Müxalifətin köhnə hamamında köhnə tas- Şərh
Müxalifətin köhnə hamamında köhnə tas-Şərh
23 Oktyabr 2019 13:03 SiyasətÖtən həftənin sonu radikal siyasi düşərgənin paytaxtda ictimai asayişi pozmaq bahasına keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiya bir daha sübut etdi ki, sözügedən siyasi qüvvələri yalnız bir şey düşündürür. Azərbaycanda qarşıdurma yaratmaq, ölkədə xaos, anarxiyaya yol açmaqla hakimiyyətə gəlmək planlarını həyata keçirmək. Ancaq sevindirici hal ondan ibarətdir ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan cəmiyyəti radikal siyasi düşərgənin mitinq keçirmək istəyinə qarşılıq vermədi və onu dəstəkləmədi. Bu da nəticə etibarilə belə bir mövqeni ortaya qoydu ki, hazırkı situasiyada kütləvi aksiya, mitinq və ya piketlərin keçirilməsi üçün heç bir sosial sifariş yoxdur. Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva da belə düşünür. O, bildirib ki, hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Onun sözlərinə görə, bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyyən proseslər ərəfəsində iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir: "Yəni, məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses bir qaragürüh qrupun monopoliyasında, zaman-zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukraynada "narıncı inqlab" olanda narınca bürünüb etiraz edir, Gürcüstanda "qızılgül inqilabı" olanda əllərinə qızılğül alıb etiraz edirdilər. Türkiyədə qadına qarşı zorakılıq etirazları keçiriləndə, bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edirlər. Yaxın Şərqdə İslam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edirlər. Yəni, kənarda baş verən etirazların imitasiyası gedir. Proseslər imitasiya olunduğu kimi, simalar da yamsılanır. Məsələn, bloger Əli Kərimli hər prosesdə özünü bir xarici etirazçı liderə oxşatmağa çalışır. Məsələn, elə haqqında danışdığımız Navalnıy kimi. Ancaq məsələ ondadır ki, Navalnıy və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da, Azərbaycanda isə əksinə, bu qruplara nifrət gətirir". Yeganə Hacıyeva qeyd edib ki, Aşqabadda MDB ölkələri rəhbərlərinin qapalı iclası, Bakıda isə Türkdilli Ölkələrin Şurası toplantısı keçirilən ərəfədə belə bir aksiyanın təşkili heç də təsadüfi deyildi: "Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə, bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması aydın gözə çarpdı. Türkiyənin "Barış Pınarı" sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikrimcə, ümümiyyətlə ehtiyac yoxdur. Çünki, bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna birbaşa təsir edən məsələlərdir. İndi sual yaranır: regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə proseslərin mərkəzində olan Azərbaycan paytaxtında etiraz üçün icazəli yer olduğu halda, müxalifət mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü verməklə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır ? Və ən əsası, belə görüntünün verilməsi üçün sifariş onlara hardan gəlib? Yaxud bundan radikal siyasi düşərgə nə əldə etdi?" Ekspertin qənaətincə, oktyabrın 19-da Azərbaycan vətəndaşına bir daha aydın oldu ki, müxtəlif formasiyalar keçsə də 90-cı illərin müxalifətinin əsl üzü cəmiyyət və ən əsası dövlətlə konfrantasiya təmayüllüdür: "Bu illər ərzində yerli, xarici, beynəlxalq təşkilatlarin bu qədər təlimi, maarifləndirmə kursları və s. heç nəyə yaramayıb. Bu 26 il ərzində şüarları belə dəyişməyib. Sonuncu mitinqdə təşkilatçının şəxsi qisasçılıq motivlərini bu qədər qabartmasını daxildə və xaricdə ona loyal qrupları, ən əsası isə sifarişçiləri məyus etdi. Onun isterik dağıdıcı çıxışından sonra qarşı tərəf sabitlik, huzur, əmin-amanlıq ünvanı kimi bir daha təsdiqləndi. Və ən əsası, oktyabrın 19-da küçədə şəxsən Əli Kərimli iflas etdi. Məhz oktyabrın 19-dan müxalif, şübhəli, mühacir, radikal səhifələrin "xalqın lideri oldu" mesajının arxasında da bu iflasın etirafı durur. Daxili, xarici provokator qrupları öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisi məyus etdi. Ən əsası, polisin Əli Kərimliyə qarşı münasibəti onun iki gün öncə polisə itaətsizliyə çağırmasına cavab idi. Bu gün Azərbaycan polisi AXC hakimiyyətinin vətəndaşlardan öncə Bakıya qaçan polisi deyil". Ekspert onu da diqqətə çatdırıb ki, Qərb dediyimiz təsisat monolit bir təsis deyil: "Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız Avropa Birliyi, ABŞ - təsisatın bəlli ünvanları, siyasi, təhlükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm: son iki ildə Avropa Birliyinin kibertəhlükəsizlik institutları AB-də və maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar. Bu hesabatlarda Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin (müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatlar, siyasi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olmasını bilir. Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı, məramı aydın olmayan, anti-Azərbaycan suraqat təsisatlardır".
Füzuli
Olaylar.az