MDB-yə üzv dövlətlərin nazirləri Bakıya toplaşdı
MDB-yə üzv dövlətlərin nazirləri Bakıya toplaşdı
14 Oktyabr 2019 12:07 SiyasətBakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. Həmin dövlətlərin aidiyyəti qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır. "Olaylar" xəbər verir ki, iclasın açılışında Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə mötəbər tədbirin məkanı kimi seçildiyini qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb.