“İslahatlara alternativ yoxdur” – İlham Əliyev sözünə əməl edir

“İslahatlara alternativ yoxdur” – İlham Əliyev sözünə əməl edir

Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev faktiki olaraq, MDB məkanında yeganə dövlət başçısıdır ki, ölkənin inkişafı naminə kadr islahatları, iqtisadi, sosial və digər sahələrdə bütün reformalara prezident səviyyəsində rəhbərlik edir. Hətta gündəmə gətirilən islahatları uzun müddətdir dolayı yolla əngəlləməyə çalışan bəzi iriçəkili məmurların  istefaya göndərilməsində əsil iradə sahibi olduğunu nümayiş etdirir. Heç bir iş görmədən tutduqları yüksək vəzifəsindən "zəli" kimi yapışanları sərt şəkildə tənqid edən tək lider də məhz İlham Əliyevdir. İrəli sürülən islahatlar əslində ölkənin daha da  dirçəltməsinə və dünya standartlarına uyğunlaşdırılmasına, modern inkişaf doktrinasına hesablanmış addımlardır. "Kölgə iqtisadiyyatı"nın leqallaşdırılması, sosial-iqtisadi inkişafın gücləndirilməsi siyasəti bu gün ölkədə ən çox müzakirələrə yol açan mövzulardan biridir.



Azərbaycanda feodalizm təfəkkürü ilə idarəetmə sistemini müdafiə edən və həyatın bütün tərəflərini özünün şəxsi maraqları çərçivəsində görən bəzi iriçəkili məmurlarla mübarizə ölkə prezidenti İlham Əliyev tərəfindən 2003-cü ildən etibarən aparılmaqdadır. Keçmiş səhiyyə naziri Əli İnsanov, MT naziri Eldar Mahmudov və  digər bəzi iriçəkili məmurlarla bağlı nümayiş etdirdiyi iradə cəmiyyətin gözü qarşısında baş verib. Özlərini "kiçik padşahlar" kimi aparan bəzi icra başçıları, digər məmurlar da belə bir aqibətlə üzləşiblər. Prezident İlham Əliyevin atdığı qəti addımlar "Transparency International" təşkilatının hesabatlarında xüsusi yer tutur. Bu beynəlxalq təşkilat hər il dünyada korrupsiya və rüşvətxorluğa qarşı hansı ölkədə necə mübarizə aparılması barəsində hesabatlar yayır. Azərbaycana aid son araşdırmalarda prezident İlham Əliyevin apardığı uğurlu islahatlar geniş şəkildə təqdir olunub: "Prezident İlham Əliyev Azərbaycanda məmur özbaşınalığına, islahat siyasətinə qarşı çıxanlara ən sərt şəkildə çıxışları ilə cəmiyyətin rəğbətini qazanıb. Hətta iriçəkili məmurları cəzalandırmaqdan belə çəkinmir".
 

Korrupsiya əsiri olan bəzi məmurların Azərbaycana gətirdikləri ən böyük bəlalardan biri də "gizli iqtisadiyyat"ın idarə olunmasıdır. Yaşadığın dövlətin sərvətləri hesabına istehsal müəssisələri yarat və əldə etdiyin gəlirləri özünün gizli imperiyasının maraqlarına yönəlt. Bütün bunlar azmış kimi, dövlət büdcəsini talamaqla özünü "qəhrəman" sayanlar da bu prosesdə iştirak edirdilər. Hər hansı zərurət olmadan süni şəkildə bahaçılıq siyasətinin aparılması bu harınların daha da zənginləşməsinə səbəb olurdu. Vətəndaşların haqlı narazılığına səbəb olan bu amillər dolayı yolla insanları hakimiyyətə qarşı körükləyirdi.
Apardığımız müşahidələr əsasında o da bəlli oldu ki, prezident İlham Əliyev hər il bu istiqamətdə hökumətin iştirakı ilə müşavirələr keçirib və məmur özbaşınalığı halları ilə bağlı kəskin çıxışlar edib. Ancaq, təəssüflər olsun ki, bəzi məmurlar nepotizmin xəstəsi olduqları üçün prezidentin iradlarını və tənqidi fikirlərini "qulaqardı"na vururdular. 2019-cü il bəzi harınlanmış məmurlara mübarizə ili kimi tarixə düşdü. Beynəlxalq terminlə ifadə etsək: "Costs to the society" ideyası artıq tamamilə iflasa uğramaqdadır. Çünki, mənəvi aşınmalar, vəzifəsindən sui-istifadə, pessimizm, etibarsızlıq, sosial zümrələr arasında əlaqələrin dağılması və deqradasiyaya uğraması kimi hallar cəmiyyətin haqlı narazılığına səbəb olurdu. İnsanların hakimiyyətlə motivasiya olunması üçün bu gün dövlət səviyyəsində atılan addımlar artıq təqdirəlayiq hadisələrdən biri kimi qiymətləndirilir.

 

Müxalifətin yalnışlıqları

Ölkə başçısı İlham Əliyev faktiki olaraq fəaliyyətini özünütənqid üzərində qurub. Hakimiyyətin hansı eşalonunda təmsil olunmasından asılı olmayaraq, hər kəsin belə bir özünütənqid ruhu ilə yanaşmasını da dəfələrlə açıqlayıb. Müxalifət isə bütün bunları yalnış yerə "hakimiyyət daxilində böhran" kimi qələmə verib. Bir də baxıb görürsən ki, sosial şəbəkə "qəhrəmanları" prezident İlham Əliyevin hər hansı tənqidi fikrini dərhal fərqli məcrada yorumlamağa çalışırlar. Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir zamanlar apardığı reket jurnalistikaya qarşı mübarizəsi belə "çəkçevir" edildi. Halbuki, milli mətbuatımız adına ləkə olan reket jurnalistikanın pərdəarxasında apardığı oyunların mənası antidövlət siyasətinə xidmət edirdi. Bu gün hansısa məmurla bağlı kompramat əldə edərək genişmiqyaslı korrupsiya siyasətinə rəvac verənlər, sabah da düşmən ölkənin respublikamıza qarşı hədəf olaraq seçdiyi dərin siyasi oyunların bir parçasına çevrilə bilərdilər.
Prezident İlham Əliyev son müşavirədə dövlət büdcəsindən vəsait istəyən məmurları xərcləri şişirtməkdə ittiham edib. Prezident bildirib ki, onlar həm də özlərinin kim olduqlarını ifşa edəcəklər: "Şişirdilmiş, havadan götürülmüş rəqəmlər təqdim olunur. Soruşanda ki, misal üçün, bənd tikməyə, yol çəkməyə, kabel çəkməyə bu qədər vəsait xərclənəcəyi barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır."

Oktyabr müşavirəsində prezident İlham Əliyev məmurları pis vərdişlərdən əl çəkməyə çağırıb və bildirib ki, belə olduğu halda büdcəyə qənaət etmək, maaşların, pensiyaların artırılmasına imkan yaradılar, şəffaflıq təmin oluna bilər. Prezidentin çıxışından sonra artıq cəmiyyətdə hakimiyyətə inananların sayı sürətlə artıb. Bu istiqamətdə aparılan sosioloji sorğular da prezident İlham Əliyevə və onun yenilənmiş komandasına inamın artdığını təsdiq etməkdədir. Müxalifətin hələ də cəmiyyətdə mövcud problemlərin həlli istiqamətində təkliflərinin və qanunvericilik bazasının zənginləşməsi ilə bağlı hansı addımların atılması fikrinin olmaması da artıq göz önündədir. Ona görə də cəmiyyəti süni şəkildə radikalizmə sürükləmək taktikasına üz tutub. Oktyabr ayının 19-da paytaxt Bakıda AXCP və Milli Şuranın keçirmək istədiyi aksiya iflasa uğradı. Cəmiyyət və hakimiyyət arasında vətəndaş sülhü fəlsəfəsini barışmazlıq bataqlığına sürükləmək cəhdləri 19 oktyabr aksiyasında özünü göstərdi. Beləliklə AXCP və Milli Şura bir daha əsil simasını nümayiş etdirərək ölkədə gözlənilən islahatların qarşısının alınması və dövlət siyasətinin əsil strateji hədəfi olan reformizmə qarşı olduğunu isbat etdi. 

Azərbaycanın dövlət quruculuğunda əməyi olan təcrübəli dövlət xadimlərinin bu gün yaşla bağlı istefaya göndərilmələrinə fərqli yanaşılmalıdır. Onların əksəriyyətini dövlət başçısı İlham Əliyev şəxsən qəbul edib və hər birinə ayrı-ayrılıqda təşəkkürünü bildirib. Belə bir nəcib addım dövlət və ictimai xadim olan bu şəxslərə olan ehtiramdan irəli gəlir.

Qeyd edək ki, bu islahatlar göydəndüşmə olmadı.
Daha öncələr prezident İlham Əliyev kadr islahatları və idarəetmə sahəsində struktur dəyişikiliklərini aparacağı barəsində anons vermişdi. Bütün bunları diqqətlə izlədikdə o da bəlli olur ki, iqtidarda olub da korrupsiyaya qurşanmış bəzi məmurlar elə müxalifətdəki liderlərə bənzəyirlər. Çünki, əksər müxalifət partiyalarının rəhbərləri də bu prinsiplər əsasında fəaliyyət göstərirlər. Öz yaxınları və qohum-əqrabalarını sədri olduqları partiyanın əsas fuksionerinə çeviriblər. Müxalifətin bu yalnış addımları və baxışları həm də ölkədə tələb olunan islahatların əyləc kimi qarşısının alınmasına xidmət edir.
Ölkədə baş verən bütün prosesləri diqqətlə təqib edən Prezident son zamanlar aparılan islahatlar barədə danışarkən bildirib ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxırlar. Bu şəxslər hər vəchlə görülən işlərə əngəl törətmək istəyirlər: "Bu islahatlar onların şəxsi maraqlarına toxunur. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Prezidentin tapşırığı ilə aparılan islahatların üzərinə kölgə salınır. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz".

Ə. Yusifoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31