Azərbaycanın iqtisadi-sosial inkişaf doktrinasının uğurları
Azərbaycanın iqtisadi-sosial inkişaf doktrinasının uğurları
17 Oktyabr 2019 15:04 SiyasətPrezident İlham Əliyevin yanında 2019-cu ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayı ərzində iqtisadi inkişafın tempi müsbət olub. Xüsusilə qeyri-neft sektoru 15 faiz həddində artıb. Bununla yanaşı ölkənin sosial-iqtisadi artım sürəti müsbət göstəricilərlə nəticələnib. Qeyri-neft sektorunda isə, artım tempi 15 faiz təşkil edib. Prezident İlham Əliyev onu da bildirib ki: "Qeyri-neft sənayemiz 15 fazidən çox artıb. Bu onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər".

Uğur paketinin təməli və demokratiyanın inkişaf sürəti
Hər hansı bir dövlətdə sosial-iqtisadi və digər sahələrdə o zaman inkişaf prosesləri sürətlə önə çıxır ki, orada ilk öncə idarəetmə və cəmiyyətin demokratikləşməsi prosesi həyat normasına çevrilsin. 2018-ci il aprel ayının sonlarında yenidən Prezident seçilən İlham Əliyev Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq ölkədə "məmur-oliqarxiya" təfəkkürü ilə idarəetmə düşüncə sistemini "menecer-texnokratiya" kadrları ilə əvəz etdi. Çoxları bunun nə demək olduğunun fərqində belə olmadılar. Çünki, menecer və menecment baxışları ilə idarəetmənin sadəcə özəl sektorda deyil, dünyanın inkişaf etmiş bütün dövlətlərinin müasir fəlsəfəsinin Azərbaycanda tətbiq olunması üçün inam yaratmaq gərək idi. Demokratiya uğrunda "mübarizə" apardıqlarını elan edənlərin barbar bağırmasına indi çoxlarının gülməyi gəlir. Ona görə ki, ölkə Konstitusiyasının bütün maddələri demokratik prinsiplərə söykənir. Əsil demokratiya ölkədə iqtisadi və sosial həyat tərzinin inkişafına xidmət etməlidir. Dünya təcrübəsinin ənənə və novatorluq prinsipləri çərçivəsində inkişaf etdirməklə bütün uğurları əldə etmək mümkündür. Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın özlərini "daha çox demokrat olduqları" ilə öyünən və çoxçalarlı inqilabları ilə sinəsinə döyən ölkələrdə cəmiyyətin inkişaf prosesini heç də görmək mümkün deyil. Ukrayna, Qırğızıstan, Ermənistan, Moldova, Gürcüstan və digər ölkələrdə baş verən "rəngli inqilablar" istənilən effekti verə bilmir. Çünki, fikir və söz azadlığı hüquqları ilə yanaşı, həmin ölkələrin effektiv idarəetmə sistemində yalnışlıqlar var. Faktiki olaraq, inzibati idarəetmə sistemi mülayim siyasətin tərəfdarları siyasətini gündəmə gətirən oliqarxiyanın oyunlarından ibarət olan bu "rəngli inqilablar" sonunda həmin xalqların bəlasına çevrilib. İndi həmin ölkələrdəki problemin kökündə məhz bu amillər yer alır. Azərbaycanda isə, prezident və yenilənmiş komandasının birgə səyləri nəticəsində genişmiqyaslı reformlar cəmiyyətin həyat normasına çevrilib. Belə bir idarəetmə faktiki olaraq Yaxın Şərq ölkələrinin heç birində yoxdur. Məmur-oliqarxiya təfəkkür tərzinin keçmişin qalığı olan feodalizmlə uzlaşması əslində istənilən xalqın əsil bəlası deməkdir. Prezident İlham Əliyev belə bir təfəkkür tərzinin dəyişməsi üçün ciddi addımlar atıb. Menecer-texnokratiya təfəkkürünə köklənmiş idarəetmə anlayışı isə, əslində müasir dövrün idarəetmə sisteminin demokratikləşməsi prosesinin və inqilabi dəyişikliklərin sintezindən ibarətdir. Prezident İlham Əliyev ölkənin inkişaf tepmi ilə bağlı hər dəfə açıqlamalar verdikdə məhz bu faktora əsaslanıb. Beləliklə Azərbaycanda demokratik proseslərin bir qrupun deyil, ümumi cəmiyyətin həyat normasına çevrilməsini ən yüksək səviyyədə təmin edib.

Hər bir hesabat görülən işlərin səmərəliyinin göstəricisidir
Prezident İlham Əliyev müşavirədə onu da xatırlatdı ki, kənd təsərrüfatı sahəsində çox ciddi irəliləyişlər mövcuddur. Çünki, ötən müddətdə aqrar sektora böyük investisiyalar qoyulub. Prezident müşavirədə aqrar sektorla bağlı bu fikirlərini də söylədi: "Mən əvvəlki illərdə təəccüblənirdim ki, nə üçün bu qədər investisiyanın müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. İndi bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. Beləliklə kənd təsərrüfatı 7 faizdən çox artmışdır".
Çünki, əvvəllər aqrar sektorun inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər ya oğurlanır, ya da fermerlərdən rüşvət alaraq büdcəni talayırdılar. Sadə kəndli faktiki olaraq ikiqat zülm içində yaşamağa məcbur edilirdi. Bir yandan ona verilən kredit və subsidiyalara görə rüşvət tələb olunurdu, digər yandan yetişdirdiyi məhsul ondan dəyərindən qat-qat aşağı qiymətə alınırdı. Kəndli baba da işləmək, əkib-biçmək haqqında düşünmək istəmirdi. Bir qədər bacarıqlı olan insanlarımız da başqa ölkələrə ucuz işçi qüvvəsi kimi köçüb gedirdi. İndi yeni idarəetmə sistemi tamamilə fərqlənir.
.jpg)
Dövlət borclarının aşağı enməsi və islahatlarım səmərəsi
Müşavirədə İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlarla bağlı bu fikirləri söylədi: "Azərbaycan dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdədir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstərici ilə biz dünya miqyasında doqquzuncu yerdəyik. Bir daha demək istəyirəm ki, mən hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən ilə azaldaq".
Ölkəmizin daxili iqtisadi resurslarının inkişaf tempi beynəlxalq miqyasda aparılan üfüqi və şaquli istiqamətdə səmərəli siyasi-iqtisadi münasibətlər sayəsində baş verir. Belə ki, Azərbaycanın istehsal etdiyi məhsullar milli brendimiz statusu ilə xüsusi çəkiyə malik olmaqdadır. Nəticə etibarı ilə milli istehsalın sayəsində əldə olunan gəlirlər ədalətli şəkildə ölkənin sosial-iqtisadi həyat tərzində öz müsbət nəticələrini verir.
Prezident İlham Əiiyev müşavirədə əldə olunan uğurlarla bağlı bunları da söylədi: "Reallaşdırılan sosial paketlər sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı. Pensiyalar, əməkhaqqı və müavinətlər artırıldı. Bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib. Və bu vəsait sosial yönümlü istiqamətdə nəzərdə tutulurdu. Bu çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də infilyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci yerdədir".
Yeni perspektivlər və üfüqlərə yol açan strateji hədəflər
Azərbaycanın yaxın gələcəkdə böyük iqtisadi potensialını ortaya qoyması üçün yeni ehtiyatların aşkarlanması və büdcə gəlirlərinin artması istiqamətində dövlət proqramı çərçivəsində xüsusi hazırlıqların görülməsi üçün addımlar atılmaqdadır. Prezident İlham Əliyev müşavirə zamanı qeyd etdi ki: "Büdcə gəlirlərinin artırılması üçün ciddi hazırlıqlar görülür. Artıq vergi və gömrük sahəsində aparılan islahatlar və şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. İndi Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alıb. Hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz dünya miqyasında 10-cu yerdədir. "Doing Business"in hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Onu da bilirik ki, təmiz, bilikli və Vətənə bağlı kadr vəzifəyə gətirilirsə, biz orada dərhal dəyişikliləri görürük. Bilməliyik ki, islahatların alternativi yoxdur".
Müasir standartlar çərçivəsində islahatların aparılması bir yandan ölkəmizin inkişafına xidmət edirsə, digər yandan, dövlətimizin regional və beynəlxalq səviyyədə gücünün artması deməkdir. Bütün bunlar Azərbaycanın bir dövlət olaraq tarixi baxımdan xüsusi əhəmiyyətinin və çəkisinin artmasına səbəb olacaq. Bütün bunlar çox yaxın dönəmdə ölkəmizin ərazi bütövlüyünün təməl prinsipi deməkdir. Vətəndaşlarımız artıq dövlətimizə və müstəqilliyimizə daha çox inanmaqdadırlar. Qərb dövlətlərində olduğu kimi artıq hər bir vətəndaş Azərbaycanımızın varlığına və onun inkişafına xidmət etməkdə israrlıdır. Çünki, yeni idarəetmə sisteminin bir il öncə təməli qoyulanda çoxları bunun hansı uğurlara gətirib çıxaracağını bilmirdi. İndi addım-addım bu vüsətin dəyəri ictimai xarakter daşımağa başlayıb.
Ə. Yusifoğlu