Türk dövlətləri kritik məqamlarda bir-birinə arxa-dayaq durmağı bacarır- MÜNASİBƏT

Türk dövlətləri kritik məqamlarda bir-birinə arxa-dayaq durmağı bacarır-MÜNASİBƏT

"Türk türkə dəstəkdir" anlayışı indi tam mənası ilə özünü doğruldur

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşündən bir neçə gün keçsə də, hələ də bu istiqamətdə müzakirələr davam edir, zirvə görüşündə müzakirə edilən, qəbul edilən qərarlar geniş təhlil olunur. Birmənalı olaraq bildirilir ki, bu zirvə görüşü türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sona Əliyeva bildirib ki,  ötən  10 ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaddaqalan uğurlarla dünyanın diqqət mərkəzinə düşən qurumlardandır. Onun sözlərinə görə, eyni zamanda, son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar: "Artıq durmadan təşkilatın çevrəsi böyüyür. Hazırda 6 üzvü var. Gələcəkdə Türkmənistanın da bu təşkilata üzv olacağını düşünmək olar. Buna qədər isə Macarıstan Türk Şurasının gücünə güc qatdığını deyə bilərik. Budapeştdə bu şuranın ofisinin açılması türkdilli ölkələrin inteqrasiya prosesini sürətləndirəcək. Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanın böyük rolu var". Millət vəkili bildirib ki, Bakı zirvəsi türkdilli xalqlar arasında münasibətlərin dərinləşməsi istiqamətində böyük addımdır. Onun sözlərinə görə, gələcəkdə də qardaş xalqlar arasında qarşılıqlı əlaqələrin davam etdirilməsi önəmlidir: "Bakı zirvəsi bir sıra məqamlarla yadda qaldı. Birincisi, ilk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak etdi. İkincisi, Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirildi. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Üçüncüsü, bundan sonra təşkilata sədrliyi Azərbaycan edəcək. Bu o deməkdir ki, təşkilata üzv dövlətlər arasındakı münasibətlər bundan sonra daha da güclənəcək. Çünki Azərbaycan kimi dünyada böyük nüfuza malik bir dövlətin belə bir təşkilata sədrliyi sözün bütün mənalarında onun gücünə əlavə güc qatacaq.  Düşünürəm ki, Azərbaycan sədrlik dövründə türkdilli ölkələr arasındakı iqtisadi, siyasi və ən əsası mədəni əlaqələrin sürətli inkişafına böyük töhfələr verəcək. Onu da qeyd edim ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik dövlətə çevrilib. Ölkəmiz Türk Şurasının Zirvə Görüşündə də bunu bir daha sübut etdi. Azərbaycan, təkcə dünya neft bazarında deyil, həmçinin regionda lider dövlət kimi böyük rol oynayır".

***

Millət vəkili deyib ki, Türk Şurası ötən 10 il ərzində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb: "Bu 10 il ərzində Türk Şurası ilə yanaşı  TÜRKSOY, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi. Bu isə çox mühüm addımdır".

Sona Əliyeva VII Zirvə Görüşündə ölkə başçısı İlham Əliyevin Zəngəzurun vaxtilə ermənilərə verilməsi məsələsinə diqqət çəkməsindən də danışıb: "Ölkə başçısının bu barədə çıxışı onu deməyə əsas verir ki, Zəngəzurun verilməsi təkcə Azərbaycanın torpaq itkisi deyildi. Eyni zamanda Türk dünyasını bir-birindən ayıran, qoparan bir faciədir.  Bu gün də Azərbaycan həmin prosesin əziyyətini çəkir. Naxçıvanla quru sərhəddimizin olmaması da məhz buna görədir. Zəngəzurun verilməsi məsələsini gündəmə gətirməklə cənab Prezident tarixi həqiqətləri bir daha türkdilli ölkələrin dövlət başçılarına xatırlatmış oldu".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünün Bakıda keçirilməsi sıradan bir hadisə deyil. Bu olduqca əlamətdar hadisədir: "Çünki bu Zirvə toplantısı həm Türk Şurasının yaradılmasının 10 illiyinin tamam olduğu bir məqama təsadüf etdi. Nəzərə alaq ki, 10 il bundan öncə Türk Şurasının ilk təsis toplantısı da məhz Azərbaycanda keçirilmişdi. Bu gün növbəti Zirvənin yenidən Azərbaycanda keçirilməsinin daha bir siyasi əhəmiyyəti də ondan ibarətdir ki, Fərat çayının şərqində sülhü və əminamanlığı təmin etmək, eyni zamanda da terrorizmin kökünü kəsmək üçün başladılan "Sülh çeşməsi" əməliyyatı Türk liderlərinin mənəvi dəstəyini qazandı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda bu dəstəyi real şəkildə hiss etdi. Bu çox önəmli bir məqam idi. Artıq Türk dövlətləri kritik məqamlarda bir-birinə arxa-dayaq durmağı bacarır. "Türk türkə dəstəkdir" anlayışı indi tam mənası ilə özünü doğruldur. Türk Şurasına sədrliyi başa çatan və dönəm sədrliyini Azərbaycana ötürən Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da qeyd etdiyi kimi bu gün Azərbaycan dünya siyasətində vacib yer tutur. Azərbaycanın Türk Şurasına sədrliyi dönəmi isə mən deyərdim ki, bütün Türk Dünyası üçün həlledici əhəmiyyət kəsb edəcək. Məhz bu dönəmdə Türk Şurasına üzv ölkələrin iqtisadiyyat, nəqliyyat və digər sahələrdə ciddi irəliləyişə nail olunması planlaşdırılır. Başqa sözlə desək, Türk Birliyinin real güc halına gəlməsi üçün iqtisadi zəmin yaradılacaq və bu prosesi də Azərbaycan yönləndirəcək, rəhbərlik edəcək. Bu çox böyük missiyadır. Taleyin və zamanın Azərbaycanın üzərinə qoyduğu missiyadır. Bu missiya həm də Prezident İlham Əliyevin missiyasıdır və əminəm ki, o bu missiyanın öhdəsindən layiqincə gələcək".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31