Mitinq sevdası, yoxsa çirkli pulların yuyulması? Təhlil
Mitinq sevdası, yoxsa çirkli pulların yuyulması?Təhlil
18 Oktyabr 2019 15:03 SiyasətAsayiş keşikçilərinə müqavimət göstərilməsi hansı məqsədlərə xidmət edir?
Radikal müxalifət "imici" qazanmış AXCP və Milli Şura dağıdıcılıq xislətindən əl çəkmək niyyətindən daşınmayıb. Elə bu səbəbdən də təyin etdikləri aksiyaların müvafiq icra hakimiyyətinin müəyyən etdiyi yerlərdə deyil, məhz əhalinin daha sıx müşayət olunduğu ərazilərdə keçirməkdə israrlı görünürlər. Əslində Əli Kərimli və Milli Şuraya daxil olan siyasi təşkilatlar aydın başa düşürlər ki, sosial bazaları tükənib, "müttəfiq" partiyaları onlardan birmənalı şəkildə üz döndəriblər. Belə halda, ayrı yerdə mitinqin keçirilməsi onların sonu ola bilər. Odur ki, ümidini "saman çöpünə" bağlayan Əli Kərimli nəyin bahasına olursa olsun mitinqi paytaxtın mərkəzi küçələrinin birində keçirməkdə israrlıdır.
Birmənalı şəkildə qeyd etmək olar ki, Əli Kərimlinin ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı dəstək verməyib. Müşahidələr deməyə əsas verir ki, belə mitinqlərə ictimaiyyət arasında maraq ildən ilə azalır. Təbii ki, bunların çox ciddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur. Əli Kərimlinin iftiraçı, şantajçı, siyasi oyunlar oyunçusu olduğu artıq cəmiyyətdə hamıya məlumdur. Görünür buna görədir ki, indiyə kimi istədiklərinə nail ola bilməyən, xalqın dəstəyini qazana bilməyəcəyini görən Əli Kərimli taktikasını dəyişmək qərarından vaz keçib. Belə ki, şəhərin mərkəzində, xüsusən də tarixi günlərdə mitinq təşkil etməyə çalışan AXC sədri bununla həm havadarlarının gözünə girməyə, həm də ölkədə daha çox qarışıqlıq yaratmağa çalışır. Elə 8 oktyabr tarixində keçirilən piket də dediklərimizi bir daha sübut etmiş olur. Sözügedən aksiya bir daha təsdiq etdi ki, Azərbaycana qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar və onların himayəsi ilə varlığını sübut etməyə çalışan müxalifətin bütün cəhdləri puça çıxmaqdadır. Milli Şuranın keçirdiyi sonuncu aksiya da fiaskoya uğrayıb desək, fikrimizdə heç də yanılmarıq. Nəzərə almaq lazımdır ki, Milli Şura və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub. Üstəlik hüquq- mühafizə orqanları mitinq iştirakçılarının təhlükəsizliyini təmin edib. Bundan başqa, AXCP-nin fəalları uzun müddət sosial şəbəkələrdə insanları aksiyaya dəvət ediblər. Daha dəqiq, öz ənənəvi iyrənc metodlarından istifadə edərək mitinqə çağırışlar ediblər. Müşahidələr deməyə əsas verir ki, müxalifətin aksiyası 25 il bundan əvvəlki mitinqlərdən heç nə ilə fərqlənməyib. Özünü müxalifətin lideri adlandıran gözəgörünməzlər yenə də mitinqdə qeybə çəkiliblər, öyrədilmiş ayrı-ayrı şəxslər heç bir əsas olmadan iqtidara qarşı qərəzli ittihamlar səsləndiriblər. Baxmayaraq ki, oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun nəzərinə əvvəlcədən qanunun tələbləri çatdırılıb və xəbərdarlıq edilmişdi. Açıq-aydın şəkildə bildirilmişdi ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Lakin, görünür, aksiyaların normal şəraitdə keçirilməsi Əli Kərimliyə faydalı deyil.
Əli Kərimli asayiş orqanları ilə qarşıdurmanı canfəşanlıqla ona görə yaradır ki, sifarişçi ağalarının etimadını və pulunu qazansın. Üstəlik törətdiyi qanun pozuntularına "insan hüquq və azadlıqlarının pozulması" donunu geyindirərək sosial şəbəkələrə ötürülməsini təşkil etsin. İnsanlar, sadə vətəndaşlar Əli Kərimlinin kim olduğunu, nəyə nail olmaq istədiyini artıq yaxşı dərk edirlər. Buna görə də Azərbaycanda beş-on tərəfdarından başqa heç kəs onu ciddi siyasət adamı kimi tanımır.
Mitinqdən sonra təyin olunmuş yerdən kənarda, yəni ictimaiyyətin sıx olduğu yerlərdə asayişi pozmağa yönəlmiş cəhdlər, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə qarşı göstərilən müqavimətlər məhz sadaladığımız məqsədlərə xidmət edir. Daha acınacaqlı məqam ondan ibarətdir ki, Əli Kərimli bu iyrənc oyununa sadə vətəndaşları da cəlb etmək niyyətindədir. Vətəndaşları öz aksiyalarına pulla cəlb etmək cəhdləri "beş manat qoy, on manat götür" prinsipinə hesablanıb. Maraqlısı budur ki, bu qanun pozuntularına görə məsuliyyəti nə AXCP sədri Əli Kərimli, nə də "Milli Şura"nın rəhbərliyi öz üzərinə götürür. Lakin etiraf edilməlidir ki, artıq insanlar kifayət qədər belə oyunlara təhrik edildiklərindən həqiqəti daha yaxşı anlayırlar. Kimin kim olduğunu, mitinqlərin hansı məqsədlə təşkil olunduğunu daha yaxşı bilirlər. Odur ki, müxalifətin bu dəfəki aksiyasının da uğursuz olacağı gün kimi aydındır.
Zəka
Olaylar.az