Təqaüdçü müsavatçıların “yorğun” qurultayı

Təqaüdçü müsavatçıların “yorğun” qurultayı

Oktyabrın 13-də Müsavat Partiyası sayca IX qurultayını keçirdi. Amma bu tədbir mahiyyəti etibarı ilə müasir Azərbaycan siyasətinin dinamizminə hər hansı bir yenilik gətirmədi. Çünki, partiyanın siması tamamilə yorğun idi. Nümayəndələrinin sayı ötən qurultaylardan fərqli olaraq xeyli dərəcədə az idi. IX qurultaya qatılanların demək olar ki, yarısı paytaxt Bakının 11 rayonundan seçilmişlərdən ibarət idi. Əvvəlki qurultaylardan fərqli olaraq, bu dəfə müsavatçıların sırasında ölkədə xüsusi çəkiyə malik şəxslər təmsil olunmurdular.

"Büllür Saray"da siyasətin bülluru yox idi

Bakının Binəqədi rayonundakı "Büllur Saray"da keçirilən IX qurultayda çıxışlar sanki bu partiyanın rəhbərini yenidən seçmək üçün hesablanmışdı. Azərbaycan dövlətinin bundan sonrakı inkişaf perspektivləri, regionda baş verən problemlər və həlli yolları, ölkədə hansı istiqamətdə islahatların aparılması və digər məsələlər barəsində heç nə danışılmadı. Başqan olmaq üçün üç nəfər namizədin arasında gedən mübarizə daha çox yadda qaldı. Dünya dövlətləri ailəsinin bir üzvü olan Azərbaycanın mövqeyinin hansı istiqamətlərdə inkişaf etdirilməsi prioritetləri ümumiyyətlə yada salınmadı.

"İctimai demaqoqiya"nın həndəvərindəki yelkən

Ötən qurultayda bəlirsiz qalmaqallarla partiyanın başqanı seçilmiş Arif Hacılı ötən 5 illik adına hesabat məruzəsi ilə çıxış etdi. Onun çıxışı əsasən partiyanın siyasi-iqtisadi və digər hadisələrə  "münasibət" bildirmək və ya "bəyanat" səsləndirmək rəqəmləri üzərində köklənmişdi. Arif Hacılı hətta ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi naminə Bakıda keçirilən "Avropa İdman Oyunları" yarışlarının baykot edilməsindən xüsusi təşəxxüslə danışdı. Ölkədəki bəzi problemlərlə bağlı Respublika Prokurorluğuna müraciətləri sadaladı. Müsavat Partiyasının bu il ərzində iki dəfə piket keçirməklə bağlı aksiyalarını xatırlatdı. Arif Hacılı Mirzə Cəlil demişkən "tappıltı", "çaqqıltı", "gubbultu" və "şaqqıltı"lı məruzəsində böyük yalnışlıqlara yol verərək "Avropanın 70 ölkəsi ilə əlaqələr qurmuşuq" ifadəsini işlətməyi də unutmadı. Halbuki, Avropada "soyuq müharibə"dən sonra mövcud dövlətlərin ümumi sayı 49-dur. Bu, Avropa Birliyi, Avropa Şurası və BMT səviyyəsində öz təsdiqini tapmış siyahıdır. A. Hacılı başqan simasında ABŞ səfərini  xüsusi əda ilə qeyd etməyi də unutmadı. Onun "həşəmətli" məruzəsindən belə çıxdı ki, partiyanın cəmi bir informasiya mərkəzi var, o da "bastainfo" resursundan ibarətdir. Onu da əlavə edək ki, həmin informasiya mərkəzinin rəhbəri elə öz doğma qardaşı Mustafa Hacıbəylidir. A. Hacılı nitqinin sonunda partiyanın bundan sonra daha da güclənəcəyi barəsində "çox işlər görmək niyyətində" olacağı ilə bağlı son nöqtəni qoydu. Halbuki, ötən 5 il ərzində Müsavat Partiyası mövcud olduğu tarixi proseslərə görə ən uğursuz illərini yaşayıb. "Basta" sözünün mənası italyan dilində "yetər", "saxla", "dur", "toxta" və "bəsdir" mənasını verir. İndi başa düşmək olmur, "basta" sözü müsavatçılığa, yoxsa və başqa bir məsələlərə "DUR" deməkdir?

"Haça-paça" siyasətin gerçəkləri

Qurultayda Tofiq Yaqublu öz namizədliyini irəli sürərək başqan olmaq iddiasını sərgilədi. O, yaranmış şəraiti dəyərləndirərək belə dedi: "İki səngərdə döyüşməyi xoşlayıram". Yəni bir tərəfdən üzvü olduğu partiyada, digər yandan isə, "Milli Şura"nın üzvü kimi fəaliyyətlərimi davam etdirəcəm". Bununla yanaşı, partiya daxilində demokratiyanın və bu yöndəki proseslərin axsadığını dəfələlərlə vurğuladı: "Partiyanın fəaliyyəti üçün yeni idarəetmə üsulu və nəfəs gəlməlidir" ifadələrini sərt şəkildə dilə gətirdi. Ancaq, Tofiq Yaqublu hansı yeniliklərin olması barəsində bircə söz belə demədi. O, çıxışı boyunca partiyanın rəhbərliyinin qüsurlarına ehyamlarla yanaşmaqla fikirlərini tamamladı. Tofiq Yaqublunun iradlarla dolu nitqində yaddaşlarda qalan təkcə bu ifadə oldu: "Ən dəhşətlisi odur ki, səhvi deyən adamı partiyanı nüfuzdan salan kimi elan edirlər. Tofiq Yaqublu başqan müavinliyindən xaric edilir, amma Divana məlumat verilmir. Necə ola bilər ki, partiyanın Divan üzvləri xaricə gedənlərin arayışları ilə tanış ola bilmir? Mən mitinqə çağırışa görə sorğulanmışam, niyə və nə üçün? Hörmətli İsa bəy, nə siz, nə Arif Hacılı bu məsələyə mövqe bildirmisiniz. Yaxud başqa hadisələr baş verir, hörmətli İsa bəy futboldan yazır. Əgər mən partiyanın başqanı seçilsəm, yeni era başlayacaq. Artıq yeni zaman gəlib. Sizi seçki qutusunun önündə reallığı dinləyərək, vicdanınızın səsinə səs verməyə çağırıram".

"Partiyanın üzləşdiyi böhran Arif Hacılının idarəçiliyindən doğur"

Qurultayda digər namizəd Yadigar Sadıqlı bildirdi ki, artıq Müsavatın güclü olmadığını etiraf etməliyik: "Bunu 5 il əvvəllə, yaxud 2003-cü illə müqayisə etməliyik. Biz diaqnozu qoyub vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq. Faktlara keçək, partiyanın aksiyaları çoxsaylılığı ilə fərqlənmir, hətta piket üzvlərinin sayı üçün 50 nəfərə qədər adam yox idi. Xüsusi icazə üçün olan mitinqlərdə belə adam az idi. Bunu başqa partiyaların aksiyaları ilə müqayisə edin. 2006-cı ildəki 7-ci qurtultayda 85 rayon, bu gün 61 rayon təşkilatında iclaslar keçirilib. Partiyanın internet kanalı yoxdur, buna nə mane olur? Qərargah var, 20 otaq var. Arif Hacılı əvvəllər gənclərin cəlbedilməsi haqda tədbirlər planı hazırlayacağını vəd edirdi, bəs indiyə qədər nə mane olurdu bu planı hazırlmağa? Partiyanın üzləşdiyi böhranlar Arif Hacılının idarəçiliyindən doğur, yəni obyektiv səbəblərdən irəli gəlmir. Arif Hacılı vəzifələrə təyinat zamanı şəxsi müasibətlərə və şəxsi sədaqətə önəm verir. İş bacarmaq yox, Arif Hacılıya münasibət və sədaqət əsas götürülür. Müsavat Partiyası ictimai maraq baxımından xeyli zəifləyib. Bu problemləri etiraf edib aradan qaldırmaq əvəzinə tənqidləri səsləndirənlərə qarşı kampaniya aparılır. Müsavatı dəyişməyin yolu yeni idarəetmədən və rəhbərlikdən keçir".

Gənclər niyə Müsavat Partiyasına üz tutmurlar?

Azərbaycan müxalifətinin ən böyük problemlərindən biri də 1987-1991-ci illərdə vüsət götürən Xalq Hərəkatının dalğası üzərində siyasi proseslərin önünə keçən və indiyə kimi öz mövqelərini qorumaqla imitasiya edən şəxslərin günahı ucbatından yeni nəsil siyasi proseslərdə aktiv ola bilmir. Dünya praktikasına görə istənilən sahədə "qan dəyişimi" adlı bir məfhum var. Biz indi müxalifət düşərgəsinin mənzərəsini analiz etdikdə görürük ki, hər bir partiyanın sədri vəzifəsi elə həmin təşkilatın yarandığı gündən özəlləşdirilib.
Aradan 31 il keçməsinə baxmayaraq, liderlər həmin liderlər və onların çevrəsi elə həmin şəxslərdən ibarətdir. Ən azından Yeni Azərbaycan Partiyasının apardığı siyasi kursu incələsələr bu daha çox effekt verərdi. Çünki, YAP-ı təmsil edən iqtidarı və onların daim yenilənməsi prosesini görəcəklər. 1993-cü ildən indiyə hakimiyyət eşalonunda təmsil olunanların zamanla dəyişməsi nəsillərin əvəz edilməsi kimi başa düşülməməlidir. Bu,   idarəetmənin dinamizminin gücləndirilməsinə xidmət edir. İstər partiyanın, istərsə də hakimiyyətin idarəedilməsində yeni nəsilləri təmsil edən mütəxəssislərin zəngin təcrübə qazanması üçün yaradılmış imkanlar və dövlətçiliyimiz baxımından olduqca faydalıdır.
Müsavat Partiyasının IX qurultayında iştirak edən nümayəndələrin əksəriyyətinin təqaüd yaşına çatmış insanlardan ibarət olması bir daha sübut etdi ki, 108 yaşı olan partiyanın ömrü sona çatıb. İdeyalar müqəddəs ola bilər, nəinki bir bölgəni, bəşəriyyəti özünə cəlb edə bilər. Ancaq, həmin ideyanın yaşarı olması üçün, zamanın ruhunu və onun özəlliyini həmin ideya ilə uzlaşdırmaq gərəkdir. Müsavat Partiyasının qurultayında bütün bunların heç birinə toxunulmadı. Sadəcə rəhbərlik və tərəfdarlarına səs verildi. Təqaüdçülər, indi də beş il dözün ki, təmsil olunduğunuz partiyanız nə zaman çiçəklənəcək.

Ə. Yusifoğlu    


 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31