Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər faşizm ideologiyasına əsaslanır- RƏYLƏR
Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər faşizm ideologiyasına əsaslanır-RƏYLƏR
16 Oktyabr 2019 13:57 Siyasətİşğalçı dövlətin bəşəri ideyalara qarşı cinayətləri bu gün də davam etməkdədir
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njdeni Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparan şəxs kimi təqdim etməsinə Prezident İlham Əliyevin tutarlı və arqumentli cavabı nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə geniş müzakirə olunmaqdadır. Xüsusən, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı ölkəmizdə ümumxalq hərəkatına çevrilib. Hesab edilir ki, dünya faşizm əleyhinə olduğu halda, Ermənistan rəhbərliyi Yerevanda daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirməklə dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur.
Milli Məclisin deputatı Eldəniz Səlimov qeyd edib ki, Prezident İlham Əliyevin " Valday" Beynəlxalq Diskussiya Klubunda " Qarabağ Azərbaycandır və nida işarəsi!" nidasını səsləndirməklə bu məsələni milli ideya və hərəkata çevirdi. Eyni zamanda, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə dövlətimizin başçısı Ermənistan dövlətinin mahiyyətini bir daha ifşa etdi. E.Səlimov bildirib ki, Zirvə görüşündə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar məsələ müzakirə olundu. Onun sözlərinə görə, Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiklərindən və ən əsası Bakı neftinin müharibədə oynadığı roldan danışılaraq qələbədə Azərbaycanın da mühüm rolu olduğunu qeyd edilib: "Lakin Ermənistanda isə faşist cəlladı, faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qaregin Njde "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur" şüarı ilə Böyük Vətən müharibəsində faşizmə xidmət etmişdir. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar. Paşinyan isə həmşəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sənədlərində müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur. Bütün bunlar göstərir ki, Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur".
Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı Vətənini, xalqını sevən milyonlarla vətəndaşımızın ürəyinin səsidir: "Beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə ünvanlanan bu mesaj milli ruhdan, torpağa məhəbbətdən, işğal altındakı ərazilərimizin azad edilməsinə olan inamdan qaynaqlanır və ölkə rəhbərinin qətiyyətini, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu davamlı, dönməz mövqeyini əks etdirir". T.Rzayev bildirib ki, "Qarabağ Azərbaycanın əzəli torpağıdır və mütləq işğaldan azad ediləcəkdir" ifadələrini hər bir tədbirdə, görüşdə tez-tez səsləndirən, öz prinsipial mövqeyini ortaya qoyan dövlət başçısı son dəfə Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunda dünya ictimaiyyətinə bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzün təmin olunmasında heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir və buna nail olacaq. Onun sözlərinə görə, qələbəyə nail olmaq isə milli həmrəylikdən, birlikdən keçir. Məhz milli birliyin olmaması keçən əsrin 90-cı illərində torpaqların işğalına bilavasitə zəmin yaratmış, erməni təcavüzkarları xalqımızı ağır bəlalara düçar etmişlər: "Bu gün Qarabağ uğrunda mübarizədə bütün Azərbaycan xalqı bir cəbhədə olmalı, bir məqsəd uğrunda çarpışmalıdır. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə verdiyi mesaja əsaslanan Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun "Qarabağ Azərbaycandır!" hərəkatının yaradılması haqqında verdiyi təklif məhz bu məqsədə-işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ümumxalq həmrəyliyi üçün bütün qüvvələrin səfərbər olunmasına xidmət edir. Bu hərəkatın vahidliyi əlbəttə ki, düşmənlərimizə, beynəlxalq aləmə qürurumuzu, həmrəyliyimizi nümayiş etdirmək, müəyyən qüvvələrə təsir etmək baxımından əhəmiyyətlidir. Qarabağ məsələsində yekdil olan vətəndaşlarımız bu hərəkatı təşkilatlandırmaqla həm də özlərinin demokratik amallara sadiq olduğunu sübut etmiş olacaqlar. Dünya bir daha dərk etməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, ayrılmaz olaraq qalacaq və işğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaq". Yeri gəlmişkən qeyd edək ki, faşizm ideologiyası ilə Ermənistan dövlətinin insanlıq əleyhinə törətdiyi cinayətlər yalnız ideoloji oxşarlıqda deyil, həm də real nəticələrdə özünü göstərir. Bu gün də Ermənistanın bəşəriyyət əleyhinə, insanlığa, humanizm ideyalarına qarşı tarixən formalaşmış mövqeyi və real əməlləri davam etməkdədir.
Zəka
Olaylar.az