Artıq heç kim erməni yalanlarına inanmır- Təhlil

Artıq heç kim erməni yalanlarına inanmır-Təhlil

Prezident İlham Əliyev Nikol Paşinyanı ifşa etdi

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə beynəlxalq arenada susdurdu. Belə ki,  Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njdeni Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparan şəxs kimi təqdim etməsinə Prezident İlham Əliyevin tutarlı və arqumentli cavabı artıq xarici ölkələrdə də geniş müzakirə olunmaqdadır. Çünki Ermənistan rəhbərliyi faşizmin ideoloji xəttinə əsaslanaraq beynəlxalq aləmə meydan oxumaq fikrindədir. Yerevanda daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirmək buna növbəti əyani sübutdur. Bəşəriyyət faşizmi insanlığa və humanizmə real təhlükə hesab edərək ona qarşı birləşdiyi halda Ermənistan rəhbərliyi fazişmə xidmət göstərənləri əbədiləşdirməyə çalışır. Millət vəkili Kamilə Əliyeva  hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin tarixi və cəsarətli bəyanatları son bir neçə gündə Ermənistana növbəti və sarsıdıcı siyasi-diplomatik zərbələrini endirməkdə, erməniləri və ermənipərəst dairələri bir daha nokauta salmaqdadır: "Bir neçə gün öncə Soçidə "Valday" Diskussiya Klubunun növbəti iclasının plenar sessiyasında Azərbaycan liderinin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində, Xankəndidə səsləndirdiyi sərsəm və təxribatçı "Qarabağ Ermənistanındır və nöqtə" bəyanatına "Qarabağ Azərbaycanındır və nida işarəsi"-deyə, cavab verməsi bütün dünyanın gözü qarşısında, ən mötəbər kürsülərdən birində bəyan edildi. Dünya bir daha erməni yalanının-özü də dövlət rəhbəri səviyyəsində deyilmiş yalanın ifşasının şahidi, Azərbaycanın işğala, təcavüzə, haqsızlığa, ədalətsizliyə məruz qaldığını duydu, bildi və Ermənistan - başda da Paşinyan olmaqla, sarsıdıcı zərbəsini almış oldu. Eyni zamanda, bunun ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Paşinyan daxil olmaqla, Ermənistan və ermənipərəst antiAzərbaycan dairələri bir daha siyasi-diplomatik zərbələr aldılar. Azərbaycan prezidentinin tarixi həqiqətlərə söykənən cəsarətli çıxışı, Ermənistanı faşizmə dəstək verməkdə ittiham etməsi işğalçı ölkənin, onun küçə düşüncəli, avantürist baş nazirinin əsl mahiyyətini çılpağlığı ilə ortaya qoydu. Çıxışı zamanı Azərbaycan prezidenti "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir"-deyərək, cani  Njdenin əsas şüarının "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda ölür", olduğunu xatırlatdı və bildirdi ki, burada şərhə ehtiyac yoxdur.

Dövlət başçısı sonra "Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib"-deyərək,  MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğuladı. Bu çıxışdan, tarixi bəyanatdan işğalçı ölkənin başçısı-baş naziri özünü necə itirdisə, yenidən yalana, iftiraya, böhtana, gözlə görülən, sübuta ehtiyacı belə olmayan həqiqətləri qıpqırmızı danmağa cəhd göstərdi, özünün savadsızlığını, tarixdən bixəbərliyini və əsl erməni hiyləgərliyinin mahiyyətini açıb ortaya qoymuş oldu və bu dəfə daha kəskin, daha sərt cavabını aldı. Ölkə prezidenti ikinci dəfə çıxış edərək, yenidən Paşinyanı yerində oturdu, onun yalanlarını bir daha ifşa etdi. Dünya bir daha həqiqətin kimi tərəfində olduğunun və kimin tərəfindən uca, gur səslə bəyan edildiyinin şahidinə çevrildi. Artıq heç kimi erməni yalanlarına inanmır, erməni yalanları bir-bir ifşa olunur və hər gün, hər saat Ermənistanın əleyhinə işləyir. Çünki Azərbaycan ədalətin tərəfindədir, Azərbaycan ədalətə söykənir və ədalət Azərbaycanın tərəfindədir. Bu isə Qarabağın işğaldan azad olunacağına, həmin günün heç də uzaq olmadığına, olmayacağına inamımızı, əminliyimizi anbaan artırır. Artıq hər kəs duysun, bilsin və eşitsin ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Azərbaycan Qarabağ məsələsində bir addım olsun belə geri çəkilməyəcək, torpaq məsələsində güzəştə getməyəcək". Onu da qeyd edək ki, prezident İlham Əliyevin konkret faktlara əsaslanan çıxışı Ermənistan rəhbərliyinin faşizm siyasətinə bağlı olduğunu bir daha təsdiqləməklə dünya ictimaiyyətinə növbəti mesaj kimi yüksək dəyərləndirilir. Çünki, tədbirdə iştirak edən dövlət başçıları tərəfindən bu faktlar diqqətlə dinlənildi və ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb oldu.

 Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31