə qarşı daha bir təxribatı, təcavüzünün ağır günlərini yaşayırıq. Hər nə qədər Azərbaycan Silahlı Qüvvələri düşmənə əks zərbələr endirib, onu məğlubiyyətə düçar etsə də, lakin ermənilərin faşistlərə məxsus addımları ilə mülkü əhalini atəşə tutması, kəndlərimiz, yaşayış məntəqələrimizə artilleriya zərbərləri endirməsi dinc sakinlərimizin həlak olmasına, müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olur.
Artıq 5 gündür ki, davam edən hərbi əməliyyatlar təbii ki, itkisiz ötüşmür və igid əsgərlərimizdən torpaq uğrunda şəhid olanlar, düşmən gülləsinə tuş gəlib yaralananlar da var. Və sevindirici haldır ki, işğalçı Ermənistandan fərqli olaraq həmin şəxslərə, mərs əsgərlərimizə dövlət səviyyəsində ən yüksək səviyyədə diqqət göstərilir. Elə ötən gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın erməni təxribatı zamanı gedən döyüşlərdə yaralanmış hərbiçilərlə görüşməsi, onlarla fikir mübadiləsi aparması bunun əyani sübutudur. Cənab İlham Əliyevin yaralı əsgərlərimizə baş çəkməsi, onların səhhəti ilə maraqlanması dövlət başçısının hər bir azərbaycanlının prezidenti kimi, hər bir əsgərin Ali Baş Komandanı olduğu reallığını ortaya qoymuş oldu. Mübaliğəsiz şəkildə demək olar ki, bu dövlət, dövlət başçısı, Ali Baş Komandan tərəfindən Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna olan diqqət və qayğının tərənnümü idi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yaralı əsgərlələ keçirdiyi görüş nə qədər önəmli, diqqətçəkici idisə, eləcə də dövlət başçısının həmin görüş zamanı söylədiyi fikirlər, səsləndirdiyi ifadələr bir o qədər maraqlı, eyni zamanda günümüz üçün əhəmiyyətli idi. Hər zaman olduğu kimi Azərbaycan Prezidenti sözügedən görüş zamanı bir sıra vacib məqamlara toxundu ki, həmin məqamlara da diqqət çəkməmək mümkün deyil.
Dövlət başçısının hər zaman, bütün beynəlxalq tribunalardan səsləndirdiyi kimi, bu dəfə də əsas iradı Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətinıə göz yumanlara, bununla dolayısıyla işğala haqq qazandıranlara idi. Prezident dolayısıyla ifadə etdi ki, bu günkü vəziyyətin meydana gəlməsində Ermənistan qədər, eyni zamanda beynəlxalq birlik, dünya dövlətləri, münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu günahkardır. Çünki işğalçı, təcavüzkar zamanında cəzalandırılmayıb, ona qarşı heç bir cəza mexanizmi tətbiq edilməyib. Vəziyyətin bu cür davam etməsi isə Azərbaycan xalqının səbrini tükəndirib: "Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir".
Prezident İlham Əliyevin diqqət etdiyi ikinci, bəlkə də ən vacib məqamlardan biri müəyyən ölkələrin, qurumların atəşkəs çağırışı etməsi və tərəfləri sülhə çağırması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupundan başqa, yaxın və uzaq ölkələr həm Bakı, həm də İrəvana hərbi əməliyyatları dayandırmaq barədə çağırış edib. Ancaq təəssüflər olsun ki, həmin çağırışlar, eləcə də tərəflər arasında vasitəçilik etmək istəyini ifadə edən tərəflər Azərbaycan ərazilərini işğala məruz qoyan Ermənistana torpaqlarımızı azad etmək barədə heç bir tövsiyə verməyib, İrəvandan bunu tələb etməyiblər. Belə olan halda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təbirincə desək həmin dövlətlərin və təşkilatların vasitəçilik təklifi, yaxud atəşkəsin təmin edilməsi tövsiyəsi mənasız və yersizdir. Çünki ötən 30 il ərzində məhz həmin dövlətlər və qüvvələr, təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumub, ona bəraət qazandırıblar: "Danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır".
Prezident İlham Əliyevin yaralı hərbiçilərimizlə keçirdiyi görüşdə etdiyi çıxışdan gəlinən bir digər qənaət ondan ibarətdir ki, rəsmi Bakı bundan sonra xarici siyasətinə yendən baxmalı olacaq. Buna səbəb Bakıya dost deyən bəzi ölkələrin indiki məqamda işğalçıya dəstək çıxması, onun silah-sursatlka təmin olunmasına yardım göstərməsidir. Konkret olaraq Rusiya və İranın timsalında bunu aydın görmək mümkündür. Tovuz təxribatından keçən dövr ərzindən indiyə qədər həm Rusiya, həm də İran ərazisindən işğalçı Ermənistana külli miqdarda silah-sursat daşınıb. Dövlət başçısı çıxışı zamanı konkret ölkə adı çəkməsə də, əslində prezidentin hədəfində hansı dövlətlərin olduğu hər kəsə məlumdur. Bu mənada Azərbaycan Prezidenti haqlı olaraq deyib: " Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün. Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT - bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər".
Təbii ki, Azərbaycana dəstək verən ölkələr sırasında qardaş Türkiyənin qeyd etməmək olmaz. Tarixin bütün dövrlərində Azərbaycanın yanında olan Ankara bu çətin günlərdə də Azərbaycana mənəvi dəstək olur, öz qardaşlıq yardımını edir. Məhz bu qardaşlıq, dostluq münasibətlərinə sadiqliyə görə, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla ümumilikdə Azərbaycan xalqı qardaş Türkiyəyə minnətdarlıq ifadə edir: "qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər".
Nəhayət, sonda bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun erməni təxribatına qarşı başlamış olduğu əks hücum əməliyyatı sıradan bir əməliyyat deyil və bu əməliyyat bizi işğal altında olan ərazilərimizin azad edilməsinə doğru aparır. Bu heç kimdə şübhə yeri qoymasın. Elə dövlət başçısı da bunu açıq şəkildə ifadə etdi: "Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk.
Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun".
Süleyman
Olaylar.az