Ankaranın növbəti diplomatik uğuru- MÖVQE

Ankaranın növbəti diplomatik uğuru-MÖVQE

Türkiyə fəal diplomatik gedişləri və uğurlu hərbi əməliyyatları ilə hədəfə doğru əzmlə irəliləyir. Ötən müddət ərzində "Barış pinarı" antiterror əməliyyatı nəticəsində yüzlərlə terrorçunun məhv edilməsi, nəticə etibarilə Vaşinqtonun Ankara ilə anlaşmaya getməsini şərtləndirdi. Beləliklə, Türkiyə bununla Yaxın Şərqdə maraqlarının təmin olunması vacibliyini diktə etmiş oldu. Nəzərə alsaq ki, Rusiyanın da regionda müəyyən dərəcədə maraqları var, o zaman Ankara ilə Moskvanın Yaxın Şərq, xüsusilə Suriya ilə bağlı məsələdə müəyyən razılığa gəlməsi vacibdir. Düzdür, iki ölkə arasında sözügedən regionla bağlı münasibətdə müəyyən mənada eynilik var. Ancaq bu qarşılıqlı anlaşma və razılaşmanın bir qədər də möhkəm olması zəruridir. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Rusiya Federasiyasına səfər etməsi, bu ölkədən olan həmkarı Vladimir Putinlə görüşməsi məhz bu məqsədə xidmət edirdi.

Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri və orada aparılan müzakirələrə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi. Onun sözlərinə görə,  Türkiyə Suriya sərhəddinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı: "Çünki, həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə Amerika prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə iadə etdi. Ona görə də bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı".

***

Politoloq hesab edir ki, Ərdoğanın Putinlə  Soçi görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı: "Birincisi, Ərdoğan "Barış Pınarı" əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putinə  bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Bunu Rusiya təmin edəcək. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada İŞİD terrorçularını təqib edəcək. Soçidəki anlaşma həm də onu göstərdi ki, Əsəd öz ölkəsində Rusiya prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir. İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək. Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar. Beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir. Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməqşlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib".

***

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Türkiyənin "Barış Pınarı" hərbi əməliyyatından sonra Suriya üzrə ssenari yenidən ciziləcək. Onun sözlərinə görə, Astana formatında Türkiyə daha da əlini gücləndirib: "Qeyd edim ki, ABŞ Suriyanın Şimal-Şərqindən çıxır, YPG terror təşkilatı fiaskoya uğrayıb, Ankara bufer zona yaratmaq planını reallaşdırır. Bundan əlavə, Türkiyə ilə ABŞ arasında 13 maddəlik müqavilə imzalanıb.  Putin Ərdoğanla üzbəüz ona görə danışqlar aparmağı qərara alıb ki, Ankara kifayət qədər uğur əldə edib və Suriya münaqişəsində əsas oyunçu vəziyyətə gəlib. Təbii ki, ABŞ qarşısında şərtlərini diktə edən Ankara sabah Rusiya qarşısında da buna gedə bilər. Ona görə də Putin Ərdoğanla bir sıra məsələlərdə razılığa gəlməyi planlayır. İlk öncə Putin çalışacaq ki, Ərdoğanla Əsəd arasında münasibətlər normallaşsın. Ərdoğanın buna getməsi mümkündür. İlk əvvəldən Ərdoğan rejim qüvvələrinin YPG ərazilərində yerləşməsinə etiraz etməyib, hətta "Barış Pınarı" əməliyyatına başlayan zaman Dəməşqə məlumat verib. Bu görüşdən sonra Ankara -Dəməşq arasında əlaqələrin bərpası mümkün ola bilər. Məhz Soçi görüşü qabağı Trampın Türkiyəyə ordu yeritməsi kimi Pompeonun açıqlaması Ankaraya mesajdı".

Politoloq hesab edir ki, Putin -Ərdoğan görüşü Suriya münaqişəsinin həllinə və tezləşməsinə gətirə bilər: "Ərdoğanın da Putindən istəkləri var. Bura YPG terror təşkilatına Əsəd ordusunun dəstək verməsini dayandırması, Suriya ilə sərhəddə qaçqınların yerləşdirməsinə problemlərin yaradılmaması, Əsəd ordusunun bufer zonaya yaxınlaşmaması kimi məsələlər ətrafında istəkləri mümkündür. Suriya üzərində Türkiyə-Rusiya və İran razılaşması tam mümkündür. Burada İran Türkiyənin Suriyada iştirakını qəbul etməsə də, reallıqla barışmalı olacaq. Yaxın Şərdə əsasən Suriya münaqişəsində Türkiyə öz mövqeyini gücləndirir. ABŞ-sız Suriya münaqişəsi Rusiyanın moderatorluğu ilə həll ediləcək. Bir məsələni qeyd edim ki, Suriya məsələsində Rusiya və Türkiyə ciddi anlaşırsa, bu anlaşma Qarabağ məsələsində də mümkündür. Əgər, Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa, Moskva-Ankara arasında intensiv Qarabağ danışıqları mümkün ola bilər. Regionda yeni proseslərə və dəyişikliklərə gətirə biləcək situasiya yaşanır. Bunun ölkəmizə də təsirləri qaçılmazdı".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31