İlham Əliyev: “Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi”

İlham Əliyev: “Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi”

Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən olan Heydər Əliyevin xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır. Çünki, Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı müstəqil dövlət quruculuğunun memari, ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edir. XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş edib. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri olub. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.

Hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin komandasında Heydər Əliyevin şəxsi təşəbbüsü və qərarı ilə təyin olunan çoxsaylı kadrlar təmsil olunmaqdadır. Heydər Əliyevin təcrübəsindən bəhrələnən, üstəlik bu kursa sadiq olan bir sıra dövlət məmurları hazırda fəaliyyətlərini davam etdirməkdədirlər. Lakin dövlətçilik ənənələrinə sadiq qalaraq gənc kadrlara meydan vermək istəyində olan məmurlar da yox deyil. Yeri gəlmişkən qeyd edək ki, artıq  Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov öz ərizələrinə əsasən tutduqları vəzifələrindən azad olunublar. Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edib. Dövlət başçısı bildirib ki, bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi: "O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını - Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır... Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu".

Sözün həqiqi mənasında 1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Uzaqgörən siyasətçi Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini - siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi.

Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamını özünə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlama sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!"

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31