Türk Şurası üzv ölkələrin qarşılıqlı əməkdaşlığı sahəsində mühüm rol oynayıb- MÜNASİBƏT

Türk Şurası üzv ölkələrin qarşılıqlı əməkdaşlığı sahəsində mühüm rol oynayıb-MÜNASİBƏT

İlham Əliyev: "Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib"

Paytaxt Bakıda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işini başa vurdu. Etiraf edilməlidir ki, VII Zirvə Görüşü bir sıra özəllikləri ilə yadda qaldı. Belə ki, ilk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak etdi,  Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşünə qatıldı. Türkdilli ölkələrin liderlərinin iştirakı ilə reallaşan Zirvə Görüşü Bakı Bəyənnaməsinin imzalanması ilə tarixə düşdü. Onu da qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)  2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub. Maraqlıdır, ötən müddət ərzində Türk Şurası qarşısına qoyduğu hədəflərə nail ola bilibmi?

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində üzv dövlətlər bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edirlər. Türkdilli ölkələrin qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlığı ildən ilə genişlənir. Rəsmi məlumata görə, iqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. Siyasi ekspertlər Türk Şurasını türk dövlətləri arasında iki və çoxtərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli baza hesab edirlər. Türk Şurasının təməlinin Azərbaycanda qoyulması və ölkəmizin türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə verdiyi tövfə isə xüsusilə dəyərləndirilir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə qeyd edib ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir: "2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir".

***

Etiraf edilməlidir ki, ötən on il ərzində Türk Şurası üzv ölkələrin qarşılıqlı əməkdaşlığı sahəsində mühüm rol oynayıb. Belə ki, TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12% təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir. Bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Dövlət başçısı İlham Əliyev qeyd edib ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: "Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili "Nəsimi ili" elan edib. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir".

Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Zirvə Görüşü sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına xidmət etməklə yanaşı, Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirir. Bakıda Azərbaycanın ev sahibliyi ilə Şuranın VII Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunun sübutudur: "2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi Türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirmək olub. Fəaliyyətə başladığı gündən keçən 10 il ərzində kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb, uğurlu nəticələr əldə edilib". Deputat bildiriib ki, Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin də prioritet istiqamətlərindəndir: "Siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rol oynayan Türkdilli dövlətlərin məhz Bakıda bir araya gəlməsi təbii ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, VII Zirvə Görüşü çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni bir səhifə açacaq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31