Ermənistan PKK terror təşkilatından Azərbaycana qarşı istifadə etməkdə maraqlıdır- ŞƏRH

Ermənistan PKK terror təşkilatından Azərbaycana qarşı istifadə etməkdə maraqlıdır-ŞƏRH

Məhəmməd Əsədullazadə: "Azərbaycan belə olan təqdirdə antiterror əməliyyatları keçirə bilər"

Türkiyənin PKK-nın uzantısı olan YPĞ-yə qarşı Suriyada apardığı nəticəli hərbi əməliyyatın ardınca Ankaranın diplomatik sahədə də uğur əldə edərək terrorçuları sözün əsl mənasında küncə sıxışdırması YPĞ-nı olduqca çətin vəziyyətə salıb. Birləşmiş Ştatların dəstəyindən müəyyən mənada məhrum olduqdan sonra Əsəd rejimi ilə anlaşa biləcəyini zənn edən terrorçular Ərdoğan və Putinin Soçi görüşündən sonra bu ümidlərindən də kəsiliblər. İndi nə Türkiyəyə qarşı vuruşmaq gücündə olan, nə də Əsədə sığına bilən terrorçular vəziyyətdən çıxış yolu, eləcə də öz həyatlarını xilas etmək üçün Suriyanı tərk etmək barədə düşünürlər. Hər halda Ankaranın ötən müddət ərzində Suriyada həyata keçirdiyi "Barış pinarı" hərbi əməliyyatından sonra bir qrup terrorçunun Suriyanı tərk etməsi barədə Türkiyə tərəfindən olan kəşfiyyat materialları belə deməyə əsas verir. Düzdür, terrorçuların Suriyanı tərk etməsi müəyyən mənada Türkiyənin işinə yarayır. Ancaq bu o demək deyil ki, Türkiyə terror təhlükəsindən tamamilə sığortalanmış olacaq.  Əsla. Suriyadan qaçan terrorçuların yenidən Türkiyə üçün təhlükə mənbəyinə çevriləcəyi  istisna edilmir. Hətta PKK və YPĞ terrorçularının Türkiyəyə növbəti terror zərbəsinin Azərbaycan ərazisindən vurulma kimi ehtimallar da səslənməkdədir. Bir qədər də dəqiqləşdirsək PKK/YPĞ terrorçuları üçüncü bir ölkə və ya ölkələr vasitəsilə Azərbaycana keçərək burada Türkiyənin diplomatik nümayəndəlikləri, iş adamları, şirkətlərini hədəf ala bilərlər. Düzdür, Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər məsuliyyətlidir və istənilən təhlükənin qarşısının alınmasında müəyyən mənada təcrübəyə malikdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, terrordan heç bir ölkə sığortalanmayıb. Adi bir missal göstərək. Bu gün dünyaya meydan oxuyan Birləşmiş Ştatlar 11 sentyabr olayları ilə demək olar ki, bir müddət beynəlxalq terrorizm qarşısında diz çökdürüldü.

Bəs, Azərbaycana terrorçular hansı marşrutla keçə bilərlər? Burada ilk ağıla gələn Ermənistandır. Suriyada vətəndaş müharibəsi başlayandan bu ölkədəki müxtəlif silahlı birləşmələrdə təmsil olunan ermənilərin işğalçı ölkəyə gətirildiyi heç kimə sirr deyil. Hətta onların arasında İŞİD terror təşkilatının təmsilçilərinin də olduğu şübhə doğurmur. Ən son İranda İmam Xomeyni məqbərəsində həyata keçirilən terror aksiyası zamanı da məhz  qeyd etdiyimiz məqam üzə çıxdı və bəlli oldu ki, həmin terrorçular bir neçə dəfə saxta sənədlərlə Ermənistan ərazisindən İrana keçiblər. İndi də eyni situasiyanın baş verməsi mümkündür. Belə ki, Ermənistana "pənah" gətirmiş YPĞ terrorçularının saxta sənədlərlə İrana, oradan isə Azərbaycana keçərək öz məkrli planlarını həyata keçirəcəkləri istisna edilmir. Yaxud elə Azərbaycanın işğal edilmiş ərazilərində cəmləşən terrorçular Türkiyədən Azərbaycana zərbə endirmək, cəbhə xəttində ciddi qarşıdurma, hərbi əməliyyatlarına başlamasına rəvac verməklə əvəz çıxmaq niyyətinə düşərlər. Təbii ki, bütün bunlar mümkün ehtimallardır və istənilən halda baş verə biləcək hər hansı xırda insidentə, təxribata, terror təhlükəsinə qarşı ayıq-sayıq olmalıyıq. Ancaq bir məqamı da qeyd etmək yerinə düşər. Belə ki, PKK/YPĞ terrorçularının işğal altında olan Dağlıq Qarabağ ərazisində cəmləşib, oradan hərəkətə keçməsi Azərbaycanın da öz ərazisində antiterror əməliyyatı həyata keçirməsinə yol açmış olar. Və belə olan təqdirdə heç şübhəsiz ki, Türkiyədə bu antiterror əməliyyatlarında Azərbaycanın yanında yer alacaq. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bunu dolayısıyla vurğuladı.

Əksər ekspertlər də hazırkı situasiyada belə bir təhlükənin mümkünlüyünü qeyd edirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin Suriyada apardığı "Barış Pınarı" əməliyyatı və Şimali İraqda PKK terror təşkilatına qarşı hərbi əməliyyatı buradakı terrorçuların üçüncü ölkələrə keçməsinə zəmin yaradır.

Məhəmməd Əsədullazadə onu da deyib ki, PKK terrorçularının Ermənistana keçməsi və oradan Qarabağa gələrək Azərbaycana qarşı fəaliyyətə keçməsi də mümkündür: "Belə olan təqdirdə Azərbaycanın antiterror əməliyyatlara başlaması mümkün ola bilər.  Türkiyənin Azərbaycana dəstək verməsinə gəldikdə isə, müəyyən dərəcədə burada geosiyasi dəyişikliklərə gətirə bilən proseslər ola bilər. Azərbaycan kifayət qədər güclü dövlətdir və bu terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyətinin qarşısnı ala bilər. Hesab edirəm ki, Ankara da Azərbaycana dəstək verə bilər. Regionumuz indi də PKK terror təşkilatının fəaliyyəti ilə gündəmdədir. Görünür, müəyyən dairələr, xüsusilə Ermənistan bu terror təşkilatından Azərbaycana qarşı istifadə etməkdə maraqlıdır. Deyərdim ki, PKK terror təşkilatının silahları Ermənistan tərəfindən ötürülür. Hətta müəyyən pul müqabilində satılır. Regionumuzda PKK terror təşkilatının fəaliyyəti ciddi problemdir və hesab edirəm ki, Azərbaycanla Türkiyə bu istiqamətdə birlikdə fəaliyyət göstərib bu terror təşkilatının fəaliyyətinə son qoya bilər".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31