Qoşulmama Hərəkatına üzvlük Azərbaycana nə vəd edir? Təhlil

Qoşulmama Hərəkatına üzvlük Azərbaycana nə vəd edir?Təhlil

QH-yə sədrlik ölkəmizin uğurlarını dünyaya daha yaxından tanıtdıracaq

Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını alıb. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Naziri 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər Nazirinə təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Nyu-Yorkda keçirilən QH Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb və QH üzv dövlətlərinin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin QH-nin nazirlər görüşünün gündəliyinə salınması razılaşdırılıb. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Sözügedən tədbirdə xarici işlər naziri cənab Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan tərəfi, QH-nin üzvü olaraq, Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan edib.

Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla Hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük həmçinin, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlər ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

2011-ci il sentyabrın 6-da Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub və tədbirdə nazir çıxış edib. 09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclası keçirilmiş və Yekun Sənəd qəbul olunub. Hərəkatın üzvü kimi ilk dəfə Azərbaycan tərəfi bu sənədin hazırlanmasına öz töhfələrini verib. Məzmunca kifayət qədər əhatəli olan bu sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmişdir. Nazirlər iclasında qəbul edilmiş Yekun Sənədin 382-ci maddəsində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir. Həmin bənddə münaqişənin tənzimlənməsi üçün əsas təşkil edəcək məlum prinsiplərin qeyd edilməsi ilə yanaşı, 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında  olmasını təsbit etməsi də çox əlamətdardır.

Qeyd edək ki, həmin bəndin razılaşdırılması asan başa gəlməyib. Ermənistan tərəfi QH-də malik olduğu müşahidəçi statusunun yaratdığı imkanlardan və bir sıra üzv ölkələrlə ikitərəfli münasibətlərindən istifadə edərək, bəndin sənədə daxil edilməsinin qarşısını almağa, bu mümkün olmadıqda isə onu öz marağına uyğun olaraq dəyişdirməyə çalışıb. Bununla belə, üzv dövlətlərlə müvafiq iş aparılmış və sözügedən bənd Yekun Sənədə daxil edilib. Adıçəkilən iclasda xarici işlər naziri cənab Elmar Məmmədyarov çıxış  edib və dövlətlərə Azərbaycanın mövqeyinə münasibətdə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilib. Ölkəmiz 2012-ci ilin iyul ayında Nyu-Yorkda başlamış hazırlıq tədbirləri daxil olmaqla zirvə görüşünün işində fəal iştirak etmiş və zirvə görüşünün uğurla yekunlaşmasına öz töhfəsini verib. Azərbaycan Respublikası Avropa regional qrupunu təmsil etməklə Hərəkatın Əlaqələndirmə Bürosunun sədr müavini seçilib. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir. Nazirlər görüşündə qəbul olunmuş bənddən bir addım önə gedərək bu bənddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həllinə dəstəyi ifadə edib. Sammit ilə bağlı başqa bir əlamətdar hal odur ki, qeyd edilən bəndə daha əvvəl maneəçilik törədən bir sıra QH üzv ölkələri bizim bəndin qəbul olunmasına qarşı çıxmalarını dayandırmış, hətta onlar bizim bəndin qəbul olunmasına aktiv dəstək veriblər. Tədbirdə nümayəndə heyətinə başçılıq etmiş xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmiş və dövlətlərə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Yekun Sənəddə göstərdikləri davamlı dəstəyə görə təşəkkürünü bildirib. 28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilib. İclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Ölkəmiz Əlcəzair nazirlər iclasının bürosunun sədr müavini seçilib və plenar iclasın ilk seqmentinə sədrlik edib. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində[1] və Marqaritada keçirilmiş Sammitin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə ediblər. Qeyd edək ki, sonuncu Margarita Sammitinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bəndlə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu alqışlayan və Qoşulmama Hərəkatının növbəti sammitinin Azərbaycanda keçirilməsi barədə bəndlər daxil edilib. Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsi nəzərdə tutulur. Sədrliklə bağlı qərara ilkin olaraq QH-nin Əlaqələndirici Bürosunun 2015-ci il ərzində Nyu-Yorkda keçirilən iclaslarında baxılmış və Hərəkatın Əlaqələndirici Bürosunun 2015-ci ilin iyun ayında keçirilən nazirlər konfransının yekun sənədində sədrlik təklifimizə dəstək ifadə edilmişdir. Sədrliklə bağlı yekun qərar 13-18 sentyabr 2016-cı il tarixlərində Venesuelanın Marqarita adasında baş tutmuş QH Sammitində verilib.

Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının sədrlik etməsinin nəzərdə tutulduğu müddət barədə qeyd edək ki, Hərəkatın əsas sənədlərinə görə, sədrlik müddəti üç ildir. Sədrlik onu təhvil alan dövlətin ərazisində sammitin keçirilməsi ilə başlayır. 2012-ci il Tehran sammitinin qərarına görə, 2012-2015-ci illərdə İranın sədrliyindən sonra 2015-2018-ci illərdə Venesuela sədrlik etməli idi. Azərbaycan isə Venesuelanın sədrliyindən sonrakı müddətə 2018-2021-ci illər dövründə sədrlik etməyə dair öz namizədliyini vermişdi. Venesuela daxili çətinlikləri səbəbindən sammitə ev sahibliyi etməsini və sədrliyi öz üzərinə götürməsini bir il təxirə saldığından İranın sədrliyi bir il uzanıb.  Dəfələrlə təxirə salınmış növbəti sammitin planlaşdırıldığı kimi, bu ilin 13-18 sentyabr tarixlərində keçirilməsi mümkün olsa, onda Venesuelanın üç illik sədrliyi 2019-cu ildə başa çatacaqdır. Belə olduğu halda, Hərəkatın Azərbaycanda növbəti sammitinin keçirilməsi 2019-cu ilə, sədrliyimizin tarixləri isə 2019-2022-ci illərə keçmişdir. Zirvə görüşü, eləcə də sədrlik Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılmasına və təşviq edilməsinə öz töhfəsini verəcək. Eyni zamanda Azərbaycanın QH-də və ümumən dünyada nüfuzunu daha da artıracaq.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31