Naxçıvan sazişinin 10 illik yubileyi qeyd olunub
Naxçıvan sazişinin 10 illik yubileyi qeyd olunub
11 Oktyabr 2019 14:11 SiyasətMilli Məclisdə "Naxçıvan Sazişi - 10 il" mövzusunda beynəlxalq konfrans keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzaladı. Keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır. Ziyafət Əsgərov diqqətə çatdırdı ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlığımız inkişaf etdi və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcəkdir. Bildirdi ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlamışdır. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olundu ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 10 ildə bu təşkilatın ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranmışdır. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr vermişdir. Bu il oktyabrın 14-də və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana ötürüləcəkdir. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu. Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik etdi. Qeyd etdi ki, Özbəkistanın bu şuraya qoşulmasının Naxçıvan sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır.
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirdi ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olmuşdur. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan vermişdir. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olmuşdur. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Baş katib bildirdi ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.