İlham Əliyev cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir- RƏYLƏR
İlham Əliyev cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir-RƏYLƏR
18 Oktyabr 2019 13:15 SiyasətPrezidentin cəmiyyətə verdiyi mesaj
Başa vurmaqda olduğumuz həftə bir sıra vacib məqamları ilə diqqət çəkdi. Bakıda Türkdilli Dövlətlərin Əməkaşlıq Şurasının Vİİ zirvə görüşündən tutmuş, orada qəbul edilən vacib qərarlar, türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlara qədər, hər biri kifayət qədər önəmli hadisə idi. Bu proseslərlə paralel olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi müşavirə və orada dövlət başçısı tərəfindən verilən ciddi mesajlar da cəmiyyət tərəfindən maraqla qarşılandı. Cənab Prezident cari ilin 9 ayında iqtisadi sahədə əldə edilən nailiyyətlər, uğurları təhlil etməklə yanaşı, bir sıra sahələrdə mövcud olan neqativ hallardan da danışdı, mövcud olan problemlərin həlli məqsədilə öz tapşırıqlarını verdi.
Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər və verdiyi mesajlara diqqət çəkən ekspertlər Cənab Prezidentin bununla kifayətqədər ciddi məsələlərə toxunduğunu vurğulayırlar. Ortaq mövqe isə ondan ibarətdir ki, dövlət başçısının fikirlərində qeyd edilən məqamlar tezliklə həll edilməli və həmin sahələrə məsul olan şəxslər Cənab Prezidentin etimadını doğrultmağa çalışmalıdır.
***
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyir ki, oktyabrın 15-də keçirilən müşavirədə prezident İlham Əliyev ötən doqquz ayda ölkəmizdə sosial-iqtisadi inkişafın vacib məqamları üzərində lakonik şəkildə dayandı, onun təhlilini verdi, qarşıda duran vəzifələrin aydın və dəqiq konturlarını cızdı. Millət vəkilinin sözlərinə görə, ölkəmizin sosial-iqtisadi inkişafı göz önündədir: "Qərəzli opponentlərdən tam fəqrli olaraq hər şeydən öncə, bu inkişafdan, inkişafı görüb dost ölkələrin dövlət başçılarının onu etiraf etməsindən qürur duyur, yüksəlişimizi istəməyən, yüksəlişimizdən dərin peşmançılıq keçirən və necə deyərlər, qanı it qanına dönənlərin kədərindən də pozitiv emosiyalar alıram. Cənab prezident islahatların həyata keçirilməsi zamanı son təyinatlar və islahatların verdiyi konkret nəticələr üzərində də dayandı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiyi son kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə və innovativ qurmasını vurğulamaqla bərabər, onlara qarşı "qara pia"dan da söz açdı. Mətbuat vasitəsilə bəzi yüksək ranqlı məmurların çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, onların islahatlara qarşı şantaj etdiyini xüsusi olaraq önə çəkdi, ciddi məqamlara aydınlıq gətirdi. Bu, bir daha təsdiq etdi ki, ölkə prezidenti cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var". Fəzail Ağamalı bildirib ki, prezident islahatları buxovlamağa çalışanlarla birgə işləməyin mümkün olmayacağını vurğuladı və bunu artıq yeni prosesin başlanğıcı kimi dəyərləndirdi: "Çoxumuz müxtəlif mənbələrdən daxil olan bu tip söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar əslində radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşır və mövqelərini qoruyub saxlamağa çalışırlar. Deməli, yayılmış söz-söhbətlərin kifayət qədər əsası varmış. Cənab prezident bunu açıqladı və məlum şəxslərə konkret mesajını verdi". Millət vəkili deyib ki, yaxın zamanlarda ciddi kadr islahatlarının aparılması şübhə doğurmur: "Fərqi yoxdur, bu, özünə hörmət edib könüllü istefa şəklində də, ölkə prezidentinin sərancamılə də reallaşa bilər. Cəmiyyətin acgözlüklə gözlədiyi və dövlətçiliyimizin yeni mərhələyə çıxaracağı anlar çox da uzaqda deyil. Xatırlatmaq istərdim ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi müşavirədə iştirakı da təsadüfi deyildi. Xalqımız onun layiq olduğu kürsüdə əyləşməsini çoxdan gözləyirdi".
***
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da dövlət başçısının sədrliyi ilə keçirilən iqtisadi müşavirəyə diqqət çəkib: "Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirdi. Bu prezidentin nazirlərlə keçirdiyi ikinci mobil toplantı idi. Prezident əvvəlki toplantılarda Nazirlər Kabinetinin tam heyəti ilə müşavirələr keçirərdi. İkinci toplantıdır ki, ancaq mövzulara aid olan sahələrin rəhbərləri toplantıya dəvət edilir". Elxan Şahinoğlu qeyd edib ki, Prezidentin budəfəki toplantıda verdiyi mesajlar da diqqəti çəkirdi: "Birincisi, prezident ilk dəfə baş nazir postunda Norvuz Məmmədovu niyə Əli Əsədovla əvəz etməsinə aydınlıq gətirdi. Prezidentin sözlərinə görə, Əli Əsədov islahatları sürətləndirməlidir, o dövlət başçısının tapşırıqlarını yerinə yetirməli, yeni ideyalar hazırlayıb reallaşdırmalıdır. Əli Əsədovun əsas vəzifələrindən biri də Azərbaycanın xarici borcunu azaltmaq və daxili resurslar hesabına böyük layihələri reallaşdırmaqdır. Prezident həm də ondan narazıdır ki, bir sıra nazirlik və komitələr büdcələrini gərəksiz yerə şişirdilər. Bunun arxasında korrupsiya elementlərinin olduğuna prezident açıq işarə etdi. Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaları növbəti artırmına şərait yaratmalıdır. İkincisi, prezident çıxışında iqtisadiyyatda qazanılan uğurları vurğulamaqla yanaşı ad çəkmədən bir qrup keçmiş nazirin fəaliyyətini tənqid etdi. Məsələn, prezident dedi ki, son illərdə prioritet sahə kimi kənd təsərrüfatına böyük investisiyalar qoyulmasına baxmayaraq, nəticələr arzuedilən səviyyədə deyildi: "Əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyanın müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır". Prezident eyni zamanda keçmiş illərdə Vergilər Nazirliyinin də fəaliyyətindən narazı qaldığını söylədi. Misal üçün qeyd edildi ki, vergilər nazirini dəyişməklə vergi yığımı artıb və bu dövlətə imkan verir ki, maaşlar artırılsın. Bu o deməkdir ki, keçmiş nazirin fəaliyyəti qənaətbəxş deyildi, şəxsi maraqlar dövlət maraqlarından üstün tutulurdu. Prezident ayrıca, vergidən yayınan böyük şirkətlərə qarşı sərt tədbirlərin həyata keçirilməsini lazım bilir". Elxan Şahinoğlu vurğulayıb ki, prezident sosial sahədə aparılan islahatlardan razıdır: "Prezidentin "yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır" açıqlaması da bundan xəbər verir. ASAN xidmətdən sonra DOST xidməti sosial sahədə ən uğurlu layihədir. Prezident hakim komandada neqativ hallardan da danışdı. Prezident bu mövzuda iki vacib fikir səsləndirdi. Birinci fikir: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar". İkinci fikir: "Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir".. Mərkəz sədrinin sözlərinə görə, əgər prezident hakimiyyətdə islahatlara qarşı meyllərin olduğunu və məmurların bir-birlərini ləkələmək üçün mətbuatdan istifadə etdiyini bilirsə, dövlət başçısı həmin şəxslərin kim olduğunu da bilir: "Demək, bu işlə məşğul olanlar vəzifələrindən uzaqlaşdırılacaqlar. Əslində prezidentin çıxışının bu hissəsi yaxın zamanda kadr ishalatlarının dərinləşəcəyinə işarədir. Prezident gənc kadrlardan razıdır. Bu isə o deməkdir ki, sovet-kommunist sisteminin keçmiş nomenklatur qaydaları ilə çalışmaqda davam edənləri əvəz etmək zərurəti artıb".
Süleyman
Olaylar.az