Müxalifətin “reputasiya” problemi
Müxalifətin “reputasiya” problemi
18 Oktyabr 2019 14:50 SiyasətCəmiyyətin sinergetik enerjisindən zaman-zaman faydalanaraq, öz şəxsi xarizmasını süni şəkildə formalaşdıran AXCP sədri Əli Kərimli yenidən köhnə əyyamlarda olduğu kimi, hərəkətə keçib. Bunun üçün də yeni siyasi dividentlər əldə etməyə çalışır. Artıq "mitinq" və ya "piket"lər vasitəsilə siyasi müxalifətin önündə görünmək taktikasının yeni qaydalarını da tapıb. Bu, "mümkün qədər populizm şüarları ilə gündəmdə olmaq və dayanmadan şüarlar səsləndirmək"dən ibarətdir. İrəvanda olduğu kimi, sanki Bakıda da bəzi xarici qüvvələrin işarəsi ilə hərəkətə keçən Əli Kərimli ikili standartlar sərgiləməyi unutmur. Bilmək olmur ki, onun elan etdiyi aksiyalar AXCP-yə, yoxsa Milli Şuraya, pardon "Molla Şura"ya məxsusdur. Təki aksiyalar baş tutsun və bunun eyforik düzəni gündəmə gəlsin.
Etiraz aksiyalarının katalizatoru və onun xaricdəki himayədarları
Azərbaycanda müasir dövlət quruculuğu prosesi dünya praktikasına uyğun olaraq, demokratik təsisatların inkişafı ilə müşahidə olunur. Siyasi stabillik xüsusilə ölkəmiz üçün olduqca vacib faktorlardan biridir. Ancaq, o da bəllidir ki, Cənubi Qafqazda və regionda dərin strateji maraqları olan güclər son illərdə müxalifəti tamamilə ələ keçirərək öz hədəflərini sərgiləyirlər. Əgər Ermənistanda "hərbi xunta" rejimi tərəfdarları özlərinin merkantil maraqları çərçivəsində hərəkət edirlərsə, Gürcüstanda siyasi hakimiyyəti ələ keçirmək istəyən yırtıcı kapitalizm qaydalarının şərtləri ilə hərəkət edən güclər varlığını nümayiş etdirməyə çalışırlar. Azərbaycana gəldikdə isə, burada durum tamamilə fərqli formada təzahür edir. Bu, müxalifət adı altında "siyasi islam"ın və "şəriət" qaydaları ilə idarə olunan modelin bağlı qapılar arxasında gizli hədəflərini hər an gündəmə gətirəcək güclərin maraqları çərçivəsində cövlan edir. Müxtəlif adına sosial zümrələri öz tərəfinə çəkmək üçün populistcəsinə sosial şəbəkələrdə çıxışlar edən AXCP sədri Əli Kərimlinin atdığı addımlar da bunu sübut edir. Hətta "ana müxalifət" statusu adı altında bir sıra radikal çıxışlar etməklə cəmiyyəti özünə cəlb etmək cəhdlərinin gerçək üzü məhz buna hesablanıb. Sosial qrupların differensial strukturları və onların maddi imkanları, eləcə də resursları əsasında hərəkət etməyi xoşlayan Əli Kərimli sədri olduğu AXCP deyil, daha çox "Milli Şura" adı altında xaricdən gələn gizli sifarişlərə ümid edir. Çünki, 1994-cü ildən üzü bu yana demokratiya pərdəsi altında "qrant"lar hesabına zənginləşməyi və bütün bunları özünün həyat normasına çevirməyi canından artıq sevən Əli Kərimlinin gerçək siyasi portreti bu notlar üzərində köklənib. "Milli Şura" adı altında keçirilən aksiyaların elektoral dayağı, sosial strukturu siyasi uzantıları məhz Azərbaycanda idarəolunan "siyasi islam" və "şəriət dövləti" ideyalarının tərəfdarları üstünlük təşkil etmişdir. Siyasi oyun qaydalarını "kim hakimiyyəti daha çox sərt şəkildə demokratiya pərdəsi altında tənqid və təhqir edə bilirsə" prinsipləri bu anlama bağlanıb. Ona görə də katalizator funksiyasını AXCP öz üzərinə götürüb. Çünki, bu partiya siyasi-ideoloji müstəvidə deyil, "qrant" layihələri əsasında fəaliyyət prinsipləri əsasında qurulub. AXCP-nin siyasi bioqrafiyası bunu təsdiq edir. Əgər 1994-2013-cü illər arasında Qərbin "qrant" layihələri əsasında AXCP onlardan gərəkən addımları atmağa borclu idisə, bu dəfə "idarəolunan demokratiya" qaydaları əsasında klerikal rejim siyasi düsturu ilə hərəkət edən güclərə doğru üzünü tutmalı olub. Beləliklə də "siyasi biznes qaydaları" əsasında katalizator cildində özünü bazara çıxarıb.
.jpg)
Siyasi transformasiyaların üçbucağı və AXCP
Azərbaycanın taleyüklü ictimai-siyasi, sosial-hüquqi, iqtisadi və digər problemlərinin həlli yönündə cəmiyyətin uzlaşması ərəfəsində AXCP və onun yedək qanadı olan Milli Şura daim ölkədə stabilliyin pozulması istiqamətində addımlar atır. Əslində özünün qeyri legitim fəaliyyətindəki qüsurları AXCP mümkün qədər hakimiyyətin üzərinə atmaq taktikasını sərgiləyir. Aydın olur ki, AXCP və şəriki Milli Şura siyasi böhrandan çıxarmaq üçün mütləq "piket" və ya "mitinq" aksiyaları adı ilə öz varlığının qorunmasına çalışılır. Hakimiyyəti "antidemokratik" elan etməklə özlərinin demokratiyanın düşməni olduqlarını ortaya qoyublar.
Siyasi müxalifətin sosioloji baxımdan funksionallığının standartlarının nə demək olduğunu dərk etməyən Əli Kərimli məcbur olaraq eyforik şüarlar və nitqlərlə gündəmdə qalmağa çalışır. Sosial-psixoloji aspektdən yanaşıldıqda bəlli olur ki, AXCP və yandaşı Milli Şuranın hədəfləri tamamilə fərqli standartlar üzərində köklənib. Bu, Azərbaycan Respublikasının Konstitusiyasına qarşı çıxanların hüquqlarının müdafiəsindən ibarətdir. Siyasi proseslərin sosial baxımdan dinamikliyini artırmaq və prosesləri fərqli məcraya yönəltmək isə, xarici sifarişçinin gözlədiyi məqama bağlamaq məhz belə bir düsturun gizli mətləblərindən biri hesab olunur.
Ölkədə yeni siyasi proseslərin formalaşması və onun inkişaf etdirilməsi çox vacibdir. Hətta müxalifətin legitim qaydalar çərçivəsində fəaliyyətinə imkanlar yaradılmalıdır. Ancaq, o da bəllidir ki, AXCP və Milli Şuranın bu yöndə atdığı addımların hipotez qavramları fərqli düsturla bağlıdır. Çünki, bu iki qurumun keçirdiyi aksiyalarda daha çox "Nardaran hadisəsi", "Gəncə hadisəsi", digər bölgələrdə dini radikalizmi önə çəkərək Azərbaycanda "siyasi islam" qaydalarını rəsmiləşdirməyə çalışanların hüquq və azadlıqları müdafiə olunur. Halbuki, nəzəri və metodoloji baxımdan siyasi müxalifətin əsas funksiyası ölkənin inkişafı üçün irəli sürülən qanunvericilik və islahalatların daha da səmərəliliyini, modellərini və prinsiplərini artırmaqdan ibarət olmalıdır.

Müxalifətin emprik bazasının dəyərsizliyi
"Korrupsiya", "rüşvətxorluq", "sosial ədalətsizlik", "vicdan azadlığı", "işsizlik" və digər bayağı şüarlar altında AXCP və Milli Şuranın gündəmə gətirdiyi mövzularla cəmiyyəti özünə cəlb etmək əslində siyasi stabilliyin pozulması hədəflərindən biridir. Guya onlar insan haqlarının alovlu müdafiəçiləridirlər. Halbuki, onların müdafiə etdikləri və demək istədikləri ölkə qanunlarında çoxdan yer alıb. "Mitinq" və ya "piket" çətiri altında Əli Kərimli öz yandaşları ilə ölkədəki stabilliyi pozmaqla Yaxın Şərqdə gündəmə gələn və dolayı yolla idarəolunan siyasi sistemlərin Azərbaycana transformasiyası üçün çalışırlar. Çünki, hər hansı bir problemi qabartmaq heç də əsas vermir ki, onu bağıraraq bəyan edəsən. Bu növ hərəkətlər psixoloqlar demişkən ekstremizmə yol açan bir şüur probleminin olmasıdır. Mövcud siyasi sistemin stabillikdən çıxarılaraq, radikal proseslərə yönləndirilməsi tipli risqlər həmin ideyanın daşıyıcılarının anormallığına açıq şəkildə işarədir. Guya radikal ovqatla cəmiyyəti kökləmək həm də AXCP-nin imicinin artmasına xidmət edir. Əslində siyasi iradənin defisitliyini və onun məsuliyyətini ortaya qoyurlar. Populizm meyarları da bu faktorlar əsasında irəli sürülür. Belə bir təfəkkürlə onların yeganə şüarı "bu iqtidar hakimiyyətdən getməlidir" ifadəsinə bağlanır. O zaman sual yaranır ki, nəyə və niyə? Beynəlxalq təcrübəyə görə legitim hakimiyyətlər o zaman istefaya göndərilir ki, dövlətə xəyanaət olunub. Hakimiyyət ölkəni iflasa uğradıb və s...
Halbuki, mövcud iqtidar ildə bir neçə dəfə xalq qarşısında hesabatını verir. Ölkənin inkişaf dinamizmi barəsində faktları ortaya qoyur. Sosial-iqtisadi həyat tərzinin artmının resurslarını xalqla paylaşır. Müşahidələrə əsasən onu qeyd etmək olar ki, manipulyasiya etməklə siyasi proseslərdə gündəmdə olmaq üçün AXCP və Milli Şura dərin böhranlarla üz-üzə qalıb. Çünki, ötən müddətdə antikonstitusion güclərin sifarişlərini tələb olunan səviyyədə həyata keçirə bilməyiblər. Ona görə də imitasiya etmək üçün piketlərə üz tutublar. Beləliklə də dağıdıcı müxalifət qaydaları ilə hərəkət edirlər.

Demokratiyaya zərər verən müxalifət
Məşhur Amerika politoloqu Xuan Lints "The Breakdown of Democratic Regimes: Crisis, Breakdown and Reequilibration" (Demokratik rejimlər: böran, dağıntılar və bərpa olunan bərabərlik) adlı kitabında çox haqlı olaraq qeyd edir ki: "Avropa və Latın Amerikasında demokratik proseslərin dağılması prosesləri müşahidə olunur. Ancaq, o da bəllidir ki, bu acı həqiqətlər məhz müxalif yönlü siyasi institutların sayəsində baş verir. Müxalifətin əsil tipologiyasının fəlsəfi və ideoloji aspektlərini incələdikdə bu acınacaqlı həqiqətlər üzə çıxır". Fransız araşdırmaçı Moris Düverjenin yenicə çapdan çıxmış "Siyasi partiyalar" kitabında bəşəriyyəti heyrətə gətirən yeni faktlar sadalanır. Qeyd olunur ki: "Müxalifət cildinə girmiş yeni siyasi hərəkatlar demokratik prinsiplərin arxasında gizlənərək özlərinə lazım olan hədəfləri cəmiyyətin həyat tərzinə çevirməyə cəhd edirlər. Belə bir yanaşma metodu Fransanın bir dövlət olara qiflasına səbəb ola bilər". Tanınmış politoloq Viktor Gelmanın fikrincə müxalifət o zaman güclü olur ki, cəmiyyətdə evolyusiyanın yanında yer alır. Tədrici inkişaf metodu ilə demokratiya daha da dərinləşir. Cəmiyyətdə mövcud olan vətəndaş sülhü öz yerini tapır. Əgər demokratiyaya qarşı bir zərbə varsa, orada bütün günah müxalifətin üzərinə düşür.
Nikita Babakaevin "Müxalifətin beş problemi" tədqiqatı sanki, Azərbaycan müxalifətinə həsr olunub. Həmin araşdırmada haqlı olaraq bu qeydlər verilib: "Müxalifətin parlaq xarizmatik lideri yoxdur. Müxalifət gənclərlə keyfiyyətli şəkildə iş görə bilmədiyi üçün kadr siyasətində böhranla üzləşib. Müxalifətin mövqeyinin olmaması və cəmiyyətdə yeni ideyaların, düşüncələrin daşıyıcısına çevrilə bilməməsi onun əsil bəlasıdır. Müxalifətin fəaliyyətlərində effektiv və hər kəsi düşündürə bilən texnologiyaların olmaması onu tam şəkildə mənasızlığına səbəb olub. Müxalifət xalqdan qopduğu üçün permanent şəklindədir". Azərbaycan siyasətində AXCP və onun sədri Əli Kərimlinin siyasi taleyi də məhz yuxarıda sadaladığımız faktorlara söykənir. Ona görə də antidövlət çıxışları ilə xaricdəki havadarlarının maraqlarının təmin edilməsinə çalışır. Bu barədə dəfələrlə fatklar ortaya qoysaq da, bunların heç birinə nə AXCP, nə Əli Kərimli, nə də Milli Şura təkzib verməyib. Deməli araşdırmalarımız düz hədəfi nişan alıb.
Ə. Yusifoğlu