Bakı daha bir beynəlxalq tədbirə hazırlaşır
Məlum olduğu kimi oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək.
22 Oktyabr 2019 14:51 Siyasət60 ölkənin dövlət və hökumət başçıları Azərbaycana gəlir
Məlum olduğu kimi oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. Bununla bağlı Xarici İşlər Nazirliyində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov bir ay ərzində Azərbaycanın iki mühüm beynəlxalq tədbirə evsahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, bunlardan biri Türkidilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşüdür ki, Azərbaycan həmin tədbirə yüksək səviyyədə evsahibliyi etdi. Digəri isə oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü olacaq. Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərarın Qoşulmama Hərəkatının 2016-cı il sentyabrın 13-18-də keçirilən zirvə görüşündə verildiyini diqqətə çatdıran Ramiz Həsənov ölkəmizin 2011 ci ildən bu təşkilatın üzvü olduğunu söyləyib: "Bildiyiniz kimi Qoşulmama Hərəkatında dünyanın 120 dövlət bir araya gəlib. Bu təşkilat BMT Baş Assambleyasından sonra dünyada ikinci böyük siyasi təşkilatdır. Hərəkat beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayır".
Azərbaycanın qarşıdakı 3 il ərzində, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyən Ramiz Həsənov Hərəkatın Bakı zirvə görüşündə 158 ölkə və beynəlxalq təşkilatların rəhbərlərinin iştirak edəcəyini diqqətə çatdırıb.
Ramiz Həsənov Qoşulmama Hərəkatının 18 ci zirvə görüşündə 4 mühüm sənədin qəbul edilməsi də nəzərdə tutulub. Bunların içərisində yekun sənəd, Bakı bəyannaməsi, Azərbaycana təşəkkür məktubu və Fələstinlə bağlı sənəd yer alır. XİN rəsmisi onu da diqqətə çatdırıb ki, yekun sənəd və bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də əksini tapacaq: "Ümumiyyətlə, Qoşulma Hərəkatının bu günə qədər qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağ məsələsi yer alıb və təşkilat problemin ərazi bütövlüyünün bərpası, beynəlxalq hüquq və prinsiplərin tətbiq olunmasını başlıca amil hesab edir.
Zirvə görüşünü işıqlandırmaq üçün 246 KİV-in qeydiyyatdan ekçdiyini deyən Ramiz Həsənov Bakı görüşündə 60 a yaxın dövlət və hökumət başçısının iştirakının gözlənildiyini diqqətə çatdırıb. Həmçinin Velesuela prezidentinin zirvə görüşündə iştirak etmək üçün Bakıya gəlməsi gözlənilir. Ermənistanın təşkilatda müşahidəçi statusunun nəzərə alınaraq bu ölkənin də Bakıda keçirilən Zirvə görüşündə iştirakına gəlincə, XİN rəsmisi deyib ki, Ermənistanın adı iştirakçılar sırasında yoxdur və onlar zirvə görüşündə iştirak etmək üçün qeydiyyatdan ekçməyiblər. Baxmayaraq ki, Azərbaycan təşkilatın hazırkı sədri Venesuela vasitəsilə bütün maraqlı ölkələrin zirvə görüşündə iştirakının mümkünlüyünü ifadə edib.
Zirvə görüşündə müzakirə ediləcək məsələlər, eləcə də onun proqramı barədə məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, tədbir 3 seqmentdən ibarət olacaq. Bura xarici işlər nazirləri səviyyəsində görüş də daxildir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə əsas fəaliyyət istiqamətlərinə gəlincə Leyla Abdullayeva deyib ki, bizim üçün əsas beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdir. Leyla Abdullayeva onu da söyləyib ki, Azərbaycan təşkilata sədrlik dövründə təşkilatın nüfuzunun artırılması, təşkilatın 1955 ci ildə qəbul edilmiş "Bandunq prinsipləri" sazişinin icrasının sürətləndirilməsi istiqamətində fəaliyyətini intensivləşdirəcək.