Problemlər və provakasiyalar ölkəsi – Ermənistan

Problemlər və provakasiyalar ölkəsi – Ermənistan

Bu il sentyabr ayının 26-da Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli istiqamətində belə bir fikir səsləndirib: "Bu problemin həllinin tək yolu var. Qarşılıqlı olaraq bütün tərəfləri razı salan plan ortada olmalıdır. Eyni zamanda sülhyaratma istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və birbaşa iştirak edən dövlətləri də qane edən düstur olmalıdır". Beynəlxalq praktikada bu qədər riyakarcasına açıqlama verilməmişdir. Başqa bir dövlətin ərazisini işğalında iştirak et və sonra da sülh prosesində "tərəfləri məmnun edən plan" barəsində boşboğazlıq et. Halbuki, İrəvanda durum heç də ürəkaçan deyil. Çünki, marginal Ermənistan çoxqütblülük siyasətinin labirintləri ətrafında istədiyi addımları ata bilməkdə dərin problemlərlə üz-üzədir.

"Gizli iqtisadiyyat"la idarə olunan İrəvanın problemləri 
 

Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan bildirib ki: "Ermənistan iqtisadiyyatının 22 faizi gizli biznes sektorunun nəzarətindədir. Onlar vergilərdən və ticarət sahəsində  əldə etdikləri qazanclardan məharətlə yayınırlar. Xüsusilə kiçik və orta biznes sektoru peşəkar səviyyədə vergi ödəməkdən qaçırlar." Erməni iqtisadçıları onu da etiraf edirlər ki, ötən ilin "məxməri inqilabı"ndan sonra, hakimiyyətə gələn yeni iqtidar nə qədər çaba göstərsə də, özlərini demokrat adlandırsalar da, cəmiyyətdə xüsusi çəkiyə malik olan ticarətçiləri və istehsalçıları maraqlandıran gəlir vergisindən necə yayınmaqdır. David Ananyan onu da etiraf edib ki: "Gəlir vergisi ödənişlərini toplamaq hakimiyyət üçün o qədər çətinləşib ki, gizli iqtisadiyyat artıq idarəolunmaz həddə çatıbdır. Xüsusilə kənd təsərrüfatı mallarının ticarətində gəlir vergisindən yayınma halları pik nöqtəyə çatıbdır".  
Ermənistanda kifayət qədər nüfuz sahibi olan iqtisadiyyat üzrə analitik Hrant Mikaelyan isə açıqlama verərək bunları demişdir: "Hakimiyyət rəsmiləri Ermənistan iqtisadiyyatının 22 faizinin gizli biznesə məxsus olduğunu deyirlər. Bu bir yalandır. Gizli iqtisadiyyatın idarə olunması azından 40-45 faiz həddindədir. Ölkənin əsas gəlirləri iri biznes sektoru tərəfindən tənzimlənir. Orta və kiçik sahibkarlığı nəzarətə almaq və onları vergilərə cəlb etmək çox çətindir. Əhali vergi ödəməkdən açıq şəkildə imtina edir. Bunun əsil səbəbi isə, keçmişdən miras qalmış bir çox ənənələrdir. Digər yandan təqaüdlərin və maaşların həddindən aşağı olması da insanlara sirayət edən amillərdən biridir. Bizi qorxudan əsas faktor gizli iqtisadiyyatın iri istehsal vasitələrinə sirayət etməsidir. Əgər bu prosesin arşısı vaxtında alınmazsa, o zaman Ermənistan defolt durumu ilə üz-üzə qalacaqdır" (mənbə:  https://jam-news.net/почти-четверть-экономики-армении-нах/?lang=ru).

Siyasi ehtiraslar və Konstitusiya Məhkəməsi

2018-ci il aprel ayında demokratiya pərdəsi altında hakimiyyətə gələn Nikol Paşinyanın qarşısında duran iki mühüm vəzifə var. Bu, onun hakimiyyətini qətiyyən qəbul etmək istəməyən Konstitusiya Məhkəməsinin rəhbərliyi və ordudakı "xunta" rejimini müdafiə edən zabitlərdən təşkil olunmuş hüquqi və siyasi-hərbi elitadan ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan qanunla seçkili orqanın rəhbəri olduğu üçün kimsə ona toxuna bilmir. H. Tovmasyan isə Ermənistanı 20 il idarə etmiş "hərbi xunta" siyasətinin liderləri kimi tanınan Robert Köçəryan və Serj Sərkisyanın kadrı sayılır. Ona görə də parlamentdə çoxluq təşkil edən Nikol Paşinyanın tərəfdarları Konstitusiya Məhkəməsinin müəyyən səlahiyyətlərinin əlindən alınmasına çalışırlar. Ötən bir ildə irəli atılan addımların heç biri özünü doğrulda biıməyib. Son bir ildə hakimiyyət dəyişikliyi nəticəsində işdən azad edilən və keçmiş hakimiyyətin tərəfdarı olan məmurlar məhkəmə yolu ilə öz vəzifələrinə geri qaytarılırlar. Beləliklə də hakimiyyətin bütün eşalonlarında "ikihakimiyyətlilik" hökm sürür. Konstitusiya Məhkəməsi eks-prezident Robert Köçəryanı dolayı yolla dəstəkləməklə yeni iqtidarı mümkün qədər gücsüz duruma yuvarlatmağa çalışır. 2008-ci il 1 mart tarixində seçkilərin saxtakarlığına etiraz edən və dinc şəkildə mitinq keçirənlərin gülləbaran edilməsində təqsirli bilinən Robert Köçəryanla bağlı məhkəmə prosesi istənilən nəticəni vermir. O da bəllidir ki, Konstitusiya Məhkməsinin üzvlərinin əksəriyyəti vaxtilə "hərbi xunta" rejiminin siyasi ruporu olan "Respublika Partiyası"nın üzvləri olublar. Beləliklə Konstitusiya Məhkəməsi və parlament arasında çox ciddi ixtilaflar yaşanılır. Digər yandan 2015-ci ildə eks-prezident Serj Sərkisyanın təşəbbüsü ilə keçirilən referendum sayəsində ölkə prezidentinin və baş nazirinin bir sıra səlahiyyətləri parlamentə verilib. Bu gün parlamentdə indiki baş nazir Nikol Paşinyan tərəfdarları Konstitusiya Məhkəməsinin hakimlərinə etimadsızlıqla bağlı kifayət qədər səs əldə etmək kimi problemlə üz-üzə qalıblar. Konstitusiya Məhkməsi ilə bağlı mövcud qanuna görə Hrayr Tovmasyan 2025-ci ilə qədər sədr vəzifəsində qala bilər. Ona görə də yeni Konstitusiya hazırlamaq və referendum keçirərək bunu təsdiq etdirmək Nikol Paşinyan tərəfdarları tərəfindən təbliğ edilıməkdədir. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Nikol Paşinyan isə nəticə olaraq belə bir etirafda bulunub: "Biz 2019-cu ildə yaşasaq da, 1995-ci ilin qanunları ilə idarə olunuruq. Belə bir durumla üz-üzə qaldığımız üçün ciddi addımlar atmaqda çətinlik çəkirik".

Hərbi xunta rejiminin generalları və Nikol Paşinyan
 

2020-ci ildə qondarma Dağlıq Qarabağ rejimi növbəti prezident seçkilərini keçirməyə hazırlaşır. Bölgədə "müharibə partiyası"nı təmsil edən generallar Vitali Balasayan, Armen Qriqoryan və Arman Babacanyan prezident kürsüsünə sahib çıxmaq ən şanslı kadrlar hesab olunurlar. İrəvandakı siyasi kuluarlarda o da qeyd olunur ki, son günlər mövcud hakimiyyətin reytinqinin aşağı düşməsi "hərbi xunta" rejiminin tərəfdarlarının mövqelərinin artmasına səbəb olubdur. Xüsusilə qondarma Dağlıq Qarabağ rejiminin uzurpatsiyasının qorunması məsələsində "müharibə partiyası" tərəfdarları fəallaşıblar. Onların arasında Vitali Balasayan daha çox geniş şəkildə təbliğ olunur. Belə ki, Vitali Balasanyan general-mayordur və qondarma Dağlıq Qarabağ rejiminin təhlükəsizlik şurasının katibi olub. O, eyni zamanda Ermənistanın yeni hakimiyyətini ən sərt şəkildə tənqid edənlərdən biri kimi də tanınır. Hətta Nikol Paşinyanı qondarma Dağlıq Qarabağ rejiminin daxili işlərinə müdaxilə edəcəyi təqdirdə fiziki baxımdan aradan götürməklə      
hədələyibdir. Vitali Balasanyan "LIVEnews.am" internet tv kanalına müsahibə verərək bunları demişdir: "Nikol Paşinyan Qərb dairələrinin maddi və siyasi dəstəyi ilə iqtidara gəlib. Onu erməni xalqı seçməyib. N. Paşinyan indinin özündə belə, Qərbin maraqları çərçivəsində siyasət yürüdür. Paşinyan cinayətkardır. Çünki, dövlət çevrilişi sayəsində iqtidara gəlibdir. Onun "Sasna tsrer" (Sasun tərəfdarları) təşkilatına qarşı barışmaz mövqe sərgiləməsi əsla yolverilməzdir. Çünki, təşkilatın bütün üzvləri Dağlıq Qarabağ uğrunda qan töküblər. Nikol Paşinyan və onun tərəfdarları "Sasna tsrer" təşkilatının bütün üzvlərini terrorçu kimi qələmə verirlər. Biz bunu əsla qəbul edə bilmərik". Onun bu açıqlamasına isə, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan belə cavab veribdir: "Vitali Balasanyan özünü xuliqan kimi aparır. Belə bir xarakterə malik olan birisi prezident ola bilməz. Onun siyasi karyerası Serj Sərkisyanla birlikdə sona çatmışdır. O, "Bağramyan 26" teleqram-kanalına müsahibə verərək Nikol Paşinyanı fizki cəhətdən aradan götürməyə hazır olduğunu deyib. Belə bir yanaşma tərzi konfrantasiyaların daha da dərinləşməsinə gətirib çıxaracaqdır". Vitali Balasayanın cavabı da uzun çəkməyib: "Dağlıq Qarabağın daxili işlərinə kimsənin qarışmağa ixtiyarı yoxdur. Xüsusilə də Nikol Paşinyanın.     

Ə. Yusifoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31