Partiyalar radikal siyasi düşərgənin qanunazidd əməllərini pisləyir- Siyasət

Partiyalar radikal siyasi düşərgənin qanunazidd əməllərini pisləyir-Siyasət

Müxalifətin həm forma, həm də keyfiyyətcə dəyişilməsi, yenilənməsi məqsədəuyğun sayılır

Başda Əli Kərimli olmaqla özünü Milli Şura adlandıran qurum, bu qurumda təmsil olunan radikal siyasi düşərgə bir daha öz iç üzünü açdı. Uzun illərdir bu düşərgənin cəmiyyətə, ölkəyə xaos, anarxiya gətirmək niyyətində olduğu, imkan düşdükcə buna çalışdıqları həftə sonu paytaxtda təşkil edilən icazəsiz aksiya ilə bir daha təsdiqini tapdı. Cəmiyyətin mütləq əksəriyyəti tərəfindən ciddi şəkildə etirazla qarşılanan, qınanılan bu aksiya ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar tərəfindən də qəti şəkildə pislənilib. Hakim Yeni Azərbaycan Partiyasının sözügedən icazəsiz aksiya ilə bağlı yaydığı bəyanatda qeyd edilib ki, oktyabrın 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınıb.

Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək Konstitusiyaya zidd çağırışlar edib, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol veriblər.

Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir.  

Hakim partiya hesab edir ki, destruktiv və xaricdən qızışdırılan qrupların oktyabrın 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribat törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarət olub.  Partiya bildirir ki, Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əminamanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Son təxribatlar və çağırışlar  Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir: "Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əminamanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir. Eyni zamanda hüquq mühafizə orqanlarını, dövlətin müvafiq qurumlarını destruktiv elementlərin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət veriməyə çağırır.

Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firəvan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini  nümayiş etdirməyə hazırdır".  

***

Demokratik Azərbaycan Dünyası Partiyası da Milli Şura adlanan qurumun icazəsiz etiraz aksiyası keçirmək cəhdini qətiyyətlə pisləyibş Partiyanın məlum hadisə ilə bağlı yaymış olduğu açıqlamada qeyd edilir ki, Milli Şuranın oktyabrın 19-da baş tutmayan, icazəsiz aksiyası bir daha müxalifətimizin həqiqətən də köhnəldiyini, qocaldığını göstərdi: "Sözün hər iki mənasında - həm fiziki, həm də mənəvi-siyasi planda qocalıb. Onların istifadə etdikləri tezislər, şüarlar, təkliflər və metodlar 1990-cı illərin əvvəllərində qalıb. Lakin dövr dəyişib". Partiya hesab edir ki, artıq 2019-cu il də başa çatmaq üzrədir. Zaman tamamilə yeni şərtləri diktə edir. Cəmiyyətin siyasətə və siyasətçilərə də münasibəti kökündən dəyişib. Aydın görünür ki, indi əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir.

Demokratik Azərbaycan Dünyası Partiyası bəyan edir ki, sadəcə mitinq taktikasının ümidinə qalmaqla və yeri gəldi-gəlmədi hər aksiyada "istefa", "azadlıq" şüarları qışqırmaqla keyfiyyətli müxalifət olmaq, uğurlu müxalifətçilik etmək mümkün deyil. Müxalifət həm formaca, həm də keyfiyyətcə dəyişməlidir, yenilənməlidir. Dəyişmək istəmədikcə, bu müxalifət öz iflasını gün-gündən yaxınlaşdıracaq.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31