Əli Kərimli yenə də böhtan çamurunda

Əli Kərimli yenə də böhtan çamurunda

Azərbaycanda sosial-iqtisadi, təhsil, səhiyyə və digər sahələrdə ölkə rəhbərliyi inqilabi proses qədər mühüm islahatları həyata keçirir. AXCP sədri Əli Kərimli və digər müxalifət düşərgəsinə mənsub şəxslər "iynə ilə gor qazan" kimi müvafiq sərəncam və qərarların içindən hansısa bəlli olmayan "qüsur"lar axtarmağa çalışırlar. Prezident İlham Əliyev həmin reformların həyata keçirilməsi üçün köklü şəkildə kadr dəyişikliklərinə başlayan kimi bu dəfə də müxalifət "hakimiyyət imitasiya edir" tipli böhtanları yağdırmağa başlayır. O zaman sual yaranır ki, uzun illərdir seçki yolu ilə hakimiyyətə gələ bilməyən və bu yöndə cəmiyyətin dinamik şəkildə inkişaf problemlərini ortaya qoymağı bacarmayan müxalifət nə istəyir? Müxalifət nə üçün Azərbaycanın köklü inkişaf proqramları ilə çıxış etmir? Müxalif olmaq nə sənət, nə də peşə deyil. Müxalif olmaq alternativ ideyaları irəli sürməklə tələb olunan məsələlərin daha üstün səviyyədə inkişafını gündəmə gətirmək deməkdir.

"Osmanqızı TV" layihəsindəki hərcayi baxışlar

Azərbaycanda fəaliyyət göstərdiyi dönəmlərdə "Azadlıq" qəzetinin əməkdaşlarının "pul yoxdur" deyərək aylarla maaşlarını verməyən, səbatsız qəzetçilik fəaliyyətinə görə hətta dövlətə borclu qalan Qənimət Zahid sonunda Avropaya mühacirət etməklə canını redaksiya işçilərinin tənələrindən zorla qurtara bilmişdir. Neçə illərdir mühacirət həyatını yaşasa da, bəlirsiz mənbələrdən "qrant" layihələri alsa da, hələ də "Azadlıq" qəzetinin sabiq əməkdaşlarının halal maaşlarını ödəmək fikrində deyil. Çünki, Qənimət Zahid özünü arsızlığa qoyaraq vədlər verməklə, ya da AXCP sədri Əli Kərimlidən onlara çatacaq pulların ödənilməsini tələb etmələrini bildirir. Əli Kərimli isə "Azadlıq" qəzeti AXCP-nin deyil, Qənimət Zahidin və kollektivin təsis etdiyi bir mətbu orqanıdır deyərək, bütün məsuliyyətdən yaxasını geri çəkir. Bu hərcayı əməllərə baxmayaraq, onlar yenə də bir araya gəliblər. "Azadlıq" qəzetinin fədakar jurnalistləri abırlarına qısılaraq bu iki siyasi avantüristə qarşı açıq və sərt şəkildə etirazlarından vaz keçiblər.
Əli Kərimli və Qənimət Zahid isə, öz işləklərini fərqli KİV-lər adı altında davam etdirirlər.
Gah "Azərbaycan saatı", gah "Turan Tv", indi də "Osmanqızı Tv" layihəsində yenə də birlikdə böhtan, şər və bəsit kompramatlar müstəvisində yalanlar püskürməkdə davam edirlər. Müxalifətin "taktikası" adı altında yalan maşınını necə işə salmağın üsullarını da dilə gətirməyi unutmurlar. "Osmanqızı Tv" kanalında müxalifətin aksiyalar adı ilə sabitlik və stabilliyin necə pozulması mövzusunun müzakirəyə çevrilməsini  həm də "ictimai rəy" görüntüsü adı ilə canfəşanlıqla təbliğ edirlər. Küçə və meydanlarda qanunsuz yürüşlər etmək, piketlər təşkil etmək, hakimiyyətə nifrinlər yağdırmaqdan savayı heç nə ilə yadda qalmayan AXCP sədri Əli Kərimlinin çıxışlarında dövlətimizin qarşılaşdığı problemlərin necə həll olunması ilə bağlı bir cümləsi yoxdur. Utanmadan ölkə vətəndaşları arasında sosioloji sorğular adı altında trollorlar vasitəsilə ictimai rəyin hakimiyyətə qarşı olması qənaətini sırımağa başlayıblar. Qanunla təqaüd yaşı çatmış məmurların istefaya göndərilməsini, onların yerinə gənc kadrların vəzifəyə təyin olunması barəsində ölkə prezidentinin sərəncamlarında fərqli mövzular axtarmaq tipli "dedi-qodu"nu günün əsas hadisəsi kimi yorumlamaq da siyasi korluqdan başqa bir şey deyil.

Əli Kərimlidən etiraf

Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması ilə bağlı suala cavabında etiraf edib ki, əvvəla onu tanımır. Digər yandan onu da bildirir ki, vergilər naziri vəzifəsində çalışdığı dövrdə dövlət büdcəsinə işdamlarının vergi ödəmələrində xeyli artım olubdur. Hətta "gizli iqtisadiyyat"ın tədricən leqallaşması prosesləri müşahidə olunub. Deməli prezident İlham Əliyevin dönməz iradəsi ilə aparılan kadr islahatları tələb olunan effekti yaradıb. Bütün bunlarla yanaşı, Azərbaycanı tamamilə xaricdən asılı olan ölkə kimi xarakterizə etməyə çalışılır. Əli Kərimlinin böhtanlarının tərkib hissəsi kimi aparılan təbliğatlarda o da qeyd olunur ki, guya ölkədə kadr qıtlığı var. Halbuki, peşəkar gənc kadrların dövlət işinə cəlb edilməsi çoxdan müşahidə olunan amillərdən biridir.

Özündənrazılıq mesajlarının kibirli qaydaları

AXCP cədri Əli Kərimli "Osmanqızı Tv" kanalında Azərbaycanda qondarma "siyasi məhbus" məsələsini qabartmaqla onların sayının 119 nəfər olduğunu iddia edir. Halbuki, həmin məhbusların siyahısında yer alanların azından 65 nəfəri ölkə Konstitusiyasının dəyişdirilərək zorakı yolla "şəriət dövləti"nin qurulmasına görə həbs olunanlardır. Onlar Suriya, İran, Livan, İraq və digər Yaxın Şərq ölkələrindəki radikal islamçılara məxsus düşərgələrdə xüsusi təlimlər keçiblər. Azərbaycana geri döndükdən sonra, qanunsuz yolla silahlı dəstələr yaratmaq, ölkənin demokratik prinsiplərinə qarşı çıxanları "siyasi məhbus" adlandırmaq həm də Əli Kərimlinin səbatsızlığını isbat edir. Süni şəkildə "siyasi məhbus" mövzusunu qabartması əslində xaricdən idarə olunan missioner mərkəzlərinin maraqlarını təmin etməklə özünü biabır edir. Əli Kərimli dönə-dönə çıxışlarında etiraz aksiyalarının davam etdirilməsi, ölkə daxilində qarışıqlıq yaratmaq hədəflərini də gizlətmir. Hakimiyyəti nəinki tənqid etmək, hətta təhqirlərə yol verməklə AXCP-nin iradəsinin nədən ibarət olduğunu ortaya qoyur.
Əli Kərimli AXCP və Milli Şuranın adından ötən əsrin 90-cı illərində olduğu kimi, Avropa Birliyi, Avropa Şurası, Avropa Komissiyası, beynəlxalq insan haqları təşkilatlarının adından siyasi alver etmək ənənəsini yenidən gündəmə gətirib. Azərbaycan dövlətini və iqtidarını "repressiv" adlandırmaqla ölkəmizin beynəlxalq sazişlərdən kənarda saxlanılması ideyasını ortaya atıb. Xarici təşkilatların adından "bəh-bəh"lə danışan Əli Kərimli digər mövzuların üzərindən sükutla keçir. Azərbaycandakı islahatlara alternativ təkliflərindən danışmadan görülən işlərə kölgə salmaqla özünün bu sahədə savadsız olduğunu da isbatlayır. Əhalini yenidən etiraz aksiyalarına çağırışda Əli Kərimli daha çox qadınlara ümid etdiyini elan edir. Guya bu yeni xalq hərəkatı deməkdir. Kibirli, nifrətdolu ifadələri və küdurətli xarakteri ilə Əli Kərimli bir daha özünü biabır edir. Çünki, onun xarakterində humanizm və kübarlılıq, savad və mədəni davranışlar yox kimidir. Mitinqə daha çox insanın qatılması və yaranmış izdihamların sayəsində özünün süni şəkildə "xarizmatik lider" obrazını yaratmaq iddiası əslində onun nə qədər  dayaz olduğuna dəlalət edir.

Ə. Yusifoğlu   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31