Azərbaycan təxribat xarakterli  informasiyaların neytrallaşdırılması istiqamətində çox gözəl iş gördü- YUNUS OĞUZ

"Ölkə əhalisinin 98-99 faizi torpaqlarımızın müharibə yolu ilə azad edilməsinin tərəfdarıdır"

Artıq bir neçə gündür ki, Azərbaycan Ordusu düşmənin növbəti təxribatına cavab olaraq uğurlu hərbi əməliyyatlar həyata keçirir. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətləri şərtləndirən əsas amillərdən biri də bu müqəddəs savaşda uşaqdan böyüyə hər kəsin Azərbaycan Ordusunun, onun Ali Baş Komandanın yanında yer almasıdır. Elə Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz da  bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə MVP sədri Ordumuzun uğurlu hərbi əməliyyatlar keçirməsinə təsir edən əsas məqamlara diqqət çəkib.

-Yunus bəy, artıq bir neçə gündür ki, erməni təxribatına qarşı Azərbaycan Ordusu əkshücum taktikası həyata keçirir və bu müddət ərzində kifayət qədər uğurlar əldə edilib. Bu  uğurlu əməliyyatlar bizi işğal altında olan ərazilərimizə nə qədər yaxınlaşdırır?

-Sentyabrın 27-də ermənilərin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan Ordusunun  əks hücuma keçməsi ilə 1994-cü il, 12 may tarixində Bişkekdə atəşkəs rejimi  haqqında   imzalanmış saziş qüvvədən düşdü. İndiyə qədər müxtəlif yerlərdə, istiqamətlərdə yalnız lokal döyüşlər gedirdi.  Tovuz hadisələri zamanı da lokal döyüşlər gedirdi. Eyni zamanda Aprel döyüşləri də lokal döyüşlər idi. Ancaq indi tamamilə fərqli bir məqamdır. Yəni, Vətən, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüz uğrunda döyüş gedir. Burada 4 əsas məqamı qeyd etmək lazımdır. Birinci məqam ondan ibarətdir ki, xalqın bütövlükdə dövlətin, dövlət başçısının ətrafında cəmləşməsi, Ordunu müdafiə etməsi, gənclərimizin, ümumən xalqın könüllü olaraq Orduya yazılması bir daha sübut etdi ki, hər şeydən üstün Vətəndir, torpaqdır. Vətən savaşının qayəsi məhz elə budur. Yəni, ölkə əhalisinin 98-99 faizi torpaqlarımızın müharibə yolu ilə azad edilməsinin tərəfdarıdır.  İkinci, ən əsas məqam döyüşü aparanlardır. Artıq döyüş taktikası dəyişib. Bir çox ölkələrdə belə döyüş taktikası yoxdur. Hətta ermənilər özləri etiraf edirlər ki, döyüş taktikası tamamilə dəyişib və Azərbaycan Ordusu düşmənə nöqtə zərbələri vurur. Əvvəl düşmənə nöqtə zərbəsi endirir, daha sonra irəliləyir. Bu yeni döyüş taktikasıdır. Üçüncüsü, çox vacib bir məsələ xarici siyasətimizin güclü, qabaqcadan istiqamətləndirilmiş bir şəkildə həyata keçirilməsidir. Yəni, Azərbaycan xarici siyasəti nəticəsində bizə təzyiq edə bilən ölkələrin əksəriyyəti faktiki olaraq neytrallaşdı. Bu çox vacib amildir. Aprel döyüşləri zamanı faktiki olaraq kimsə təsir edir, əməliyyatların dayandırılmasını istəyirdi. Ancaq hazırda tamam başqa situasiyadır və Azərbaycana təsir edə biləcək dairələr neytrallaşdırılıb. Dördüncü məqam isə informasiya mübarizəsidir. İstənilən müharibənin yarısını informasiya udur. Bu baxımdan Azərbaycan təxribat xarakterli  informasiyaların neytrallaşdırılması istiqamətində də çox gözəl iş gördü. Sosial şəbəkələrin bağlanması, xəbərdarlıqların edilməsi və s. bu sıraya aid etmək olar. Bir sözlə sadaladığım 4 məqamın bir-biri ilə üzvü surətdə bağlılığı Ordumuzun irəliləməsi, düşmənə ağır zərbələrin vurulması baxımından əhəmiyyətlidir. Cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci iclasında qeyd etdiyi kimi "Siz həll edə bilmədiniz, o zaman imkan verin biz həll edək. Bizim həll variantımız da müharibədir və bizə qarışmayın." Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi bir fikir vardı və ona görə də onu hakimiyyətdən devirdilər. Petrosyan deyirdi ki, bu gün xoşluqla imzalamadığımız sənədləri vaxt gələcək bizə zorla imzalatdıracaqlar. Həmin gün, həmin məqam yetişib və düşmənə həmin sənədləri zorla imzalatdıracağıq.  Təbiidir ki, indi əvvılki şərtlər olmayacaq.

-Yəni belə demək mümkünsə uzun illər BMT Təhlükəsizlik Şurasının icra edə bilmədiyi qətnamələri indi Azərbaycan özü icra edir...

-Əslində BMT-nin bu günlərdə verdiyi məlum qərarlar da Azərbaycana bir daha imkan verir ki, uğurlu əkshücumları davam etdirsin. Tərəflərə razılığa gəlmək çağırışı edilir, lakin tərəflər də Ermənistanın qeyri-konstruktivliyi səbəbindən razılığa gəlmir. Ermənistan müdafiə naziri Azərbaycandan yeni torpaqlar işğal edəcəklərini bildirir, eyni zamanda Gəncəni vurmaqla hədələyir. Ona görə də problem razılıqla həll edilmir. İkinci yol isə müharibədir. Bu da müharibə. Ermənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, Azərbaycanın cəsarəti varsa hücum etsin. İndi Paşinyanın hünəri var Ordumuzun qarşısında dayansın.

-Ötən gün dövlət başçısı hərbiçilərlə keçirdiyi görüşdə bir məqamı da qeyd etdi ki, artıq bəzi ölkələr kimin tərəfində olduğunu müəyyənləşdirməlidir. Bu baxımdan belə demək mümkündürnmü ki, Azərbaycan hərbi əməliyyatlardan sonra xarici siyasətinə yenidən baxmalı olacaq?

-Dünyada yeni geostrateji dəyişmələr baş verir. Təbii ki, buna uyğun olaraq da Azərbaycanın xarici siyasəti müəyyənləşməlidir. Bu müharibədə kim bizim dostumuz idi, mənəvi dayaq verirdi, kim isə düşmənimiz idi, məlum oldu. İndinin özündə də dost dediyimiz ölkələr bəlkə bundan sonra nəticə çıxarıb dostun, yaxud düşmənin yanında olduqlarını müəyyən edərlər. Məsələn, İran kimi müsəlman ölkənin ərazisindən Ermənistana silah-sursat daşınır. Bu ölkənin müvafiq gömrük qurumu iddia etdi ki, proses dayanıb. Ancaq buna heç də inanmıram. 100 yerdən Ermənistana hərbi texnika keçirə bilərlər ki, heç sputnikdən də onu müəyyən etmək olmaz. Faktiki olaraq İran Ermənistana kömək edir. Levon Ter-Petrosyan vaxtıilə deyirdi ki, biz silahı Rusiyadan, yeməyi və nefti isə İrandan alırdıq. İran olmasa biz çoxdan məhv olmuşduq. Odur ki, dostla düşməni gələcək geostrateji məqamlarda müəyyən etmək lazımdır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31