İlham Əliyev: “Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür”

İlham Əliyev: “Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür”

Dövlət başçısı İlham Əliyev yenidən prezident seçildikdən sonar islahatlarla bağlı verdiyi vədləri həyata keçirməkdədir. Artıq həyata keçirilən islahatlar demək olar ki, idarəetmənin bütün sahələrini əhatə etməkdədir, başqa cür desək, idarəetmənin yeni mərhələsinə start verilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, idarəetmədə operativ və çevik qərarların qəbulu, dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır. Elə dövlət başçısının Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zamanı söylədiyi fikirlər dediklərimiz bird aha təsdiq edir: "Bu il Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb. Bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik". Əminliklə qeyd etmək olar ki, vergi sahəsində əldə olunan naliyyətlər, şəffalığın təmin olunması prezident İlham Əliyevin hələ illər öncə müəyyən etdiyi siyasi-iqtisadi kursun nəticəsidir. Xatırladaq ki, dövlət başçısı   "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalamışdı. Sözügedən sənəddə qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi kimi vacib məsələ nəzərdə tutulurdu. Bu isə bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin ləğv edilməsi və o cümlədən vergi nəzarətinin sadələşdirilməsi və xüsusən də elektron audit sisteminin tətbiqinə hesablanmışdı. Eyni zamanda, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulurdu. Artıq sadalanan istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini vernəkdədir.

Məlumat üçün qeyd edək ki, hazırda dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığında həyata keçirilən islahatlar və vergi nəzarətinin təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin 9 ayı ərzində görülən işlər nəticəsində "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin sürətləndiyi müşahidə edilir. Cari ilin 9 ayında aktiv vergi ödəyicilərinin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, habelə  aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda, iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artım dinamikası, könüllü bəyanetmə səviyyəsinin yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edib. Nəticədə həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrində vergi daxilolmalarının yüksək artım templəri müşahidə olunmaqdadır. Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 milyard 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 milyard 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74,4 milyon  manatı isə Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Vergilər Nazirliyi tərəfindən vergi daxilolmaları üzrə proqnoza 106,4 faiz əməl olunub, proqnoza nisbətən 337,5 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7 faizi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9 faizi icra olunub.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib. İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz  artıb.

Həyata keçirilən struktur islahatları nəticəsində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar da da xeyli dərəcədə artım qeydə alınıb. "Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4 faizini təşkil edir. Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6 faiz artıb, proqnoz 107,2 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9 faiz artıb, proqnoz 108,7 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3 faiz artıb, proqnoz 107,3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8 faiz artıb, proqnoz isə 110,4 faiz icra edilib. Salanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda dövlət vergi siyasəti elə tənzimlənib ki, dünyada baş verən qlobal iqtisadi geriləmələrin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək elə də çətin deyil. Üstəlik vergi yığmalarının artması nəticəsində əldə edilən gəlirlərin əhalinin sosial rifaının yaxşılaşmasına yönəldilməsi dövlətin prioritet məsələlərindədndir.  

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31