Bakıdan İrəvana ünvanlanan xəbərdarlıq mesajı- ŞƏRH

Bakıdan İrəvana ünvanlanan xəbərdarlıq mesajı-ŞƏRH

Ötən həftə bütün türk dünyasının diqqəti Bakıya yönəlmişdi. Səbəb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşünün Azərbaycanın paytaxtında keçirilməsi idi. Zirvə görüşünün üzrərindən bir müddət keçsə də, lakin hələ də bu istiqamətdə müzakirələr, fikir mübadiləsi davam edir. Sözügedən zirvə görüşü barədə fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, toplantıdan əvvəl Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Bakıda türk biznesmenlərlə görüşdə Azərbaycan Cumhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələ bayraq, bir daha enməz" ifadəsini səsləndirdi ki, Ərdoğanın bu ifadəni səsləndirməsi Azərbaycanda yüksək qiymətləndirildi: "Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu prezident İlham Əliyevin bir fikrini təkrarladı: "Türkiyə olmayan yerdə Azərbaycan var, Azərbaycan olmayan yerdə Türkiyə var". İlham Əliyev bunu toplantıların birində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana demişdi. Serj Sarkisyanı Türkiyənin əleyhinə danışanda İlham Əliyev bunu demişdi: "Türkiyənin olmadığı yerdə Azərbaycan var". Bakıdakı toplantıya Qazaxıstanın keçmiş prezidenti və hazırki lideri Nursultan Nazarbayev də gəlmişdi. Nazarbayev də maraqlı təklif irəli sürdü: "Təşkilatımız türkdilli deyil, türk dövlətləri şurası adlandırılsın". Bundan sonra Rəcəb Təyyub Əroğan başqa təklif irəli sürdü: "Biz artıq bir millət iki dövlət deyil, bir millət altı dövlətik". Məlumdur ki, Azərbaycan-Türkiyə ittifaqı "bir millət, iki dövlət adlanır". Ərdoğanı bu ifadəni daha da genişləndirmək istəyir".

Politoloq deyib ki, Bakıdakı toplantıda digər təkliflər də irəli sürüldü: "Birincisi, Rəcəb Təyyub Ərdoğan çıxışında Türk Şurasının BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu verilməsi vacibliyini bildirdi. İkincisi, Türkiyə Prezidenti Türk Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının vahid şəkildə hərəkət etmələrinin vacibliyini vurğuladı. Üçüncüsü, Özbəkistan prezidenti Şavkat Mirziyoyev təklif etdi ki, Özbəkistanda Türk Şurası gənc iş adamlarının ilk forumu təşkil edilsin. Dördüncüsü, Şavkat Mirziyoyev türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdi. Şavkat Mirziyoyev Özbəkistanın Bakı - Tbilisi - Qars dəmiryolu xəttindən səmərəli istifadə edəcəyini də söylədi. Özbəkistan Bakı - Tbilisi - Qars xətti vasitəsilə Avropaya çıxmaq istəyir. Azərbaycan Özbəkistanla iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Məsələn SOCAR və "Uzbekneftegaz" şirkətləri arasında Özbəkistan ərazisindəki yataqlarda hasilatın artırılması üçün sazişlərin praktiki icrasını təmin edilməsinə dair yol xəritələri imzalanıb". Elxan Şahinoöğlu deyib ki, Bakıdakı toplantıda Azərbaycan və Türkiyə iki məsələdə də üzv ölkələrdən dəstək istədilər: "Azərbaycan istəyirdi ki, türkdilli dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalını pisləsinlər. Türkiyə istəyirdi ki, türkdilli dövlətlər Türkiyənin Suriyada terrorçulara qarşı başladığı hərbi əməliyyatı dəstəkləsin. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bir-birlərini dəstəklədilər. Rəsmi Bakı Türkiyənin Suriyada terrorçulara qarşı başladığı hərbi əməliyyatı, Ankara isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyin və işğalı pislədiyini bildirdi. Rəcəb Təyyub Ərdoğan dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Bu qəbuledilməz vəziyyətdir". Ərdoğanın sonrakı cümləsi də diqqəti çəkirdi: "Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik". Sonuncu cümlə Ermənistana mesajdır. Türkiyənin Suriyada hərbi əməliyyatı Azərbaycanda ruh yüksəkliyi yaradıb. Azərbaycanda belə fikirlər səslənir ki, Azərbaycan da Türkiyə kimi öz problemini həll edə bilər. Ərdoğan isə onu demək istəyir ki, Türkiyə Azərbaycana öz problemini həll etməkdə istənilən dəstəyi verməyə hazırdır. Rəcəb Təyyub Ərdoğının Türk Şurasının üzvlərindən istəyi var idi. Üzv dövlətlər birgə Türkiyənin Suriyadakı terrorçulara qarşı hərbi əməliyyatını dəstəkləsinlər. Çünki bir sıra ölkələr Türkiyəyə təzyiqi artırıblar. Buna görə də Türkiyə dost ölkələrdən dəstək gözləyirlər. Ərdoğanın bu sözləri diqqət çəkdi: "Türkiyənin terrorizmə qarşı apardığı mübarizədə Türk Şurasından ciddi dəstək gözləyirik. 300 milyonluq türk dünyasının bizimlə olduğunu bilirik. Eyni zamanda, FETÖ-yə qarşı mübarizədə bizə göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirəm. Türkdilli dövlətlərin milli mübarizələrdə bir-birinin yanında olması qardaşlıq vəzifəsidir". Türk Şurası Ərdoğanın xahişini yerinə yetirdi. Toplantının sonunda qəbul edilən bəyənnamədə Türkiyənin Suriyada terrorçulara qarşı mübarizəsinə dəstək ifadə edildi. Azərbaycan prezidenti İlham Əliyev də türkdilli ölkələrdən dəstək gözlədiyini gizlətmədi. İlham Əliyev dedi ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib: "Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir". Təəssüf ki, müsəlman ölkələrinin bir qismi Ermənistanı dost dövlət adlandırır. Bunların içərisində türkdilli dövlətlər də var".

Politoloq bildirib ki, Türk Şurası genişlənəcək. Cənubi Koreya Türk Şurasına müşahidəçi statusunda qatılmaq istəyir: "Çingizxanın vətəni olan Monqolustanın da nə vaxtsa Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması mümkündür".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31