Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir- MÜSAHİBƏ

Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir-MÜSAHİBƏ

Ona görə də burada  böyük dövlətlər Ermənistana təsir etməlidir

Göstərilən diplomatik səylər və müntəzəm olaraq aparılan danışıqlar prosesinə baxmayaraq 2019-cu ildə də Dağlıq Qarabağ problemini həll etmək qeyri-mümkün oldu. Sözügedən münaqişənin həllini mümkünsüz edən bir tərəfdən işğalçı ölkə və onun sərgilədiyi aqressiv mövqedirsə, digər tərəfdən problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də dünya birliyinin yürütdüyü dişsiz siyasət, işğalçını cəzalandırmamasıdır. Təsadüfi deyil ki, əksər ekspertlər də məhz bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səmərəli fəaliyyət göstərmir.

-Məhəmməd bəy, başa çatmaqda olan 2019-cu ili Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prizmasından necə dəyərləndirərdiniz?

-Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ildə aparılan danışıqlar nəticəsiz başa çatdı. ATƏT-in Minsk qrupunun həmsədrələri demək olar ki, il ərzində irəliyə addım atacaq prosesə imza ata bilmədilər. Ümumiyyətlə Minsk qrupunun vasitəçiliyi heç etimad mühitinin formalaşmasına və humanitar missiyanın yerinə yetirilməsinə nail ola bilmədi. Yalnız cəbhədə atəşkəsin qorunması Azərbaycan və Ermənistan liderlərinin vasitəçisiz şifahi razılığı ilə əldə edildi.

-Burada Minsk qrupuna həmsədrlik edən dövlətlərin liderlərinin də üzərinə müəyyən vəzifə düşürmü?

-Əlbəttə. Ancaq təəssüflər olsun ki, nə Rusiya, nə Fransa, nə də Birləşmiş Ştatlar liderləri münaqişənin həlli ilə bağlı heç bir şəkildə müzakirə aparmır. Çünki, münaqişənin həllində üç dövlət ayrı-ayrı siyasi baxışlara malikdir. Tərəflərin siyasəti regionda tərs-mütənasibdir. Danışıqlar masasında olan "Yenilənmiş Madrid" prinsipləri Ermənistan tərəfindən heç müzakirə olunmur.

-Bəs, sizcə, danışqlar prosesinin bu formatda davam etməsi məqbuldurmu?

-Ümumiyyətlə ATƏT-in inhisarında Qarabağ danışıqları davam edəcəksə, bunun həlli mümkün olmayacaq. ATƏT yalnız münaqişələrin dondurulmasında maraqlıdır. Bu təşkilat formatında yaradılan işçi qruplar belə bir çətin münaqişənin həllinə töhfə verə bilməz. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini üçtərəfli və çoxtərəfli formatda deyil, birbaşa münaqişəyə yaxın və təsir edən dövlətlərlə danışıqlar aparmalıdır. Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir. Ona görə də burada ya böyük dövlətlər Ermənistana təsir etməlidir, ya da müharibə variantına əl atılmalıdır. Yoxsa, danışıqlar sonsuza qədər davam edəcək.

-Bu arada Birləşmiş Ştatlar Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsini necə dəyərləndirərdiniz?

-Artıq, ABŞ Senatında qondrama "erməni soyqırımı" qəbul edildiyi üçün Vaşinqtonun Qarabağ münaqişsəsinin həllində vasitəçiliyinə kölgə salınmış oldu. Erməni lobbisi ABŞ-ın Qarabağ siyasətinə türk amilindən yanaşaraq imkan verməyəcək. Azərbaycan yalnız yəhudi lobbisinin imkanlarından istifadə edib, ABŞ -da Qarabağ məsləsini gündəlikdə saxlamalıdır. Qeyd edim ki, ABŞ elə bir dövlətdir ki, burada biznes elita, maliyyə maqnatları hakimiyyətdə olur. Bu sahə ilə sıx bağlı olan lobbi qrupları ilə əməkdaşlıq edirlər. Bu da ABŞ kimi böyük dövlətin siyasətinə lobbilərin təsir etməsinə gətirir. Məhz Qarabağ məsləsində ABŞ-ın siyasəti erməni lobbbisi ilə koordinasiya olunacaq.

-Bəs, çıxış yolu nədir?

-Azərbaycan yalnız regional dəyişikliklər konteksindən Qarabağ münaqişəsinin həllini öz leyhinə dəyişməlidir. Rusiya ilə sıx danışıqlar aparmalı, mütləq şəkildə burada Türkiyə amili də rol almalıdır. Türkiyə Rusiya ilə Suriyada, Liviyada münaqişələrin həllində ortaq məxrəcə gəlirsə, bunu Qarabağ münaqişəsinin həllində də edə bilər. Sadəcə intensiv danışıqlar aparılmalıdır. ABŞ və Avropa bizim ərazi bütövlüyümüzü dəstəkləyir, hüquqi siyasi dəstək var. Amma, münaqişənin həllində heç bir köməklik göstərmək iqtidarında deyillər. Azərbaycan çalışmalıdır ki, daima cəbhədə ciddi təzyiqlərə əl atsın. Digər ölkələrin bizim müharibə variantımızın qarşısnı almasına şərait yaradılmamalıdır. Gələn il belə siyasi bir davamiyyətə rəsmi Bakı şərait yaratamayacaq.

-Bəs, İrana qarşı Qərbin təzyiqlərinin artması və Tehranla Qərbin münasibətlərinin getdikcə gərginləşməsi regionumuz üçün nə vəd edir?

-Məlumat üçün qeyd edim ki, İrana qarşı tətbiq olunan sanksiyalar fevralda keçiriləcək bu ölkənin parlamentində islahatçıların məğlub olmasına gətirə bilər. SEPAH və digər əlahiddə hərbi təyinatlı qruplar birbaşa Ruhani hökumətinin əleyhinədir. Onların hazırda əsas məqsədi Ruhanini istefaya göndərib, həbs etməklə ağır iqtisadi durumu onun admisntrasiyasının üzərinə yıxmaqdır. Amma, İran xalqı bu ağır iqtisadi vəziyyəti Ruhanidə deyil, bütövlükdə sistemdə görür. Mötədil Ruhani administrasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur. Ölkədə növbəti seçkilərdə mühafizəkarların hakimiyyətə gəlməsi mümkündür. Mühafizəkarların yenidən hakimiyyəti isə, Qərb-İran qarşıdurmasının pik nöqtəsi olar. Əgər, mühafizəkarlar qələbə çalarsa, ölkədə siyasi böhran dərinləşə, əhalinin kütləvi şəkildə ayaqlanmasının növbəti mərhələsi başlaya bilər.  Qeyd edim ki, İran siyasi elitası daxilində ciddi qarşıdurma yaşanır. Bu problemdən çıxmaq üçün qurban axtarılır.

-Sizcə zəifləyən iqtisadiyyat fonunda Tehran Qərbə güzəştə gedə bilər?

-İqtisadiyyatın tənəzzülü, sanksiyaların ağırlaşdırılması rəsmi Tehranın güzəştə getməsinə səbəb olmur. Bu qədər dirənişin səbəbi əsasən, İslam inqilabını reallaşdıranların 40 ildir ki, hakimiyyətdə qalmasıdır. İranla Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq yüksək səviyyədə normal olsa da, problemlər əsasən İran tərəfindən qayanaqlanır. Çünki, bu ölkənin Azərbaycana qarşı Ermənistnala sıx təmasları Bakıda ciddi narahatlıqla qarşılanır.

Buna baxmayaraq İran qonşu ölkədir və burada baş verən siyasi katakalizmlərin ölkəmizə müəyyən təsirləri qaçılmaz olar. Ona görə də biz İran ətrafında baş verənləri obyektiv qiymətləndirməli, Tehranla əməkdaşlığı bu müstəvidə qurmalıyıq. Qlobal dünya ilə qarşı-qarşıya gələn İrana münasibətdə real güclərin siyasətinə zidd addım atmamalıyıq. Bu gün İranla reallaşan iqtisadi müqavilələr heç də perspketiv vəd etmir.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31