Oqtay Əsədov: “Müstəqil Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”
Oqtay Əsədov: “Müstəqil Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”
16 Oktyabr 2019 12:53 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellini qəbul edib. MM-dən "Olaylar"a bildirilib ki, spiker qonağı salamlayaraq bu səfərin parlamentlərimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini söylədi. Qeyd edildi ki, İtaliya ölkəmizin mühüm tərəfdaşlarından biridir. Münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir çox sahələr üzrə sıx əməkdaşlıq edirik. Ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanmışdır. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları həcmində olmuşdur. Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard ABŞ dolları təşkil etmişdir. Müstəqil Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır. Ölkəmizin təşəbbüskarı olduğu neft və qaz kəmərləri, reallaşmaq üzrə olan TAPAN və TAP layihələri bu fikri bir daha təsdiqləyir.
Sədr vurğuladı ki, Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələcək yüz il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı ən qısa yolla birləşdirən mühüm nəqliyyat qovşağıdır. Biz gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindəyik. Spiker ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri humanitar sahədə əməkdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirdi.
Qəbulda bildirildi ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi nəinki ölkənin, bütöv bir regionun tərəqqisinə böyük maneçilik törədir. Bu hal Avropanın təhlükəsizlik arxitekturası üçün də təhdiddir. Biz münaqişəyə dair İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi "Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə"ni yüksək dəyərləndiririk. Sənəddə ölkələrin ərazi bütövlüyü prinsipinə əməl olunması müddəası aydın şəkildə öz əksini tapmışdır. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ölkəmizə səfərini və burada keçirdiyi görüşləri əlaqələrimizin inkişafı baxımından yüksək qiymətləndirdi. Bildirildi ki, onun təmsil etdiyi ölkə Cənubi Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.