"Prezidentin bundan məlumatı varsa, deməli, biz onların vəzifədən alınmasının şahidi olacağıq" — Deputat

"Prezidentin bundan məlumatı varsa, deməli, biz onların vəzifədən alınmasının şahidi olacağıq" — Deputat

"Azərbaycanın hüquq-mühafizə orqanları, prokurorluq, xüsusi xidmət orqanları Cənab Prezident İlham Əliyevin müşavirədə söylədiyi kimi ölkədə həyata keçirilən islahatlara mane olan, ona kölgə salan, intriqalarla məşğul olan məmurları aşkar etməli, onların kimliyini açıqlayaraq ifşa etməlidir".

Bu fikri "Ölkə.Az"a açıqlamasında millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev  deyib.

Onun sözlərinə görə, oktyabrın 15-də ölkə başçısının yanında keçirilən müşavirə Azərbaycandakı sosial-iqtisadi vəziyyətlə bağlı 9 ayın yekunlarına həsr olunmuşdu. "Müşavirədə qeyd olunduğu kimi, bu müddət ərzində ölkə iqtisadiyyatı inkişaf edib və qarşıya qoyulan hədəflərə nail olunub. Bundan əlavə olaraq müşavirdə qarşıya qoyulan hədəflər və proqramlar barədə fikirlər səsləndi. Bütövlükdə 2019-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub.  ÜDM-də 3 faiz artım var. İl ərzində  daha çox artım qeyri-neft sektorunun kənd təsərrüfatı  və sənaye sahəsində qeydə alınıb. Bu, bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatındakı şaxələnmə iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərib. Ölkə başçısının dediyi kimi,  həyata keçirilən islahatlar nəticəsində gəlirlər artıb. Əldə edilən gəlirlər isə ölkə vətəndaşının  sosial müdafiəsinin  gücləndirilməsinə və sosial rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Ölkə başçısının 2019-cu ilin əvvəlində sosial sahədə imzaladığı sərəncamlar əsasında pensiyalar təqribən iki dəfə, müavinətlər, minimum əməkhaqqılar xeyli artırılıb. Bu artımlar ölkə əhalisinin yaşam tərzinə müsbət təsir göstərib"- M.Quliyev deyib.

Ölkə başçısının kadr islahatları ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayan millət vəkili deyib ki, uğurların əldə olunmasında  kadrların müstəsna xidməti var: "İslahatların uğurla davam etməsi uğurlu və peşəkar  kadrlardan aslıdır".

M. Quliyev onu da əlavə edib ki, Cənab Prezident müşavirədə bir daha Baş nazirə  kadr islahatların davam etdirməsini, gənc bacarıqlı, savadlı kadrların vəzifələrə irəli çəkilməsini tələb kimi qoydu. 

Ölkə başçısının   bəzi məmurların  həyata keçirilən islahatlara əngəl törətməsi, intriqa törətməsi, islahatları gözdən salınması ilə bağlı fikirlərinə gəldikdə, deputat bundan təəssüfləndiyini  bildirib. "Çox təəssüf ki, belə  adamlar da  var.  Əgər Prezident  deyibsə, deməli, məsələ ciddi xarakter daşıyır. Belə insanlara ən azından Prezidentin söylədiyi kimi bizım sıralarımızda yer yoxdur.  Biz  belə insanlarla  yolumuzu davam etdirə bilmərik. Amma bu insanlar  konkret kimlər olması  barədə məndə hər hansı məlumat yoxdur. Prezidentin bundan məlumatı varsa, deməli,  biz onların  vəzifədən alınmasının şahidi olacağıq.  Heç şübhəsiz ki, yeniliyi hər kəs qəbul edə bilmir. Bəzən uğurlu islahatlar  uğursuz kadrlar tərəfindən  məmuniyyətlə qarşılanmır. Ona görə də mane olurlar.  

Əsas məsələ ondan ibatərdir ki,  bununla bağlı olaraq cənab Prezidentin siyasi iradəsi ortadadır, xalq islahatları dəstəkləyir.  Xalq bu islahatlardan məmnundur. Yəqin ki,  qısa  müddətdə bu insanlardan xilas olacağıq"- M. Quliyev deyib. 

Vergidən yayınma, rüşvət, korrupsiya  haqqında  səsləndirilən fikirlərə gəldikdə, M.Quliyev deyib ki, vergidən yayınma çox ciddi məsələdir: "Prezident  sahibkarlara birbaşa öz tövsiyyə və tapşırıqlarını verdi.  Hökumət sahibkarların inkişafına hər zaman dəstək verir.  Bundan sonra da yardım edəcək. Sahibkarlar da gərək vicdanlı davranmalı,  dövlətin vergisini  vaxtı-vaxtında ödəsinlər.  Dövlətin büdcəsi ən çox vergidən formalaşır. Çünki formalaşn  büdcə əsasında biz sosial siyasətimizi formalaşdırırıq.  Həssas təbəqənin vəziyyətini yaxşılaşdırırq.

Korrupsiya və rüşvətxorluqla mübarizə gedir və Prezidentin  müşavirədəki çıxışından  sonra bu sahədə  mübarizə daha da gücləndiriləcək.
Hesab edirəm ki, müşavirədə Prezident doğru söylədi ki, ictimaiyyət də bu məsələdə aktiv olmalıdır".

Millət vəkili eyni zamanda mediada məmurların və sabiq məmurların  islahatlara mane olması ilə bağlı gedən yazıları da təqdir etmədiyini bildirib. "Mətbuat oqranları da buna diqqət yetirməlidir. Vətəndaş məsuliyyətini hiss etməlidir. Belə insanlar qarşı  mübarizə aparmalıdır. Bu eyni zamanda  Mətbuat Şurasının  məsuliyyətini artıran məsələdir. Amma o məmurları, intriqa aparan məmurların  kimliyinə gəldikdə bununla əlaqədar olaraq  dövlətin müvafiq  qurumları var və onlar həmin şəxsləri axtarıb tapmalıdır. Hesab edirəm ki, ictimai qınaq da  burada öz müsbət rolunu oynaya bilər. O baxımdan ölkə başçısı müşavirədə ciddi mesaj verdi.

Düşünürəm ki, müvafiq  hüquq-mühafizə orqanları, prokurorluq, milli təhlükəsizlik xidməti bu məsələyə münasibət bildirməli, onların kimliyi açıqlanıb ifşa olunmalıdır"- millət vəkili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31