Qarabağ Azərbaycandır- bu şübhəsizdir- ŞƏRH

Qarabağ Azərbaycandır- bu şübhəsizdir -ŞƏRH

Sahib Alıyev: "Azərbaycanlının işğal altındakı Qarabağda olması üçünsə Azərbaycan Qarabağ olmalı, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalı, Qarabağla olmalıdır"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl Soçidə Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış tutarlı cavab və "Qarabağ Azərbaycandır və nida" sözləri bu gün cəmiyyətimizi yenidən Qarabağ uğrunda birlik, bərabərlik və əzmkarlıq nümayiş etdirməyə istiqamətləndirib. Təsadüfi deyil ki, bu gün hər kəs məhz bu çağırış, şüar ətrafında birləşib. Millət vəkili Sahib Aliyev dövlət başçısının sözügedən fikirlərini Ermənistan rəhbərliyinə vurulan tərs sillə kimi dəyərləndirməklə yanaşı, həm də bunun insanlarımızda inam, ümid hissini daha da artırdığını vurğulayıb. Onun sözlərinə görə, hərdən sosial şəbəkədə Dağlıq Qarabağ problemi ilə bağlı bədbin fikirlər səsləndirilir: "Bilmirəm, bu qəsdən- tapşırıqla, yaxud qərəzlə edilir, yoxsa o cür fikir səsləndirənlərin yumşaq desək, informasiyasızlıqlarından qaynaqlanır. Amma hər ikisi zərərlidir ki, birinci halı lənətləyir, ikincini isə qınayıram. Əgər biz torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, buna nə qədər haqqımız varsa, o qədər də, belə demək mümkünsə, əminliyimiz olmalıdır. Millət, ya da fərd, fərq etməz, sən əgər qarşına qoyduğun hədəf və məqsədə çatacağına əmin deyilsənsə, şübhə ilə yanaşırsansa, çatmayacaqsan. Qarşında hansı maneələr durursa-dursun, özünə əminsənsə, mütləq o maneələri aşacaqsan. Söhbət Dağlıq Qarabağ problemindən gedirsə, üstəlik onu da nəzərə almalıyıq ki, düşmənlərimiz və onlara havadarlıq edənlər də bizi izləyir və burada yazdıqlarımızdan özləri üçün nəticələr çıxarırlar. Konkret problemə gəldikdə onu deməliyik ki, digər konfliktlərə yanaşmada böyük dövlətlərin bir hissəsi tərəflərdən birinə, o biri hissəsi digərinə dəstək vermələrinə, Dağlıq Qarabağ məsələsində isə, demək olar, hamısının işğalçıya havadarlıq etmələrinə baxmayaraq bizdə vəziyyət müsbətə doğru fərqlənir. Məsələn, Ukraynanın, Gürcüstanın torpaq bütünlüyü şübhə altına alındığı, Krım tam ilhaq edildiyi, Abxaziya ilə Güney Osetiyanın müstəqilliklərini Rusiya başda olmaqla bəzi dövlətlər tanıdığı halda içi Ermənistan qarışıq kimsə Dağlıq Qarabağa yanaşmada belə bir addım atmayıb. İstəmirlər, ona görəmi? Xeyr, Azərbaycanın apardığı uğurlu siyasət, onun günü-gündən artan hərbi potensialı buna mane olur. Məhz bu siyasətin nəticəsi idi ki, "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında cənab İlham Əliyev nitq söyləyərək Ermənistanın işğalçılıq siyasətini arqumentlərlə darmadağın etdi".

***

Millət vəkilinin sözlərinə görə, biz həmən çıxışı siyasi və yaxud da diplomatik polemika nöqteyi-nəzərindən qiymətləndirməkdən daha çox, ona diqqət yetirməliyik ki, bir zamanlar işğalçıya açıq havadarlıq edənlərin indi Dağlıq Qarabağ probleminə yanaşmada az qala Azərbaycan Prezidentinin fikirləri ilə üst-üstə düşən mövqe sərgiləmələri, yaxud da ona belə bir çıxış üçün platforma vermələri nə deməkdir: "Bu uğurun arxasında uzun zəhmət, cənab Prezidentin ölçülü-biçili siyasəti, möhkəm iradəsi, qətiyyəti, böyük diplomatik təcrübəsi və yüksək intellekti durur. Təbii ki, qarşı tərəfin buraxdığı səhvlər də öz təsirini göstərir. Belə səhvlərdən cəmiyyət olaraq biz də faydalanmalıyıq. Özəlliklə də xaricdə yaşayan soydaşlarımız Ermənistanın işğalçı və nasist siyasətinin ifşa edilməsində mühüm rol oynaya bilərlər və oynamalıdırlar. Amma bütün bunlar özfəaliyət şəklində olmamalı, atılan addımların, keçirilən tədbirlərin effektliliyi üzərində düşünülməlidir. Ona görə də təklif etdim ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Prezident Adminstrasiyası Xarici Əlaqələr Şöbəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin təmsilçilərinin, ayrı-ayrı ölkələrdəki diplomatlarımızın ( onlar skaypla da qoşula bilərlər) ardıcıl şəkildə bu cür görüşləri təşkil olunsun. Məhz belə görüşlərdə vətəndaş və cəmiyyət olaraq hayların işğalçılıq siyasətinin ifşası və iflası üçün nələri, həm də necə etməyimiz detallarınadək dəqiqləşdirilməlidir. Özümüz deyib özümüz eşitmək qəbilindən olan, statsistika üçün edilən, cağdaş dövrün informasiya siyasəti reallıqlarına cavab verməyən, az effektli, əcnəbilərin reaksiyasız qaldıqları, onlara təsirsiz ötüşən tədbirlərə son qoyulmalıdır".

Sahib Alıyev onu da bildirib ki, əslində biz hamımız əsgərik. Sadəcə bizim səngərdəki əsgərdən fərqimiz ondadır ki, hərəkətə keçməmiz üçün cənab Ali Baş Komandanın əmrinə ehtiyac yoxdur: "Məncə, elə o əmr "hücum diplomatiyasına keçmək lazımdır",- deməklə çoxdan verilib də. Cənab Prezidentin "Qarabağ Azərbaycandır və nida" sözləri hörmətli Əli Əhmədovun da vurğuladığı kimi həm də o deməkdir ki, necə Azərbaycançılıq, eləcə də Qarabağçılıq bizim milli ideologiyamız olmalıdır. İdeologiya qədər isə milləti birləşdirən və irəli aparan ikinci bir nəsnə hələ fikirləşilib tapılmayıb. Qarabağ Azərbaycandır- bu şübhəsizdir. Azərbaycanlının işğal altındakı Qarabağda olması üçünsə Azərbaycan Qarabağ olmalı, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalı, Qarabağla olmalıdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31