Həmsədrlərin daha bir nəticəsiz səfəri- RƏY

Həmsədrlərin daha bir nəticəsiz səfəri-RƏY

Vasitəçilərin bu kimi gedişləri gərginliyi daha da artırır

Son illərin acı və mənfi yöndən olan təcrübəsinə dayanaraq söyləyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərilərinə götürən, lakin ötən illər ərzində problemin həlli istiqamətində zərrə qədər də olsun nəticəyə hesablanmış addım atmayan ATƏT-in Minsk qrupu bir qayda olaraq Azərbaycan-Ermənistan təmas xəttində gərginlik artanda, atəşkəs rejiminin pozulması halları intensivləşəndə, eləcə də Ermənistanın təxribatçı hərəkətləri tez-tez müşahidə ediləndə həmsədrlər tez-tələsik regionda peyda olurlar. Ona görə yox ki, vasitəçilər Dağlıq Qarabağ probleminin həllinə nail olmaq istəyirlər. Əsla yox. Sadəcə Minsk qrupunun həmsədrləri Ermənistanın şıltaqlıqlarına davam gətirməyən Azərbaycanın İrəvanı ciddi şəkildə cəzalandıracağından ehtiyat edərək dərhal regiona səfər edirlər. Elə hazırda da yuxarıda qeyd etdiyimiz tendensiya müşahidə edilir və məhz cərəyan edən proseslərdən dolayı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərə gəliblər. Tam əminliklə deyə bilərik ki, vasitəçilərdə belə bir narahatçılıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl Rusiyanın Soçi şəhərində "Valday" diskussiya klubunun toplantısında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida" ifadəsindən sonra yaranıb. Vasitəçilər və onların təmsil etdikləri ölkələr ehtiyat edirlər ki, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ problem ilə bağlı səsləndirdikləri yersiz açıqlamalar, bəyanatlar və rəsmi Bakını təxribata çəkmək istəyinin Azərbaycan tərəfindən verilən cavabı çox sərt ola bilər. Nəticə etibarilə cəbhədə yenidən 2016-cı ilin aprel hadisələri təkrarlanar. Növbəti aprel olaylarının təkrarlanması isə bu dəfə Ermənistanın xəritədən silinməsi ilə nəticələnəcək.  Artıq bu dəfə heç bir güc, qüvvə, xahiş, minnət Azərbaycan Silahlı Qüvvələrinin qarşısını ala bilməyəcək. Ona görə də tərəflər arasında sərt ritorika işə düşən və cəbhədə təxribatlar artan kimi ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edirlər. Ona görə də vasitəçilərin bu kimi səfərlərinin Dağlıq Qarabağ probleminin həllinə heç bir təsiri olmur. Elə əksər ekspertlər də  məhz bu qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri formal xarakter daşıyır: "ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona səfərə gəlib. Vasitəçilər ilk öncə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdülər. Həmsədrlərin erməni baş nazirlə hər hansı bir irəliləyişə apara bilən danışıqlar aparmasının şahidi olmadıq. Həmsədrlər  tərəfindən Paşinyana öz ritorikasına düzəlişlər etməsi, hətta humanitar aksiyanın baş tutması üçün müsbət bir addım atılmadı. Həmsədrlər regiona yalnız ilin axırına yekun vurmaq və hesabat hazırlamaq üçün gəliblər. Sadəcə, atəşkəsə əməl edilməsi və danışıqların aparılmasını müzakirə edildi".

Politoloq deyib ki, həmsədrlər Yerevandan Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək Xankəndində separatçılarla görüşündə də Azərbaycanın cəbhədə "insdent" yaratdığını, oradakı separtçılarla həmfikir olduqlarını ortaya qoyacaq: "Bakıya gələcək həmsədrlər gündəmsiz və əldə heç bir razılaşma olmadan burada görüşlər keçirib, ilə yekun vuracaq. Əgər, danışıqlarda müsbət bir irəliləyiş olsa idi, Aşqabadda Azərbaycan və Ermənistan liderləri arasında soyuq küləklər əsməzdi. Azərbaycan qəti şəkildə həmsədrlərin bu, gündəmsiz səfərlərinə mənasız yanaşır. Demək olar ki, Ermənistan bütün danışıqları sabotaj edir və "Hamının -Hamıya" prinsipi əsirlərin dəyişdirilməsi prinsipindən yayınır. Rəsmi Bakının girovların dəyişdirilməsinə nail ola bilməyən bu formatdan imtina etməsi zamanıdır". Politoloq onu da deyib ki, Azərbaycanın seçim imkanı qalmır, danışıqlar nəticəsiz davam edir: "Yalnız, seçim imkanı hərbi variant masaya yatırılması mütləq olacaq. İşğalçının növbəti dəfə cəzalanması gözlənilir. Artıq, atəşkəs status-kvonun qorunması deməkdir. Dünya da şərtlər dəyişir. Azərbaycan Qarabağın ətraf rayonlarını nəzarətə götürmək üçün anti-terror əməliyyatlarına keçə bilər".

Füzuli

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31