Amerika "Azadlıq" radiosundan niyə vaz keçdi?...

Amerika "Azadlıq" radiosundan niyə vaz keçdi?...

Ruhunu, milliliyini, dövlətçilik ənənəsinə sadiqliyini qoruyanlar üçün həmişə və hər yerdə çətin olub. Onda mənim kimi bir iki adama da çətin idi. Səndən tərəfsiz əslində isə tərəf düzəltmək istəyirdilər. Bəlkə çoxları deyər ki, söhbət nədən gedir. "Azadlıq" radiosundan danışacağam sizə. O "Azadlıq" radiosundan ki, guya tərəf deyildi. Əslində Dövlət Departamentinin, ABŞ kəşfiyyatının qeyri-rəsmi söz tribunası idi. Postsovet ölkələrinin hər birində geniş dinləyici auditoriyası var idi bu radionun. Yəqin kimsə bilmir ki, həm də qadağaları mövcud idi. Ad çəkmək, kimisə hədəf eləmək deyil niyyətim, çünki hamıdan, hər şeydən vacib bir hədəf vardı ortada, AZƏRBAYCAN! Bir də qadağan olunan terminlər vardı Azərbaycanın bu günü ilə bağlı...
...işğal altındakı Azərbaycan torpaqları...
...erməni terrorçuları...
...erməni işğalçıları...
...erməni qəsbkarları...
...erməni canilər...
...ermənilərin əsir aldığı azərbaycanlılar...
...ermənistanda saxlanan azərbaycanlı əsirlər...
...erməni millətçiləri...
...Xocalı qətliamını törədən ermənilər...
...Iyirmi yanvar faciəsində iştirak edən ermənilər...
...Dağlıq Qarabağda yerləşdirilən erməni silahlı qüvvələri...
...kölə edilən azərbaycanlı əsirlər...
...şaqqalanan azərbaycanlı əsir qocalar, qızlar, uşaqlar...
...erməni babarbarlığı...
...ermənilərin dağıtdığı məscidlər...
...Dağlıq Qarabağda yerlə bir olunan mədəniyyət abidələri...
...ermənilərin taladığı sərvətlər...
...ermənilərin yağmaladığı yurdlar...
...Beynəlxalq təşkilatları saymaran ermənilər...
Təbii ki, yazıb divardan asmırdılar. Reportajlardan montaj edirdilər, yazı mətinlərindən çıxarırdılar, yumşaldırdılar. Bəzən həsri basma dolan gəl oynayırdıq. Deyirdik "erməni silahlı qüvvələrinin nəzarətində saxlanılan torpaqlar". Daha o torpaqlar kimindir, niyə ermənilər nəzarət edir kimi suallara cavab verilmirdi.
Deyə bilərsiniz ki, belə vətənpərvərsən orda lap belə nə itin azmışdı? Haqlı sualdı. Amma dəqiq bildiyin bir məsələ var. Bir azca milli ruhu olan adam kimi orda qalmalıydın. Çünki səni çıxarıb betərini gətirəcəkdilər. 
Hə qaldı ki, bu vurhavurda niyə yadıma düşdü ölkə ərazisində yayımı dayandırılan, ABŞ Dövlət Departamentinin tribunası olan bir radio. İki gün öncəki icazəsiz mitinqdən keçmiş deputat , indiki müxalifətçi Gültəkin Hacıbəylinin səsli hesabatını dinləyəndə xatırladım. Düzü hələ bilmirəm o hesabatın səs yazısının yayımlanması diplomatik olaraq bizə nə vəd edir. Uğurmu gətirəcək, ziyanmı vuracaq? Bunu hamımız yaşayıb görəcəyik. Sadəcə bir məsələni yadına salmaq istədim Azərbaycanda Amerika əliylə hakimiyyətə gəlmək istəyən müxalifləri. Cənablar, Amerika digər maraqları uğruna hər şeyi qurban verməyi bacaran son dərəcə təhlükəli dünya nəhəngidir. Məsələn, Azərbaycanda "Azadlıq" radiosundan vaz keçdi. Özünün olan bir şeydən. Yəni sizdən nə var vaz keçməyə?

Videonu linkdən ozləyə bilərsiniz:

https://www.facebook.com/100005220431180/videos/1308558625994806/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31