31 ildir dəyişməyən və yenilənməyən qafalar
31 ildir dəyişməyən və yenilənməyən qafalar
14 Oktyabr 2019 15:46 SiyasətÖtən əsrin 80-ci illərinin sonunda yaranan Azərbaycan Xalq Cəbhəsi və bu gün AXCP-yə çevrilən təşkilat hələ də 31 il öncəki eyforik dönəmlərin, yəni mitinqlər və piketlər çağının düşüncə sistemindən qurtula bilmir. AXCP-ni idarə edənlər ötən müddətdə bir dəfə də olsun, Azərbaycan Respublikasının problemlərinin həlli istiqamətində tələb olunan addımları atmayıb. Bu təşkilat sanki yaranışından "söyüş", "təhqir", "etiraz", "qaralama" və sair qaramat baxışlardan yoğrulub. AXCP faktiki olaraq, 2013-cü ildən etibarən daha da radikallaşaraq, özünə bənzər digər təşkilatları ətrafında birləşdirməklə daha güclü mövqelər əldə etmək taktikası ilə hərəkət edir. Ona görə də "Milli Şura" adı altında hədəflərini gizlətməkdən çəkinmir.

AXCP-nin siyasi baxımdan süqutunun səbəbləri
Bu gün Azərbaycan cəmiyyəti ötən 31 ildə xeyli dəyişib. Xüsusilə nəsillərin dəyişməsi, hər bir yeni nəslin baxışlarının da dövrün tələbləri çərçivəsində formalaşması tamamilə yeni bir mənzərə ortaya qoyub. Ona görə də ənənəvi müxalifət partiyaları və onların yedəyində gedən bəzi təşkilatlar Azərbaycan cəmiyyətində istədikləri ideyaları və siyasəti inkişaf etdirə bilmirlər. Bunun əsas səbəblərindən biri müxalifətin müasir anlayışla desək, "aptoide", yəni yenilənmək istəyində olmamasıdır. Çünki, 31 il bundan öncənin eyforik təfəkkür tərzinin buxovundan çıxa bilmirlər. İstənilən müxalifət təşkilatına üzv olmaq istəyən gənc qısa zaman içində oradan ayrılmalı olur. Çünki, həmin təşkilatların nə perspektivini, nə də inkişaf xəttini görə bilmir. Xüsusilə AXCP bu baxımdan müxalifət partiyaları siyahısında ilk sırada yer alır. Başda Əli Kərimli olmaqla bu təşkilatın pensioner təfəkkürlü rəhbərliyi ya onları istismar edir, ya da hansısa "qrant" layihələrinin qurbanına çevirməyə çalışır. Gənclik isə, belə bir yanaşmanın demokratik dəyərlərə uyğun olmadığını görərək oranı dərhal tərk etməli olur. Zahiri baxımdan effektiv təsir vasitəsi kimi özünü "doğrultmaq" üçün AXCP-nin "tək qurtuluş yolu" mitinqlər və ya piketlər keçirməkdir. Ona görə də radikal baxışları önə çəkməklə bütün diqqətlərin mərkəzində olmağa çalışır. Əli Kərimli isə bu növ avantüraların "ustası" olduğunu hər kəsə isbat etməyə cəhd edir. Digər yandan isə, AXCP-nin hər hansı proqram və platformasının olmamasıdır. AXCP rəhbərliyi iddia edir ki, guya hakimiyyətə gəldiyi təqdirdə ölkədə həyata keçirəcəyi islahatları elan edəcək. Bütün bunlara isə, artıq cəmiyyətimizdə ironiya ilə yanaşılır. Demokratik cəmiyyətlərdə isə hər hansı bir siyasi təşkilat iqtidara gəlməmişdən öncə proqramlarını açıq şəkildə cəmiyyətə elan edir. AXCP-nin proqram və platformasının nədən ibarət olması qaranlıq qaldığı üçün ona inam da demək olar ki, yox dərəcəsindədir.
Mövhumatçılar ittifaqına çevrilmiş müxalifət
Bu gün AXCP-yə meyil göstərənlər əsasən üç qrupa bölünürlər. Bunlar Azərbaycanın daxilində süni şəkildə siyasi təlatümləri gündəmə gətirmək istəyən xarici güclər, dövlətin ali qanunu olan Konstitusiyanın dəyişdirilərək orta əsrlərdəki kimi "şəriət dövləti"ni qurmağa çalışan gerizəkalılar, xarici dövlətlərdə sərgərdan həyat sürmək üçün "mühacir statusu" almaq istəyən meşşanlar və dövlətçiliyimizə qarşı "etnik bölücülük" siyasətinin içində yer alanlardan ibarətdir. AXCP sədri Əli Kərimli məhz bu faktorlara söykənərək cəmiyyətdə siyasi stabilliyi pozmaq üçün sinəsini önə verib. Adlarını sadaladığımız çevrələr məhz buna görə dolayı yolla da olsa, AXCP-nin yanında yer alıblar. O da bəllidir ki, həmin qruplaşmalar arasında sosial zümrə kimi mövhumatçı çevrələr daha çox üstünlük təşkil edir. Dini icmalar adı altında bu gün Azərbaycanda 600-dən çox təşkilat var. Təəssüflər olsun ki, onların arasında radikal baxışlarına görə qeyri rəsmi şəkildə olsa da, fəaliyyət göstərənlər mövcuddur. Onların əsas istəyi isə, mövcud Konstitusiyanı dəyişdirərək ölkəmizdə "şəriət dövləti" qurmaqdır. İndi həmin radikal və mövhumatçı qruplaşmalar ölkəmizdə "siyasi islam" mövzusunu qabartmaq üçün AXCP-nin çətiri altında yaradılmış "Milli Şura"da təmsil olunurlar. Müşahidələrimizə görə, bir-birlərinə qarşı barışmaz mövqedə olan həmin mövhumatçı qruplar "Milli Şura"da tolerantlıq nümayiş etdirmək məcburiyyətində qalıblar. Çünki, əsas hədəf varlıqlarını gündəmə gətirməkdir. Misal. "Nardaran işi"nə görə həbs olunanların hüquqlarını müdafiə edənlər və Gəncədə terrorizmi rəsmiləşdirməyə çalışan "Hüseyniyyə" qruplaşması və digər çevrələr məhz "Milli Şura"nın ətrafında öz hədəfləri çərçivəsində bir araya gəliblər. Hələ bütün bunlar aysberqin görünən tərəfidir. AİP-in "Milli Şura"nın yanında yer alması və bu şəbəkənin ətrafındakı çoxsaylı icmalar da istənilən anda ölkəmizdə kütləvi şəkildə terrora, vətəndaş müharibəsinə meydan aça bilərlər. Çünki, AXCP və onun rəhbərliyinin merkantil maraqları məhz bu notlar üzərində köklənib.

8 oktyabrdakı iflas 19 oktaybrda da davam edəcək
Bu il oktyabrın 8-də paytaxt Bakının mərkəzində AXCP və onun yedəkçisi rolunda çıxış edən "Milli Şura" etiraz piketi ilə çıxış etdi. Əslində bütün diqqətləri özünə çəkmək üçün atılan bu addımlar istənilən effekti vermədi. Qanunla seçilmiş hakimiyyəti istefaya səsləmək üçün hər hansı bir arqumenti olmayan AXCP "Milli Şura" adı altında iflasa uğradı. Bütün bu məğlubiyyəti sindirə bilməyən, hikkəsindən, eqoizmindən və kibirli düşüncə tərzindən çatlamaq həddinə düşən Əli Kərimli bu dəfə 19 oktyabr tarixini seçib. Sosial şəbəkələrdə havadarları ilə birgə bu yöndə təbliğatlarını başladıb. Faciənin ən çox dəhşətsaçan tərəfi odur ki, bu dəfə AXCP və "Milli Şura"nın piket və mitinqlərində daha çox qadınların və qız-gəlinlərin iştirakı təbliğ olunur. Kişi kimi sinəsini irəli vermək və siyasi mübarizəsini aparmaq əvəzinə, Azərbaycan qadınlarının, qız-gəlinlərinin izzəti nəfsindən öz siyasi maraqları üçün istifadə edilməsi rəzaləti alçaqcasına atılan bir addımdır. 8 oktyabr piketi əslində AXCP və "Milli Şura"nın nə qədər rəzil olduğunu da isbatladı. Hər iki quruma dolayı yolla rəhbərlik edən Əli Kərimli və onun pensionerlərdən ibarət çetesi piket keçirilən məkanda görünmədilər. Ona görə də irəli sürdükləri tələblər havadan asılı qaldı. Çünki, həmin bəyanatda ölkəmizin problemlərinin köklü şəkildə həlli istiqamətində bircə dənə də olsun təkliflər yox idi. Bağırmaq, çığırmaq, təhqiramiz şüar səsləndirmək, insanların emosiyalarını gərginləşdirərək dövlətçiliyə qarşı yönləndirmək sanki, AXCP-Milli Şura cütlüyünün əsas məramıdır. Apardığımız müşahidələrə görə 19 oktyabr piketi də iflasa uğrayacaq. Çünki, artıq 8 oktyabr piketinə qatılanların çoxu ən acınacaqlı mənzərələrin şahidi oldular. İnsanları etiraza səslə, lider qismində isə bəlli olmayan ünvanlarda gizlən.
.jpg)
Sozalan payızın düşkünlüyü
Payız aylarında Ermənistan və Azərbaycanda müxalifətin aktivləşəcəyi barəsində hələ yay mövsümünün ortalarında qızğın müzakirələr gedirdi. İrəvanda müharibə partiyası, yəni hərbi xunta tərəfdarları, Bakıda merkantil müxalifət eyni anda hərəkətə keçərək Cənubi Qafqazda sabitliyi pozmaq üçün qəti addımlar atmalı idilər. Hər iki düşərgənin eyni nöqtədən idarə olunması barəsində müxtəlif yorumlar gündəmə gəlsə də, nəticə etibarı ilə Bakıda və İrəvanda hakimiyyətə "istefa" şüarlarının eyni motivi daşıması çox düşündürücüdür. Azərbaycanda bu missiyanı AXCP və Milli Şuranın rəhbəri olaraq Əli Kərimlinin öz üzərinə götürməsinin sirri bundadır. İndi dəyərli oxucularımızın özləri daxili səslərinin məntiqinə söykənərək qərarlarını versələr daha yaxşı olardı. Eyni nöqtə və mərkəzdən idarə olunan Ermənistan və Azərbaycandakı radikal müxalifətin siyasi baxışları necə də bir-birlərini tamamlayır. Məsələnin maraq doğuran tərəfi odur ki, İrəvanda müxalifətin adına "Daşnaksütyun Partiyası" və onun çevrəsindəki hərbi xunta tərəfdarları və radikal siyasəti gündəmə gətirməyə çalışanlar, Azərbaycanda müxalifət adına mövhumatçıları bir araya gətirərək mövcud Konstitusiyanı dəyişdirərək "şəriət dövləti" qurmaq istəyənlər bir-birlərinə çox bənzəyirlər. Çünki, daşnaklar da müharibə tərəfdarı kimi çıxış edirlər, radikal dini qruplaşmalar "cihad" adı altında silahlı mübarizə siyasətinin yanında yer alıblar. Ermənistandan fərqli olaraq, Azərbaycanda durum xeyli dərəcədə fərqlidir. Çünki, dövlətin güvənliyi naminə yetərincə imkanları vardır. Bununla yanaşı, Azərbaycan xalqı heç bir zaman radikalların ardınca getməyib. Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Bununla yanaşı, ölkəmizdə son illərdə aparılan islahatlar, yeni nəsil idarəetmə düsturunda yer alan menecer texnokratiyanın inkişafı böyük inqilabi dəyişikliklərə yol açıb. Təbii olaraq yeni prosesin daha da canlanması üçün zaman gərəkdir. Təhsil, sosial və ictimai proseslərdə demokratikləşmənin inkişafı isə artıq göz önündədir. İqtisadi inkişafın və sosial rifahın ötən illərdən fərqli olaraq artım tempi də göz önündədir.
Payızın sozalan çağında müxalifət adına AXCP-Milli Şura cütlüyünün bir araya gələrək cəmiyyətdəki inkişaf dinamikasına qarşı çıxaraq sabitliyi pozmaq cəhdləri ancaq onların özünə bumeranq kimi təsir edəcək. Beləliklə də payızın sozalan yarpaqları kimi tarixin arxivinə gömülmək kimi komaya düşmüş vəziyyətdə qalacaqlar. Bunu biz demirik və həyatın öz təbii ehtiyaclarından yaranan mühit təsdiq edir.
Ə. Yusifoğlu