Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif görüşdü

Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi apardılar.

Olaylar.az xəbər verir ki, nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söylədilər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və QH-nin Zirvə Toplantısının yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür bildirdi.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edildi. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulandı.

Görüşün sonunda Nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31