Türk dövlətləri AB modelində birləşəcək... - Ekspert

Türk dövlətləri AB modelində birləşəcək... - Ekspert

Eks-dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Türk Şurasının zirvə toplantısı olacaq. Doğrudur, Türk Şurası 2009-cu ildən fəaliyyət göstərir, amma 1992-ci ildə türk dövlət başçılarının müxtəlif aralıqlarla zirvə toplantıları keçirilir. Buna rəğmən hələ də effektiv siyasi birlik qurmaq mümkün olmur. Buna səbəb nədir?

- Türk Şurasının yaradılmasında Azərbaycanın böyük rolu olub. Şuranın yeni iclası Azərbaycanın paytaxtında keçiriləcək. Məsələ odur ki, hələ də türk dünyasının bəzi dövlətlərini şuraya qoşmaq mümkün olmayıb. Məsələn, Türkmənistan bu təşkilatda iştirak etmir. Doğrudur, iclasda əsasən müstəqil türk dilli dövlətlər iştirak edəcəklər, amma buraya Rusiyada olan Tatarıstan, Başqırdıstan, Tuva və digər iri türkdilli dövlətlər, eləcə də toplumların cəlbi lazımdır. Bunun özü Türk Şurasının uğurlu işləməsinə yardım edə bilər. Bu işdə çox böyük fəallığa ehtiyac var.

- Türkdilli dövlətləri bu şurada birləşməyə qoymayan nədir?

- Açığını desək, bəzi yerlərdə türk şüurunun zəif inkişaf etməsi və xüsusilə də hakimiyyətdəki şəxsin inkişaf etmiş, yetkin türk şüuruna malik olmaması bu prosesə əngəl törədir. Məsələn, xatırlayıram ki, dövlət vəzifəsində olarkən türk dövlət başçılarının İstanbulda sammiti keçirilirdi. Sammitdə Türkmənistan Prezidenti Saparmurat Niyazov da iştirak edirdi. O, hər zaman çalışırdı ki, təşkilat siyasi xarakterli məsələləri müzakirə etməsin. Sammitdə Süleyman Dəmirəlin təklifi ilə gündəliyə Qarabağ məsələsinin salınması istənildi. Əvvəl bu məsələyə türkmənbaşı etiraz etdi və dedi ki, biz burada iqtisadi məsələləri müzakirə etməliyik. O dedi ki, türk dövlətləri arasında ümumi bazara oxşar birlik yaratmalıyıq, siyasi birliyə isə can atmamalıyıq. Çox təəssüf ki, onu bu məsələdə Özbəkistanın o zamankı prezidenti İslam Kərimov da müdafiə etdi.

Lakin son zamanlar türk şüurunun xeyli inkişaf etməsinin şahidi oluram. Bu, xüsusilə, Qazaxıstanda müşahidə olunur. Bunda Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev çox əhəmiyyətli rol oynayır.

- Hazırda türk dövlətlərinin bir qismi Qərbə inteqrasiyaya önəm verir, bir qismi isə Rusiya ilə əlaqələri inkişaf etdirir və onunla alyanslar yaradır. İstənilən halda bu fərqli yönlər türk dövlətlərinin siyasətinə istəsək də, istəməsək də, təsir göstərir. Böyük dövlətləri bu birliyin formlaşmamasında əngəllərdən biri kimi görmək olarmı?

- Böyük dövlətlər sırasında bu Şuranın inkişafında maraqlı olmayan əsas ölkə Rusiyadır. Buna isə bir çox səbəblər mövcuddur. Əvvəla, Rusiya ərazisində 16-ya qədər türk qövmü var. Onlardan az bir qisminin muxtar respublikası mövcuddur. Yerdə qalan türklər isə ayrı-ayrı quberniyaların tərkibində birləşiblər. Yəni Rusiya bu qövmlərin inkişafından ehtiyatlanır. Digər tərəfdən, müstəqil türk dövlətlərinin hansısa formada birləşməsi super dövlətlər arasındakı rəqabətdə vasitəyə çevrilə bilər, bunu da Rusiya istəmir. Məsələn, bu gün Türkmənistanın bu birliyə qatılmamasında şimal qonşumuzun təzyiqi olduğunu düşünmək mümkündür.

- Sizin dediyinizdən "Qərb bu birliyin effektivliyinə maraq göstərir" qənaətinə gəlmək olarmı?

- Qərb həqiqətən də Türk Şurasının effektivliyinin artmasında maraqlıdır. Bu, bir tərəfdən enerji layihələri ilə bağlıdır. Belə ki, Qərb hələ də Qazaxıstan və Türkmənistan neft-qazının Mərkəzi Asiyadan Avropaya daşınmasında və bunun vasitəsilə enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Bununla Rusiyanın "qaz diktəsi"nin qarşısını almağa cəhd edir. Bunun üçün isə Transxəzər qaz kəməri çəkilməlidir və burada önəmli rolu Türkmənistan oynamalıdır. Təəssüflər olsun ki, Türkmənistan bu məsələdə şifahi razılığını versə də, hələ də real addım atmır. Rusiya isə türkmən qazını 150 dollara alıb, Avropada 450 dollara satır.

- Sizcə, yaxın gələcəkdə Türk Şurasını Avropa Birliyi kimi siyasi və iqtisadi baxımdan effektiv təşkilata çevirmək nə dərədə inandırıcıdır?

- Məncə, buna inanmaq lazımdır. Hesab edirəm, əvvəl-axır türk dövlətlərinin - ən azından müstəqil türk dövlətlərinin - siyasi alyansını yaratmaq, hətta Türkmənistanı da burada görmək mümkün olacaq. Ola bilsin ki, Rusiyanın tərkibində olan Tatarıstan və Başqırdıstan da buraya müşahidəçi qismində cəlb edilsin. Bütövlükdə Turan Birliyinin siyasi ittifaq formasında yaranması perspektivləri kifayət qədər realdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31