Radikal düşərgə niyə cəmiyyətdə qarşıdurma yaratmaqda israrlıdır? Siyasət
Radikal düşərgə niyə cəmiyyətdə qarşıdurma yaratmaqda israrlıdır?Sİyasət
18 Oktyabr 2019 14:58 SiyasətRadikal siyasi düşərgə yenə öz ampluasındadır. Ölkədə gərginlik, xaos, anarxiya yaratmaq, Suriya, İraq, Misir və digər ərəb ölkələrində baş verən vətəndaş qarşıdurmasını Azərbaycana gətirmək. Bunun üçündür ki, sözügedən siyasi düşərgə hakimiyyətin müvafiq strukturları ilə razılaşdırılmış qaydada, onlar üçün ayrılmış yerdə deyil, kütləvi tədbirlərin keçirilməsi məqsədəuyğun biliməyən ərazilərdə aksiya keçirmək istəyir. Elə oktyabrın 19-da bu qüvvələrin paytaxtda, 28 may metrosu ətrafında aksiya keçirmək istəyi də məhz yuxarıda qeyd etdiklərimizi deməyə əsas verir. Radikal siyasi düşərgə cəmiyyətdə qarşıdurma yaratmaq istəyində olmasa, onlar üçün Lökbatan dairəsində aksiya keçirmək barədə ayrılan yerdə öz mitinqlərini keçirərdilər. Ancaq, göründüyü kimi, radikal siyasi düşərgənin əsas məqsədi mitinq keçirmək deyil, ölkədə xaos yaratmaqdır. Ancaq o da birmənalıdır ki, ölkənin hüquq-mühafizə orqanları hər zaman olduğu kimi, bu dəfə də ölkədə xaos yaratmaq istəyənlərin məkirli planlarını qanunun yol verdiyi norma və metodlarla əngəlləyəcək. Təsadüfi deyil ki, əksər ekspertlər də hesab edirlər ki, radikal siyasi düşərgənin başlıca məqsədi ölkədə qarşıdurma yaratmaqdır və ona görə də bu kimi planların qarşısı qətiyyətlə alınmalıdır.
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, Bakı Şəhər İcra Hakmiyyəti Milli Şuranın 19 oktyabra təyin etdiyi mitinqlə bağlı razılıq verib. BŞİH-dan verilən məlumata görə, müraciətə baxılıb və və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib: "Lakin Milli Şuranın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkə paylaşımında bildirib ki, onlar mitinqi "28 May" metrosunun qarşısında keçirəcəklər. Yəni ki, icazəsiz-flansız. Bu isə açıq-aşkar kütləvi itaətsizliyə çağırış cəhdidir. Kütləvi itaətsizliyə, iğtişaşlara təhrik cəhdləri isə birmənalı surətdə konstitusiya müddəalarının pozulması deməkdir. Əli Kərimli isə öz statusunda iddia edir ki, "rejim növbəti dəfə Konstitusiyanı pozdu". Üstəlik də, iddia edir ki, Lökbatan mitinq yeri ola bilməz... Xeyir ola? Harda yazılıb ki, 28 May metrosunun qarşısı mitinq yeri ola bilər, ancaq Lökbatan isə mitinq yeri ola bilməz? Əli Kərimli, bəyəm sən yerölçənsən? Mitinqlərin xəritəsini təyin etmək, marşrutunu cızmaq səlahiyyətini sənə kim verib? Birdə ki, mitinq keçirmək haqqınızın sizin konsitutsion haqqınız olduğunu hesab edirsinizsə, axı oktyabrın 19-u saat 15.00-da 28 May metrostansiyası istiqamətində hərəkət edən adi insanların metrodan rahat şəkildə istifadə etmək hüququ da onların konstitutsion hüququdur. Sizsə həmin gün həmin ərazidə mitinq keçirmək cəhdlərinizlə yüzlərlə, bəlkə də minlərlə insanların hərəkət hüququnu pozmuş olacaqsınız. Bəs bu barədə necə, heç olmasa zərrə qədər də olsa düşündünüzmü? Məgər sizə başqa yerlər qəhətdir? Mütələq 28 May metrostansiyasının qarşısında və yaxud bu səpkidə olan digər kütləvi məkanlarda mitinq keçirmək təşəbbüsünüzdə qəsdiniz nədir? Kütləviliyi təmin etmək, yoxsa qarşıdurma yaratmaq? Nə üçün bu qədər radikallığa, barışmazlığa can atırsınız? Niyə heç cürə kompromisə getmək istəmirsiniz? Hakimiyyəti qəsdən razılaşdırılmamış aksiya iştirakçılarına qarşı sərt davranmağa təhrik etməklə nəyə nail olmaq istəyirsiniz ki? Yaxşı olar ki, sosial şəbəkələrdə mitinq ajiotajı yaratmaqdansa, biraz da bu suallar ətrafında düşünəsiniz".
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə qeyd edib ki, mitinq həvəskarlarına söz kar eləmir: "Keçən il, ondan əvvəlki il demişdim, bu il yenə təkrar deyirəm. Son günlər ayda bir dəfə, iki aydan bir insanları mitinq adı ilə küçələrə çıxaranlara təəccüb etmək lazımdır. Onlar bunu etməklə cəmiyyətə, ölkəmizin qüdrətlənməsinə hansı töhfəni vermək istəyirlər?. Bu gün biz müstəqillik günümüzü qeyd edirik. Ölkəmizin müstəqil olması üçün çox şəhidlər vermişik, torpaqlarımız düşmənlərimiz tərəfindən işğal olunub. Bu gün beynənxalq aləmdə ölkəmizin gücü, qüdrəti bütün dünyada söz sahibliyi var. Bu insanlar niyə bu ölkənin inkişafı üçün yığılıb faydalı işlər həyata keçirmək istəmirlər?. Küçələrə çıxmaqla, gəncləri aldadıb qanun və hüquq pozuntusu yaratmaqla guya müxalif olanlar nəyə nail olmaq istəyirlər?. Bütün böyük dahi şəxsiyətlər, alimlər, ağıl sahibləri həmişə bildiriblər ki, yaşadığın ölkədə olan idarəçilərə, ölkə rəhbərinə işlərində kömək etməlisən, dəstək göstərməlisən". Əkrəm Həsənov bildirib ki, böyük İslam alimləri mövcud hakimiyyətə qarşı çıxaraq məcburən başqa bir şəxsi mövcud hakimiyyətin yerinə gətirmək istəyini böyük günah, haram olaraq bildiriblər: "Bu müxalifət adı ilə mitinq eləmək istəyənlərin saf niyətlərinin olmasına belə inananlara təəccüb edirəm. Bu ölkəyə canı yanan kimi göstərdikləri yalanlara inananlara belə təəccüb edirəm. Sənin bu xalqa, bu millətə halın acıyırsa əvvəlcə niyətini dəyiş, gözəl təkliflər və ideyalarla çıxış et, ölkənin inkişafına təkan verəcək addımlar at. Ey insanları mitinqə səsləyənlər, sizlər yalanlarınızla bu dünyada necə yaşayırsınız, özünüz bir daha papağınız olmasa da oturub fikirləşin ki, siz hansı yoldasınız. Nəticəyə gəlib cəmiyyətə faydanız dəyəcək işlərlə məşğul olun".
Füzuli
Olaylar.az