Dövlət başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu- Təhlil
Dövlət başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu-Təhlil
16 Oktyabr 2019 15:41 Siyasət"Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağı, ayrılmaz hissəsidir"
Azərbaycanın dünyadakı problemlərin, münaqişələrin həllinə mövqeyi aydın və birmənalıdır. İşğala və təcavüzə məruz qalan bir ölkə olaraq, Azərbaycan hər zaman dünyada sülh, barışıq, dialoq mövqeyindən çıxış edib və sülh, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına da öz töhfələrini verib, bu gün də verməkdədir. Azərbaycan hər bir münaqişənin, konfliktin sülh, danışıqlar, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmzalığı prinsipləri çərçivəsində həllinə tərəfdar çıxıb, bunu öz bəyanatlarında və əməli addımlarında əyani nümayiş etdirib. Odur ki, uzun illərdən bəri davam edən və təcavüzkar Ermənistanın, onun havadarlarının qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin çözümünə yanaşmada da eyni mövqenin sərgilənməsini gözləyib və tələb edib. Bu da çox ədalətli və haqlı bir mövqedir. Çünki bir münaqişəyə bir cür, başqa bir münaqişəyə, xüsusilə də, işğal faktına başqa cür münasibətin sərgilənməsi, ikili standartlardan çıxış edilməsi yolverilməz və qəbuledilməzdir. İşğala, təcavüzə münasibət eyni və birmənalı olmalıdır. Azərbaycan da illərdir bunu gözləyir və tələb edir. Yəni, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi də nəhayət, öz ədalətli tapmalı, təcavüzkar Ermənistan yerində oturdulmalıdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan 30 ilə yaxındır, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: "İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılır və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib. Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etidirir". Prezident İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib: "Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərarlar və qətnamələr qəbul edib. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərin icrasından boyun qaçırır". Dövlət başçısı nəzərə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağı, ayrılmaz hissəsidir: "Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə olunur. Fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm".
Qeyd edək ki, prezident İlham Əliyevin belə bir toplantıda iştirakı, çıxışı və çıxışı zamanı dünya, sülh, təhlükəsizlik üçün səsləndirdiyi önəmli müsajlar olduqca vacib və əhəmiyyətlidir. Xüsusən, dövlət başçısının Zirvə toplantısında iştirakçıların diqqətini bir daha Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsinə yönəltməsi ən önəmli məqamlardandır. Bildiyiniz kimi, Azəırbaycan dövləti, onun rəsmiləri, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman bütün tribunlardan Azərbaycan problemlərini, üzləşdiyi ədalətsizlikləri, haqsızlıqları, ən əsası, Ermənistanın işğalçılığını, işğala son qoyulmasının vacibliyini dilə gətirib. Çünki dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını, həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini olduğu kimi bilməli, dərk və etiraf etməlidir. Bu istiqamətdə də uzun illərdən bəri aparılan məqsədönlü və təmkinli xarici siyasət kursu artıq öz müsbət nəticələrini verməkdə, gündən-günə, hər tədbirdən- tədbirə Ermənistanın iç üzü açılmaqda, işğalçılıq siyasəti, cinayətkarlıq əməlləri faş, ifşa olunmaqdadır. Artlq dünya yavaş-yavaş kimin kim olduğunu anlamaqda, qəbul və etiraf etməkdədir. Bu baxımdan, Zirvə Görüşündə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulması, Ermənistanın əməllərinin bir daha yüksək tribunadan bəyan olunması vacib və lazımlı idi. Cənab Prezident də öz çıxışında bir daha bu məsələyə toxunaraq, dünyaya Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqenin birmənalı və dəyişməz olduğunu nümayiş etdirmiş oldu. Artıq işğalçı Ermənistanın Azərbaycandan mövqe dəyişikliyini və güzəşt gözləməsi mümkün olan hal deyil. Odur ki, Nikol Paşinyanın Ermənistan dövlətini siyasi və iqtisadi bataqlıqdan xilas etməsinin yeganə yolu qonşu dövlətlərlə, xüsusən Azərbaycanla münasibətlərin normal məcraya gətirməsindən asılıdır.
Nurlan
Olaylar.az