Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib- RƏYLƏR
Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib-RƏYLƏR
11 Oktyabr 2019 14:03 Siyasət"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib"
Məlumdur ki, Prezident Rəcəb Tayyip Ərdoğan Türkiyə ordusunun Suriyada yeni hərbi əməliyyata başladığını elan edib. Artıq "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatından sonra başlayan 3-cü əməliyyat "Sülh çeşməsi" adı ilə həm hava, həm də qurudan aparılmaqdadır. Məqsəd Türkiyə ilə sərhəddə yerləşən YPG silahlı qruplaşmasını sarsıtmaq və 30 kilometrlik təhlükəsizlik zonası yaradaraq, Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını orda yerləşdirməkdir. Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrimnin Suriya ərazisindəki terror qruplaşmalarına qarşı gerçəkləşdirdiyi "Barış Pınarı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 277-yə çatıb. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasında bildirlir ki, ötən gecə boyunca həyata keçirilən əməliyyatı zamanı daha 49 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Müdafiə Nazirliyi "Barış Pınarı" əməliyyatı başlayandan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayının 277 nəfər olduğunu bəyan edib. Maraqlıdır, Suriyada hərbi kontingentləri olan ABŞ və Rusiyanın bu məsələyə münasibəti necə olacaq? Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq oluna bilərmi? Millət vəkili Elman Nəsirov Türkiyənin atdığı bu addımı sırf təhlükəsizlik maraqlarından irəli gələn məsələ hesab edib: "Bu ilk belə hal deyil. Artıq üçüncü dəfədir ki, Türkiyə Suriyanın şimalında Fərat çayının şərqində analoji addımlar atır. Bu addımı atmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, "Bizim həm də əsas hədəfimiz odur ki, Türkiyənin suverenliyi, bütövlüyü qorunsun. Yəni Türkiyənin Suriyada hər hansı ərazi iddiası yoxdur . Suriyada yuva salmış terrorçu qruplaşmalar tam ləğv edilməyənədək Türkiyə bu siyasətinə sadiq qalacaq. Bu yanaşma ABŞ və Rusiya ilə münasibətlərdə gərginlik yaradır. Xüsusilə, Türkiyə və ABŞ-ın Suriyanın şimalındakı PKK terror təşkilatının qanadı olan kürd silahlı birləşmələrinə münasibətdə 180 dərəcə fərqli mövqeyi var. Türkiyə hesab edir ki, PKK ilə Suriyadakı kürd birləşmələrinin heç bir fərqi yoxdur. Əslində onlar PKK-ın qanadlarıdır. PKK-nı isə bütün dünya, eyni zamanda ABŞ beynəlxalq terror təşkilatı kimi tanıyır. Belə olan vəziyyətdə Suriyadakı həmin o terror qruplaşmlarına niyə ABŞ və beynəlxalq birlik tərəfindən analoji qiymət verilmir, beynəlxalq terror təşkilatı kimi baxılmır? Bu məsələdə xeyli fərqli mövqe var. ABŞ hesab edir ki, onlar terrorçu deyillər, İŞİD-ə qarşı mübarizə prosesində iştirak edərək ABŞ-ın müttəfiqi rolunu oynayırlar. Rusiya da Türkiyənin bu addımlarını diqqətlə izləyir. Rusiya ehtiyatlanır ki, Türkiyənin bu mövqeyi beynəlxalq terrorizmə qarşı mübarizə addımlarını aşa bilər. Türkiyə öz mövqelərini Suriyada möhkəmləndirər və Suriya ərazisindən uzunmüddətli strateji planını həyata keçirə bilər. Lakin hər haldaTürkiyə tərəfi bu məsələdə qətiyyətlidir. ABŞ tərəfinə izah edilməlidir ki, Ankaranın addımının arxasında heç bir strateji niyyət yoxdur. Türkiyə üçün yeganə məqsəd təhlükə olacaq beynəlxalq terrorizm yuvasını məhv etməkdir".
Millət vəkili, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, hər gün qarşılaşdığı terror aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin birdəfəlik həll edilməsi üçün qardaş Türkiyə bu dəfə terrorçulara qarşı daha genişmiqyaslı əməliyyata start verdi: "Türkiyənin üstünə kabus kimi çökən terrordan azad olmaq üçün prezident Rəcəb Tayib Ərdoğan öz ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini ortaya qoydu. Rəcəb Tayyib Ərdoğan açıq-aşkar ifadə etdi ki, Türkiyəni müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə iqtisadiyyatını çökdürmək istəyirlər. Aydın məsələdir ki, belə olan halda antiterror əməliyyatları aparmaq qaçılmazdır. Türkiyə ya erməni əsilli PKK terror təşkilatının təxminən qırx il ərzində ölkədə yaratdığı kabusa, təhdidlərə dözməli, ya da bu problemi kökündən həll etməli idi. Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı Türkiyə Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır. Məqsəd isə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən sərhədboyu ərazidə təhlükəsizlik bölgəsi yaratmaq üçün ərazini terrorçulardan təmizləməkdir. Bununla bağlı Türkiyənin Prezidenti Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatlar davam etdirəcəyini bildirib".
Onun sözlərinə görə, yaxşı gündə də, çətin gündə də Türkiyənin yanında olan Azərbaycan Respublikası terrora qarşı mübarizələrdə daim qardaş ölkəni dəstəkləyib: "Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Tarix boyu hər iki ölkə arasında davam edən qardaşlıq, dostluq münasibətlər o səviyyyə çatıb ki, bunun əksini düşünmək belə mümkün deyil. Türkiyə kimi Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, Ermənistan Respublikası əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan terror hücumlarına məruz qalıb. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Əsas hədəfləri Türkiyə və Azərbaycan olan dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir birinə dəstək və arxadır. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan qardaş ölkənin atdığı addımları və siyasəti birmənalı olaraq dəstəkləyir. Türkiyənin və Dağlıq Qarabağın erməni əsilli terrorçulardan təmizlənəcəyi, zəfər müjdəsinin bayram ediləcəyi gün uzaqda deyil".
Alim
Olaylar.az