AXCP və “Milli Şura”nın dövlət çevrilişi cəhdləri baş tutmadı
AXCP və “Milli Şura”nın dövlət çevrilişi cəhdləri baş tutmadı
21 Oktyabr 2019 15:15 Siyasət19 oktyabr aksiyalarına hazırlıqla bağlı bu iki qurumun nəzarətində olan sosial media vasitəsilə günlərcə davam edən təbliğatlarda qeyd olunurdu ki, Azərbaycanın bütün rayonlarında əhali ayağa qalxaraq yerli icra hakimiyyətlərini ələ keçirsinlər. Bu, əslində dövlət çevrilişinə çağırış kimi qiymətləndirilməlidir. Sosial şəbəkələrdə ancaq Əli Kərimlini təbliğ edən "İnqilab" internet tv kanalının aparıcısı Qabil Məmmədov adlı birisi günlərdir əhalini dövlət çevrilişinə təhrik edən verilişlərinə bircə dəfə də olsun, AXCP və Milli Şura etirazlarını bildirmədilər.
"Sosial şəbəkə"lər üzərindən "inqilab"a çağırışın arxasında nələr dururdu?
Hələ bu ilin yay aylarında aparılan genişmiqyaslı təbliğatlarda qeyd olunurdu ki, payız fəslində paytaxt Bakıda müxalifət etiraz aksiyalarını gündəmə gətirəcək. Elə həmin ərəfədə Gürcüstan və Ermənistanda radikal müxalifət də payızda mövcud iqtidara qarşı müddətsiz aksiyalara başlayacaqlarını elan etmişdilər. Beləliklə də aydın olur ki, Cənubi Qafqazda destablizasiya yaratmaq istəyən qüvvələr var. Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan daha həssas dönəmlə üz-üzədir. Belə ki, respublikamıza qarşı xaricdən qışdırdılan daxili "etnik bölücülər", mövcud Konstitusiyanın dəyişdirilərək "şəriət dövləti" yaratmaq istəyənlər, məmur-oliqarxiya idarəetmə siyasətindən əl çəkmək istəməyənlər, xüsusi "qrant" layihələri ilə hərəkət edən çoxsaylı qruplar, Azərbaycanda hakimiyyətin iradəsi ilə gündəmə gətirilən reformlara qarşı çıxan müəyyən çevrələr bu qatmaqarışıqlıqların əsil səbəbkarıdırlar.
Sosial şəbəkələrdə aktiv olan "Azad Söz"ün rəhbəri Tural Sadıqlı, "Azərbaycan saatı"nın rəhbəri Qənimət Zahid, "Meydan Tv"nin rəhbəri Həbib Müntəziri Azərbaycandakı müxbir postlarının maaşını haradan verirlər? "Xalq Tv1" tipli soisal şəbəkəsini idarə edən İ. Əlimanov heç də bu qaragüruhdan fərqlənmir. Bu qruplaşmaların xalqı inqilaba, dövlət çevrilişinə çağırışları Azərbaycanın mövcud Konstitusiyasına qarşı çevrilmiş siyasi hədəfdir. Cəmiyyəti süni şəkildə "sosial inqilab"a çağırışlar elə bir ərəfədə baş verdi ki, aparılan analizlər də bu həqiqətləri təsdiq edir. Belə ki, 19 oktyabr günü təsadüfdən seçilməyib. Həmin gün İraqın Kərbala və Nəcəf şəhərlərində İranın himayəsi altında "Ərbəin Yürüşü" həyata keçirilib. Onu da qeyd edək ki, Tehran molla rejimi ilk öncə "Nardaran hadisələri"ni və sonra isə "Gəncə hadisəsi"ni sınaqdan keçirdi. Bütün bunları demək olar ki, "baş məşq" hesab etdilər. 2013-cü ildə "Milli Şura" yaradılan kimi bu dəfə Azərbaycan Respublikasında "siyasi islam" hədəfləri sərgilənməsinə başlanıldı. Hal-hazırda Yaxın Şərq ölkələrində baş verən sosial-ictimai, siyasi-iqtisadi prosesləri diqqətlə incələdikdə bəlli olur ki, "siyasi islam" ideyası daha çox Tehran molla rejiminin nəzarətindədir. Suriya, İraq, Yəmən, Oman, Sudan, Livan və digər dövlətləri buna örnək göstərmək olar.

Qərb dövlətləri 19 oktyabr aksiyasını müdafiə etmədilər
Əvvəllər xarici ölkələrin səfirlikləri və Qərbə məxsus KİV-lərin nümayəndələri müxalifətin piket və mitinqlərini həssaslıqla təqib edirdilər. Bu dəfə 19 oktyabr aksiyasına kimsə reaksiya vermədi. Ona görə ki, həmin dövlətlər yaxşı bilirlər ki, bu aksiya "Milli Şura"nın, yəni "Molla Şurası"na çevrilmiş "siyasi islam"ın gündəmə gətirmək istədiyi radikalizmdir. Aksiya ilə bağlı sosial şəbəkələrdə yayılmış çoxsaylı videosüjetlərdə daha çox hicablı qadınların hökuməti təhqiramiz sözlərlə "süsləmə"si üstünlük təşkil edirdi. Apardığımız müşahidələr əsasında bəlli oldu ki, xaricdəki internet TV kanallarına müsahibə verənlərin çoxu Rusiya və digər xarici ölkələrdə yaşayan soydaşlarımızdır. Bununla yanaşı, Livan, Oman, Yəmən, Suriya və İraqda mövcud hakimiyyətə qarşı əhalini bütün bölgələrdə ayağa qaldıraraq dövlət çevrilişinə səsləyən siyasi fəndgirliyin Azərbaycan Respublikasında tətbiq olunması ssenarisini gündəmə gətirmək cəhdləri baş tutmadı. Çünki, həm daxili, həm də beynəlxalq faktorlara görə bu hədəflər kimsə tərəfindən dəstəklənmədi. Problemə sadəcə regional müstəvidə baxmaq da tamamilə yalnışdır. Azərbaycan bir dövlət olaraq, bu gün dünyanın ən böyük layihə və strateji baxımdan ən ciddi maliyyə qaynaqlarının mərkəzinə çevrilmək ərəfəsindədir. TransXəzər və Cənubi Qafqaz layihəsi sayəsində 2020-ci ildən TAP və TANAP-ın tam gücü ilə işə düşməsi Avropanın enerji problemlərinin həllində çox ciddi uğurların təməli deməkdir. Ona görə də Azərbaycanın müstəqil şəkildə aparacağı islahatların qarşısının alınmasına çalışılır. "Demokratiya", "islahatlar", "rüşvətxorluğa son qoyulsun" və sair epitetlərlə ana müxalifət adı altında AXCP və Milli Şura bu proseslərə cəlb edilib. Lənkəran, Neftçala, Salyan, Hacıqabul, Göyçay, Ağsu, Şəki, Gəncə, Sumqayıt, Yevlax, Abşeron və digər bölgələrdə əhalinin ayağa qalxması üçün günlərlə aparılan təbliğatlar məhz buna görə baş tutmadı. Çünki, xalqı qanuni hakimiyyətə qarşı ayağa qaldırmaqla dövlət çevrilişi ssenarisinin iflasa uğramasının gerçək üzü budur.

19 oktyabr aksiyasında "erməni" barmağı
"Meydan Tv"nin rəhbəri Həbib Müntəziri və "İnqilab" internet tv kanalının aparıcısı Qabil Məmmədov Əli Kərimlinin simasında AXCP və Milli Şuranı geniş şəkildə reklam etsələr də, onların 19 oktyabr aksiyası ilə bağlı təqdim etdikləri videosüjetlərdə Ermənistan və baş nazir Nikol Paşinyan geniş şəkildə reklam olundu. Belə ki, həmin videosüjetlərdə daha çox sosial problemləri ilə bağlı şikayətçi insanların: "Biz dərdimizi Paşinyana demək istəyirik. Biz hüquqlarımızın qorunması üçün Ermənistana köçüb getmək istəyirik. Normal şəkildə yaşamaq üçün Ermənistanın rahat ölkə olduğu qənaətindəyik" və sair fikirlərin səsləndirilməsinə yer verildi. Bununla yanaşı, aksiyalarda ermənilərə məxsus psixoloji avantüraların iştirakçılar tərəfindən dilə gətirilməsi dəhşət saçırdı. Azərbaycan hakimiyyətini işğal olunmuş ərazilərimizin geri qaytarılmamasında suçlandırılması əsil rəzalət idi. Halbuki, Azərbaycan bir dövlət olaraq, etnik separatizm siyasətinin idbar ideoloji tərkib hissəsi olan siyasətləri uzun müddətdir dərindən analiz edir və mümkün qədər problemin dünya birliyinin dəstəyi ilə həllinə çalışır. Hətta bu yöndə çox uğurlu addımlar da atıb. Ermənilər isə, işğalçılıq siyasətindən geri çəkilməmək, Azərbaycanın daxilini qarışdırmaq və beynəlxalq birliyi dövlətimizə qarşı yönəltmək üçün çoxsaylı məkrli planlarını işə salıblar. Bu mənada AXCP və Milli Şuranı hədəf seçiblər. Çünki, hər iki qurum dövlətimizin milli siyasətinə qarşıdır.
.png)
Müxalifət kimin iradəsi ilə ayağa qalxdı?
Azərbaycan hakimiyyəti BMT, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəticəsində ölkəmizin problemlərinin həlli istiqamətində çox böyük uğurlar əldə edib. Bu il sentyabr ayında Bakıda keçirilən Türk Dövlətləri Təhlükəsizlik Şurası təşkilatının təsis edilməsi regional və beynəlxalq müstəvidə Azərbaycanın yaxın perspektivdə bir çox uğurlara yol açacağına açıq şəkildə işarədir. Prosesləri diqqətlə təqib edən, hər bir addımın perspektivini incələyən, məkrli planları ilə ölkəmizi çökdürmək istəyən Ermənistan və digər bizə düşmən münasibət bəsləyən çevrələr daxili sabitlik və stabilliyimizi pozmaq üçün məhz müxalifətin etiraz aksiyaları vasitəsilə planlarını həyata keçirməyə çalışırlar. Beləliklə cəmiyyətdə mövcud olan bəzi problemləri süni şəkildə qabartmaq və eyforik tərzdə prosesləri fərqli yöndə təqdim etməklə dövlətimizə beynəlxalq miqyasda yaranmış etibarın və etimadın gözdən salınmasına çalışılır. Azərbaycanın TransXəzər və TransQafqaz layihələrin sayəsində dünyanın enerji bazarında xüsusi çəkisinin artmasını istəməyən güclərin belə bir anda daxili stabilliyimizi pozmaq cəhdləri iflasa uğrayacaq. Həmin güclərin "qrant" layihələri əsasında AXCP və Milli Şuranı ayağa qalxmasının sirri də bundadır. 1993-cü ilə 4 iyun, 1994-cü il 4 oktyabr, 1995-ci il 17 mart və digər dövlət çevrilişləri cəhdlərinin arxasında bu faktorlar dayanırdı. Azərbaycan dövlət olaraq bu problemləri məharətlə aşa bilmişdir. TAP və TANAP layihələrinin tam gücü ilə işə salınması ərəfəsində Azərbaycanın daxilini qarışdırmaq, süni şəkildə vətəndaş müharibəsinə cəlb etmək və bir çox beynəlxalq miqyaslı proyektlərdən kənarda saxlamaq keçmişdə dövlət çevrilişinə cəhd edənlərin ənənəvi addımlarıdır. Müxalifətin bu prosesdə həmin güclərinə alətinə çevrilməsi milli faciəmizdir. O da bəllidir ki, bütün bu cəhdlər baş tutmayacaq. Çünki, 29 ildir bizlər dövlət müstəqilliyimizi alnımızınm təri ilə qoruyaraq irəliləyirik. Dövlətimizin əsas gücü də budur.
Ə. Yusifoğlu