Sosial şəbəkələrdən monoloq söyləməkdənsə... – ÖZƏL Müsahibə
13 Mart 2020 12:52 SiyasətMais Səfərli: "Danışıqlar masası ətrafında oturub məsələləri müzakirə etmək daha səmərəlidir"
Ölkədə həyata keçirilən siyasi islahatların tərkib hissəsi olan yeni parlamentin formalaşdırılması prosesi başa çatıb. Lakin siyasi müstəvidə cərəyan edən proseslərdə aktivlik hələ də müşahidə olunmaqdadır. Belə ki, hakimiyyət ölkədə fəaliyyət göstərən siyasi partiyalarla müzakirə mərhələsinə start verib. Artıq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiya rəhbərləri ilə görüş keçirib. Maraqlıdır, siyasi partiyalarla aparılan müzakirələr Azərbaycana nə vəd edir? Müsahibimiz Yurddaş Partiyasının sədri Mais Səfərlidir.
-Mais bəy, hakimiyyətin siyasi partiyalarla keçirdiyi görüşləri necə dəyərləndirisiniz?
-Məlum olduğu kimi ölkədə həyata keçirilən siyasi islahatların tərkib hissəsi olaraq Prezident Administrasiyasında struktur dəyişikliyi baş verib. Günün tələblərinə uyğun olaraq Administrasiyada yenidənqurma işləri aparılıb. Konkret olaraq siyasi partiyalar və qanunvericilk hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Mən bir partiya sədri olaraq bunu çox müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu gün siyasi partiyalar və qanunvericilk hakimiyyəti ilə birbaşa əlaqə quran, onlarla işləyən, prezidenti bu sahədəkı problemlərlə vaxtaşırı məlumatlandıran, onun bu sahədə siyasətini həyata keçirən bir şöbə var ki, bu da müsbət bir məqamdır. Bu şöbəyə də hamımızın yaxşı tanıdığı ictimai-siyasi xadim, görkəmli ziyalı Ədalət Vəliyev rəhbər təyin olunub. Hazırda siyasi partiyalarla görüşlər keçirilir, o cümlədən bizim partiya ilə də müzakirələr aparılıb. Görüşlərdə tanışlıqdan başqa həm də ölkədəki ictimai-siyasi durum, Azərbaycanla bağlı xaricdə baş verən hadisələr, eləcə də partiyaları maraqlandıran məsələlər, bütövlükdə isə çoxpartiyalılıq sistemi ilə əlaqədar fikir mübadiləsi aparılır. Aparılan görüşdə hiss etdim ki, prezidentin Azərbaycanda çoxpartiyalılıq sistemini daha da inkişaf etdirmək, partiyaların dövlətin idarəçiliyində iştirakını təmin etmək, ümumiyyətlə ölkədə vətəndaş cəmiyyətinin inkişafında marağı var. Odur ki, siyasi partiyaların normal fəaliyyəti üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır. Altıncı çağırış yeni tərkibli Millli Məclisin açılışında da prezident bu məsələləri konkret şəkildə açıqladı. Məlum oldu ki, bu gün siyasi mühitdə baş verən müsbət tendensiyalar inkişaf etdirilməli, partiyalararası dialoq genişləndirilməlidir. Ölkədə təkcə hakim partiyanın deyil, digər partiyaların da fikirləri bəlli olmalıdır. Bu gün bir qisim partiyalar parlament partiyasına çevrilib, parlamentdən kənarda qalan partiyalar da siyasi proseslərdə ciddi şəkildə iştirak etməlidirlər. Bu isə o deməkdir ki, ölkədə mövcud olan siyasi partiyaların hər birinin fikri hakimiyət üçün maraqlıdır. Bu baxımdan məlum tendensiya davam etdirilməlidir.
-Amma buna baxmayaraq, bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar.
-Həqiqətən də bu məsələyə yanaşmada partiyaların hamısının fikri yekdil deyil. Yenə də bu prosesdən özlərini kənarda saxlayan partiyalar var. Hesab edirəm ki, hazırki şəraitdə belə mövqe sərgiləmək düzgün deyil. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları o qədər də doğru deyil. Axı nəyə görə, həmin partiyalar özlərini siyasi proseslərdən kənarda saxlamalıdırlar? Bir halda ki, hakimiyyət partiyası bu cür addımlar atır, onu dəstəkləmək lazımdır. Sosial şəbəkələrdən monoloq söyləməkdənsə, bu və ya digər məsələlərə bir şəxsin teatırında olduğu kimi qərəzli fikir bildirməkdənsə, danışıqlar masası ətrafında oturub məsələləri müzakirə etmək, fikir bildirmək daha səmərəlidir. Çünki, əks tərəfin fikrini öyrənmək sözsüz ki, pozitiv qərarların qəbul edilməsinə xidmət edəcək. Bu baxımdan iqtidar və müxalifət partiyaları arasında bu cür müzakirələrin aparılması müsbət haldır. "Mən bu səviyyədə görüş istəmirəm", "mən dialoq istəyirəm" pafosları ilə heç nəyə nail olmaq mümkün deyil. Bəs, bu dialoq deyil, nədir? Siyasi təmas deyil, bəs nədir? Seçkilərdə iştirak etmirlər, seçkiləri baykot edirlər, siyasi dialoqdan qaçırlar, buna nə ad vermək olar? Siyasi partiyaların əsas təyintlarından biri onların seçkilərdə iştirak etməsidir. Azərbaycan demokratik, hüquqi dövlətdir və hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdən keçir. Əgər seçkilərdə iştirak etmirsənsə, onda siyasi arenada hansı fəaliyyəti göstərəcəksən? Elə yumruqlarını qaldıraraq küçələrdə qışqırmaq siyasi fəaliyət deyil. Müasir dünyada siyasi mübarizənin formaları tamamilə dəyişib, artıq buna uyğunlaşmaq lazımdır. Radikal müxalifət düşərgəsində olan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, artıq siyasi mübarizə formalarını dəyişməlidirlər. Əks halda çox acınacaqlı bir vəziyyətə düşəcəklər. Bu da onların öz fəaliyyətlərinin, partiyada yenidənqurma işlərinin aparılmamasının nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, həmin partiyalar elə bir duruma düşüblər ki, elektoratları onlardan uzaq düşüb, seçkiləri uduza-uduza gəlirlər. Son parlament seçkilərində isə baykot məsələsini ortaya atıblar. Əslində baykota da onların gücü yoxdur, çünki baykot bu və ya digər prosesin baş verməsinin qarşısını almaqdır. Onlar isə ictimai-siyasi təsirə malik deyillərsə buna gücləri yetməz. Ona görə də sadəcə baş verən ictimai-siyasi proseslərdən yaxalarını kənara çəkirlər. Onların sosial bazası o qədər daralıb ki, hətta seçkilərə qatılmaq üçün namizəd tapa bilmirlər. Ona görə də siyasi partiyaların fəaliyyəti üçün yaradılmış imkanlardan istifadə edilməlidir. Nəzərə almaq lazımdır ki, radikal müxalifət partiyaların strukturları dəhşətli dərəcədə dağılıb. Çünki indiyə qədər normal siyasi fəaliyyət göstərməyiblər, o partiyalarda demokratiya təmin olunmayıb, yuxarıların qərarları aşağılara sırınıb. Aşağılar həmin qərarları müzakirə etmədən yerinə yetirmək məcburiyyətində qalıblar. Beləliklə seçkiləri uduzmaq, öz məğlubiyyətlərinin səbəblərini partiyalarda müzakirə etməmək kimi məsələlər həmin partiyaları həddən çox zəiflədib. Artıq bu gün o partiyalar siyasi mübarizədən kənarda qalıblar. Bu gün də yaradılmış siyasi təmaslardan qaçırlar. Nə əldə edəcəklər? Yaranmış vəziyyət radikal müxalifət partiyaların iflasının sonu deməkdir. Təbii ki, vəziyyət belə davam etsə, onların adlarından başqa bir şeyləri qalmayacaq.
-Sizcə bu müzakirələr siyasi partiyaların fəaliyyətinin güclənməsinə və ümummilli problemlərin həllinə töhvə verəcəkmi?
- Heç şübhəsiz ki, Azərbaycanda siyasi partiyalarla müzakirələrin aparılması ümummilli problemlərimizin həlli istiqamətində də atılan növbəti addımdır. Məlum olduğu kimi ən başlıca ümummilli problemimiz Qarabağ məsələsidir. Təbii ki, bu məsələdə bir olmalı, birlik nümayiş etdirməliyik. Bizi istəməyən xaricdəki siyasi dairələrin istəyi də odur ki, Azərbaycanda sabitlik pozulsun, vətəndaş qarşıdurması yaransın və Qarabağ məsələsi unudulsun. Belə siyasi təmaslar isə həm siyasi partiyaların fəaliyyətini gücləndirir, həm də ümummilli problemlərin həlli istiqamətində çox müsbət nəticə verir. Odur ki, bu prosesdən heç kəs yaxasını kənara çəkməməlidir. Çünki heç bir tutarlı arqument yoxdur ki, bu prosesdən kənarda qalasan. Cənab Prezidentin də dediyi kimi əgər kimsə bu prosesə qoşulmaq istəmirsə, bu onların öz işidir. Onsuz da bir-iki partiyanın bu müzakirələrdə iştirak etməməsi prosesi dayandıra bilməz. Artıq proses başlayıb və şübhəsiz ki, davam etdiriləcək. Hesab edirəm ki, bunun müsbət nəticələrini Azərbaycan cəmiyyəti görəcək. Müharibə vəziyyətində olan, çoxlu düşmənləri olan, Qarabağ kimi ağrılı bir problemi olan cəmiyyət üçün belə müzakirələr son dərəcədə siyasi əhəmiyyət malikdir.
Alim
Olaylar.az