Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur- MÜSAHİBƏ

Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur-MÜSAHİBƏ

Məhəmməd Əsədullazadə: "Ermənistanın siyasi iradəsi kənardan idarə olunur"

Regionda maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupunun təşəbbüslərinin səmərəsizliyi, digər tərəfdən Ermənistanın təmas xəttinə artan təxribatları və atəşkəs rejiminin pozulması hallarında müşahidə edilən intensivlik Qarabağ cəbhəsində yenidən gərginliyin artmasına təsir göstərir. Bir qayda olaraq təmas xəttində artan gərginlik fonunda regionda marağı olan qüvvələr, xüsusilə də Rusiya və Qərb tərəflər arasında görüş təşkil edib vəziyyəti nizamlamağa çalışsa da, lakin indiki məqamda hər iki güc mərkəzinin daha çox bir-biri ilə regional maraqlar mübarizəsinə qoşulması demək olar ki, Cənubi Qafqazı yaddan çıxarıb. Bu isə daha çox Dağlıq Qarabağ probleminə olan yanaşmada özünü göstərir. Elə ekspertlər də hesab edirlər ki, hazırda Rusiya ilə Qərb bloku sayılan NATO arasında gedən mövqe mübarizəsi belə deməyə əsas verir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O bildirib ki, hazırda NATO ilə Rusiya arasında ciddi mövqe mübarizəsi gedir.

-Məhəmməd bəy, hazırda müşahidə edilən mənzərə ondan ibarətdir ki, NATO ilə Rusiya Ukrayna və Gürcüstan səbhəsində üz-üzə gəlməkdədir. Sizcə, bu mübarizədə hansı tərəf daha üstün durumda görünür?

-Sizin də qeyd etdiyiniz kimi hazırda NATO Ukrayna və Gürcüstan siyasətində Rusiya ilə üz-üzə gəlməkdədir. Alyansın baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa tezliklə üzvü olacağının qeyd edib. Təbii ki, baş katibin bu açıqlaması Ukraynanın artıq, NATO üçün nühüm bir dövlət statusuna malik olması anlamına gəlir. NATO gəmilərinin Odessa limanında lövbər salması fonunda baş katibin bu açıqlaması, Rusiya ilə yeni geosiyasi qarşıdurmadan xəbər verir.

-Burada hərbi alyansın əsas planı nədən ibarətdir?

-NATO-nun planına uyğun olaraq Ukrayna və Gürcüstan Alyansa üzv ediləcək. NATO-nun genişlənmə siyasətinin Şərqi Avropa ilə Cənubi Qafqazı əhatə etməsi gözlənilir. Bu siyasi gedişat yeni dünya düzənin formalaşmasına aparır. Bu geosiyasi rəqabətdə məqsəd Rusiyanın təsir və mövqeyini kifayət qədər zəiflətməklə, regionda təhlükəsizliyi təmin etməkdir. Göründüyü kimi NATO Rusiya qarşısında geri çəkilmir, daha da irəli addımlarla Çinlə Mərkəzi Asiyada toqquşmağı hədəfləyir. Mərkəzi Asiyaya çıxış Cənubi Qafqaz və Xəzər üzərindəndir. Burada Azərbaycanın qlobal geosiyasi və geohərbi müstəvidə əhəmiyyəti daha da artır və Alyansın Azərbaycana dəstəyi birmənalı şəkildə müsbət təsir göstərəcək. Ona görə də Alyans gələcək perspektivdə region dövlətlərinin üzv etməsə Moskvanın siyasi-hərbi işğalı ilə yenidən üzləşə bilər. Bu da Qərbin Şərqə doğru genişlənməsinin qarşısını alır. Eyni zamanda Avropa üçün ciddi təhdiddir. Qeyd edim ki, Ukraynanın NATO -ya üzvülüyünün reallaşması qısa zamanda baş verməsə də mümkün ssenaridə bu tezləşdirilə bilər. Bu addım Tiflis üçün də keçərli ola bilər. Kremlin bütün təhdidləri boşuna olacaq və Moskva  reallıqlarla barışacaq. Ukraynadan sonra Gürcüstan, yeni planda isə Azərbaycan və Ermənistan nəzərdə tutulur. Bu proses 2023-cü ildən başlayacaq. Gürcüstan mövcud sərhədləri çərçivəsində alyansa üzv olacaq. Rusiyanın təzyiqləri nəticə verməyəcək.

-Sizcə, Ermənistan Rusiyanın ciddi etirazlarına rəğmən NATO-ya üzv ola bilər?

-Hazırda Azərbaycan və Ermənistanın Alyansa üzvülüyü müzakirə obyekti olmasa da, baş verənlər analoji ardıcıllıqla gedəcək. İlkin planda Ukrayna və Gürcüstandır. NATO bu iki ölkəni üzvlüyə qəbul edərsə, artıq Qarabağ münaqişəsinin həlli NATO üçün prioritet olacaq. Çünki, Alyans Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik çəmbəri yaratmaqla region ölkələrini qorumasına alır. Qeyd etdiyim kimi, hərbi alyans təhlükəsizlik şəkildə Mərkəzi Asiyaya açılır. Bununla da yeni dünya nizamında Rusiyanın və Çinin regiona girişini əngəlləməyi hədəfləyir. Beləliklə, təşkilat Mərkəzi Asiya və Cənubi Şərqi Asiyaya nəzarəti götürəcək. Rusiya və NATO rəqabəti regionda yeni siyasi-hərbi mənzərə yaradacaq. Məhz Rusiyanın Ermənistandakı bazasının iki dəfə gücləndirməsi bununla əlaqədardı. Vurğulamaq lazımdır ki, Ermənistandakı inqilabdan sonra Paşinyana Qərb ümid edirdi. Paşinyan regionda geosiyasi dəyişikliklərə və NATO-nun bu planına əvvəlcə razılıq verməsinə baxmayaraq, öz hakimiyyətini qorunması naminə hələki Kremlə stavka edir, Qarabağ münaqişəsinin nizamlanmasında manipulyasiyanı davam etdirir. Bütün halda NATO-nun regiona gəlişi qaçılmazdır. Bu prorseslər Azərbaycanın milli maraqlarına cavab verir və mütləq şəkildə ölkəmiz öz siyasətində NATO ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir.

-Bu arada Qarabağ cəbhəsində baş verənləri necə xarakterizə edərdiniz? Həmsədrlərin son səfərindən gözləntilər nədir?

-ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı. Demək olar ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separatçı qondarma rejimi legitimləşdirmək olub. Son iki aya diqqət etsək görərik ki, üç həmsədr dövlət danışıqlarda manipulyasiya edir və danışıqlar prosesində görüntü yaradır. Məqsəd isə Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır. Təbii ki, bu da erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təəssübkeşliyindən qaynaqlanır. Fikir versək, son bir ay ərzində üç həmsədr dövlət parlament səviyyəsində separatçılarla əməkdaşlıq edib. Fransanın bir qrup parlamenarilərinin Xankəndinə səfəri, analoji olaraq buradakı separatçıların Fransaya "işgüzar" səfərləri, bunun ardınca Rusiya Dumasının deputatlarının işğal olunmuş ərazilərə səfəri və separatçılarla danışıqları, ABŞ konqresmenlərinin Xankəndinə gəlişi, ardınca sözdə separatçıların "xarici işlər naziri " Mailyanın ABŞ Konqresinə səfəri, burada "Artsaxın" müstəqilliyinin qeyd edilməsi, hamısı deyilənləri təsdiqləyir. Göründüyü kimi, rəsmi Bakının etirazlarına rəğmən üç ölkə parlament səviyyəsində separtizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəstək verir. BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq?

-Onda belə demək mümkündür ki, hansısa nəticə gözləməyə dəyməz.

-Hazırda masada olan "Yenilənmiş Madrid" prinsiplərinin ziddinə olaraq həmsədrlər fəaliyyət göstərir. Qeyd edim ki, dekabrda xarici işlər nazirlərinin yenidən görüşü keçiriləcək. Təbii ki, bu görüş də protokol xarakterlidi. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri E. Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünü də vurğulayır. Ardınca isə, Paşinyan facebookda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəliləyişə nail olunmayıb, nəsə olarsa referenduma çıxarılacaq. Ermənistanın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik təbii ki, müəyyən bir razılaşmadan irəli gəlir. Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sakitliyi vurğulmaqla öyünür, həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır. Eyni zamanda Paşinyan daxili auditoriyaya heç də Qarabağla bağlı nisbi sakitliyin davamlı olmayacağı mesajını vermiş olur.

-Sizcə, bütün bunlardan sonra iki ölkə rəhbərinin görüşü mümkündür?

-Hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər. Hər iki lider arasında şifahi razılaşmanın olduğunu istisna etmirəm. Qarabağdakı Koçaryan və Sarkisyan klanını devirməsi üçün, növbəti dəfə Paşinyana vaxtın verilməsi istisna deyil. Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Əgər, hərbi təzyiqlər intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq və onun ilk sərnişini Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur.

-Bu arada partiyanızın qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı mövqeyini bilmək maraqlı olardı. Partiyanızın üzvləri seçkilərdə namizəd kimi iştirak edəcəklərmi?

-Məlum olduğu kimi ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri demokratiyanın inkişafında və siyasi partiyaların siyasi aktivliyində mühüm rol oynayır. Təəssüf ki, ölkədə bələdiyyə institutu çox zəifdi, icra hakmiyyətindən asılı bir qurum səviyyəsindədir. Baxmayaraq ki, seçkili orqan olaraq icra hakimiyyətlərindən daha geniş səlahiyyətə malik olmalıdırlar. Acınacaqlı hal odur ki, dövlət qurumları bələdiyyənin möhürlü sənədini etibarsız və əhəmiyyətsiz sayır. Halbuki bələdiyyənin verdiyi hər hansı bir möhürlü sənəd daha da qanuni və hüquqi sənəddi. Qeyd edim ki, bələdiyyələrin inkişafı üçün onların səlahiyyətləri genişləndirilməli, icra hakimiyyətinin səlahiyyətləri bu orqana verilməlidir. Ölkəmizin inkişafında bələdiyyə sisteminin aliliyi mühüm rol oynaya bilər. Çünki, sosial-iqtisadi sahə bu qrumun nəzarətində olacaq. Şəffaflığa əməl ediləcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bu seçkilərə qatılır və öz namizədləri ilə ölkədə seçkilərin ədalətli keçirilməsinə çalışacaq. Partiya sədri Razi Nurullayev daima bələdiyyə sistemində islahatları vurğulayıb və partiyanın bununla bağlı proqramı var. Bu seçkilərdə əvvəlki səhvlər təkrarlanmaz və islahatlarla bələdiyyə sistemi yeni mərhələyə keçməlidir. Həmçinin Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bütün şəhər infrastrukturu bu qurumun sərəncamına verilməlidir. Bələdiyyə institutu yerli özünüidarə orqanı olaraq icra hakimiyyətindən kənar bir qurumdu. Ölkəmizdə isə, bələdiyyələr icra hakimiyyətindən asılı bir vəziyyətdədir.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31